Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitri sünnələr

Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq"[1].

Zəkəriyyə ibn Əbu Zaidə, Musab ibn Şeybədən, o da Talq ibn Həbibdən, o da İbn Zubeyrdən, o isə Aişədən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini nəql edir: "On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqalı uzatmaq, misvakdan istifadə etmək, burunu su ilə yaxalamaq, dırnaqları tutmaq, oynaqları yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerləri qırxmaq, subaşından sonra daş ilə təmizlənmək". Zəkəriyyə deyir: Musab deyirdi ki, onuncusunu isə unutmuşam. Yəqin ki, ağızı su ilə yaxalamaq olar[2].

Sünnət olunmaq:
Sünnət kişi və qadınlara[3] vacib olan əməllərdən sayılır. Çünki bu müsəlmanların bir əlamətidir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenicə İslamı qəbul etmiş bir kişiyə demişdir: "Üstündən küfr əlamətini sil at, sünnət et"[4].
Sünnət etmək İbrahim peyğəmbərin şəriətindəndir. Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "ər-Rəhmanın Xəlili (dostu) İbrahim, səksən yaşından sonra sünnət etmişdir"[5]. Allah təala Peyğəmbəri Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xitabən demişdir: "Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik."[6]
Uşağı yeddinci günündə sünnət etmək müstəhəbdir (daha yaxşıdır).
Demək, Cabir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yeddinci gün Həsən və Hüseynin əqiqini[7] (qurbanını) kəsib, sünnət etdi[8].
İbn Abbas (Allah ondan razı olsun) isə deyir ki, yeddi günlük uşaq üçün yeddi sünnə var: "Uşağa ad verilir, sünnət olunur..."[9] Hər iki hədisin zəif nöqtələri olmasına baxmayaraq, onlar bir-birlərini gücləndirirlər. Belə ki, hər iki hədisin kökü müxtəlifdir və sənədində yalançılıqda ittiham olunan rəvayətçi yoxdur.[10]

Saqqalı uzatmaq:
Saqqalı uzatmaq vacib, qırxmaq isə haramdır. Çünki onun qırxılması Allahın yaratdığı sürəti dəyişməkdir. Bu əməl şeytanın Quranda vəsf olunan hiylələrindəndir: "Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!"[11]
Saqqalın qırxılması özünü qadınlara bənzətmək sayılır. Halbuki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünü qadınlara bənzədən kişiləri lənətləmişdir".[12]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) saqqalın uzadılmasını əmr etmişdir. Hamımızın bildiyi kimi, onun əmri həmin əməlin vacib olmasına dəlalət edir.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Atəşpərəstlərə müxalif olaraq, bığlarınızı kəsin, saqqalınızı uzadın"[13].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət edib deyir: "Müşriklərə müxalif olaraq, saqqallarınızı uzadıb, bığlarınızı qısaldın"[14].

Misvakdan istifadə etmək:
Misvakın hər an istifadəsi müstəhəbdir (bəyənilən haldır). Amma bəzi hallarda daha müstəhəb (daha gərəkli) olur:
1.Dəstəmazdan öncə:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim»[15].
2. Namazdan öncə:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər namazdan öncə misvakdan istifadə etməyi əmr edərdim"[16].
3. Quran oxumazdan əvvəl:
Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) misvakdan istifadə etməyi bizə əmr edib dedi: "Bəndə qalxıb namaz qılanda bir mələk gəlib onun arxasında dayanar, ona yaxınlaşıb oxuduğu Quranı dinləyər. O qulaq asa-asa o qədər yaxınlaşar ki, hətta onunla ağız-ağıza gələr. Oxuduğu hər bir ayə Mələkin batininə gedər"[17].
4. Evə daxil olarkən:
Miqdad ibn Şureyh atasından rəvayət edir. Demək, atası deyir ki, mən Aişədən (Allah ondan razı olsun) soruşdum ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) evinə daxil olanda ilk işi nə olardı? Aişə: Misvakdan istifadə edərdi.[18]
5. Gecə oyanarkən:
Huzeyfə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təhəccüd namazını qılmaq üçün qalxanda ağzını misvakla təmizləyərdi[19].

Ağ saçları yolmağın məkruhluğu (bəyənilməməsi):
Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Dən düşən saçlarınızı yolmayın. Müsəlmanın İslamda ağaran saçları, qiyamət günü onun üçün nur olacaqdır"[20].

Ağ saçları qara rəngə boyamağın haram, xına, kətəm[21] və bu kimi boyağlarla rənglənməsinin isə icazəli olması:
Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Saçınıza düşən dənləri gizlətmək üçün ən yaxşı üsul xına və ya kətəmlə boyanmasıdır"[22].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Yahudi və xaçpərəstlər (dən düşmüş) saçlarını boyamırlar. Siz onlara müxalif olun"[23].
Cabir (Allah ondan razı olsun) deyir ki, Məkkənin fəthi günü Əbu Quhafəni gətirdilər, onun saç-saqqalı düm ağ idi. Bunu görən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onun dən düşmüş saçlarını, qara rəngdən başqa, istənilən boyağ ilə rəngləyin"[24].
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Bir dəstə insan axır zamanda saçlarını, göyərçinin sinəsi kimi, qara rəngə boyayacaqlar. Onlar cənnətin iyini duyan deyillər"[25].

_____________________________________________________________
[1] Buxari: 10/ 334/ 5889. Müslim: 1/ 221/ 257. Əbu Davud: 11/ 252/ 418. Tirmizi: 4/ 184/ 2905. Nəsai: 1/ 14. İbn Macə: 1/ 107/ 292.
[2] Hədis həsəndir: Səhih Müslimin müxtəsəri: 182. Müslim: 1/ 223/ 261. Əbu Davud: 1/ 79/ 52. Tirmizi: 4/ 184/ 2906. Nəsai: 8/ 126. İbn Macə: 1/ 108/ 293.
[3] Bu rəy müəllifin öz görüşüdür. Çünki bəzi rəylərə görə qız uşaqlarının sünnət olunması icazəlidir (tərc.).
[4] Hədis həsəndir: Səhih əl-Cami: 1251. Əbu Davud: 2/ 20/ 352. Beyhəqi: 1/ 172.
[5] Buxari: 11/ 88/ 6298. Müslim: 4/ 1839/ 370.
[6] ən-Nəhl: 123.
[7] Əqiq/ qurbanın bir növüdür. Belə ki/ uşaq doğulduğuna görə Allaha şükr əlaməti olaraq oğlan üçün iki/ qız uşağı üçün isə bir qoç kəsilir (tərc.).
[8] Mucəmus Sağir/ Təbərani: 2/ 122/ 891. Təmamul Minnə: 68.
[9] Müsnəd Təyalisi: 1/ 334/ 562. Təmamul Minnə: 68.
[10] Təmamul Minnə: 68.
[11] ən-Nisa: 119.
[12] Hədis səhihdir. Səhih əl-Cami: 5100. Buxari: 332/ 5885. Tirmizi: 4/ 194/ 2935.
[13] Hədis səhihdir: Səhih Müslimin müxtəsəri: 181. Səhih Müslim: 1/ 222/ 260.
[14] Buxari: 10/ 349/ 5892. Müslim: 1/ 222/ 259.
[15] Hədis səhihdir. Səhihul Cami: 5316. Əhməd əl-Fəth ər-Rəbbani: 1/ 294/ 171.
[16] Buxari: 2/ 374/ 887. Müslim: 1/ 220/ 252. Tirmizi: 1/ 18/ 22. Nəsai: 1/ 12. Buxarinin rəvayətində/ "hər namazla bərabər" – deyilir.
[17] Səhih liğeyrihi (yəni/ başqa rəvayətlərə əsasən səhih hökmünü almışdır). Silsilətul Əhədisus Səhihə: 1213. Beyhəqi: 1/ 38.
[18] Hədis səhihdir. Səhih İbn Macə: 235. Müslim: 1/ 220/ 253. Əbu Davud: 1/ 86/ 58. İbn Macə: 1/ 106/ 290. Nəsai: 1/ 13.
[19] Buxari: 1/ 356/ 245. Müslim: 1/ 220/ 255. Əbu Davud: 1/ 83/ 54. Nəsai: 1/ 8. Hədis Müslimin tərtibatına görə verilmişdir. Digərlərinin tərtibatında isə/ "gecə qalxarkən" - deyilir.
[20] Hədis səhihdir. Səhihul Cami: 7463. Əbu Davud: 11/ 256/ 4184. Nəsai: 8/ 136.
[21] Kətəm: Yəməndə yetişən bitki adıdır. Bu bitkidən boya kimi istifadə edirlər. Onun boyalıq rəngi, qaraya çalan tünd qırmızı olur (tərc.).
[22] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 1546. Əbu Davud: 11/ 259/ 4187. Tirmiz: 3/ 145/ 1806. Nəsai: 8/ 139. İbn Macə: 2/ 1196/ 3622. Hədisin tərtibatı İbn Macənindir.
[23] Buxari: 10/ 354/ 5899. Müslim: 3/ 1663/ 2103. Əbu Davud: 11/ 257/ 4185. Nəsai: 8/ 137.
[24] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 418. Müslim: 3/ 1663 - 69/ 2102. Əbu Davud: 11/ 258/ 4186. Nəsai: 8/ 138. İbn Macə:2/ 1197/ 3624.
[25] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 8153. Əbu Davud: 11/ 266/ 4194. Nəsai: 8/ 138.


Tarix: 02.05.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqlı melumatlar
loading...