Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybətin hökmü

Heç bir şəkk-şübhə yoxdur ki, qeybət bütün müsəlman icmasının rəyinə görə haramdır. Kitab və sünnədə onun haram olmasına dəlalət edən bir çox açıq dəlillər var. (Nəvəvinin “əl-Əzkər”-nə bax! Səh; 289)

Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!”. (ən-Nisə, 148) “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”. (əl-Hücurat, 12) Allah taala buyurur: “Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!”. (əl-Huməzə, 1) “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır”. (Qaf, 18) başqa bir ayədə isə Uca Allah belə buyurur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra, 36)
Qeybət dilin törətdiyi ən təhlükəli bəlalardan biridir. Əbu Hureyrənin rəvayət etdiyi hədisdə peyğəmbər (s) qeybəti belə başa salır: “Siz bilirsiniz qeybət nədir?” Dedilər: Allah və rəsulu daha yaxşı bilir. Dedi: “Müsəlman qardaşının xoşuna gəlmədiyi bir şeyi onun haqqında danışmaqdır”. Dedilər: Əgər müsəlman qardaşımda həmin xislət varsa necə? Dedi: “Əgər dediklərin onda varsa qeybət etmiş olarsan. Əgər dediklərin onda yoxdursa, onda ona böhtan atarsan”. (Müslim, 4/2000. Nəvəvi “Müslim”i şərh edərkən 16/142)
Ənəs bin Məlik rəvayət edir ki, rəsulullah (s) buyurur: “Meracda olarkən dırnaqları ilə öz üzlərini və sinələrini cıran bir qövmün yanından keçdim. Cəbraildən onların kim olmasını soruşduqda mənə cavab verdi: onlar insanların ətlərini yeyən və namuslarına toxunanlardır”. (Əbu Davud 4/269 “Övnul Məbud” 13/223 Şeyx Əbdulqadir Ərnavut bu hədisin həsən hədis olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami” 5/51)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz, dönük çıxmaz. Bir müsəlmanın digər müsəlmana namusu, malı və qanı haramdır. Təqva məhz buradadır. Bir müsəlman digər müsəlmanı təhqir etməklə şərə rəvac vermiş olur”. (Müslim 4/1984 Əbu Davud 4/273 Tirmizi 4/325)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan başqa bir hədisdə rəsulullah (s) buyurur: “Bir-birinizə həsəd aparmayın, bir-birinizlə düşmənçilik aparmayın, bir-birinizə arxa çevirməyin! Biriniz digərinizin ticarətinə mane olmasın! Allahın qardaş qulları olun! Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, dönük çıxmaz, təhqir etməz. Təqva məhz buradadır”. (Müslim 4/1986 Tirmizi 4/325)
Şübhə yoxdur ki, ölmüş müsəlmanın qeybətini etmək diri olan müsəlmanın qeybətini etməkdən daha çirkin və daha günahdır. Çünki, qeybətin etdiyin diri insan bağışlaya və halallıq verə bilər, ölü isə yox. (Bax: Əbu Davudun “Sünən”inin şərhi “Övnul Məbud” 13/224) Aişədən rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Ölünüz öldükdə onun üçün dua edin, qeybətin etməyin!” (Əbu Davud 4/275 bax: “Səhih əl-Cami” 1/279 Albaninin “Səhih hədislər toplusu” 285)
Əbu Bərza əl-Əsləmidən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: “Ey dili ilə iman gətirib lakin, qəlbinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin, onların qüsurlarını axtarmayın! Kim onların qüsurlarını axtarmağa çalışsa Allah onun qüsurunu aşkara çıxarar. Allah qüsurun aşkara çıxardığı kimsəni isə evində rusvay edər”. (Əbu Davud 4/270 Əhməd 4/421,424 bax: Albaninin “Səhih əl-Cami” 6/308 rəqəm 3549)
Qeyd olunan hədisdə vurğulanır ki, müsəlmanın qeybətini etmək möminə yaraşmayan hərəkət, münafiqin isə şüarıdır. Həmçinin, hədisdə bildirilir ki, müsəlmanların eyiblərini axtaran insanların eyiblərini Allah aşkara çıxarar və eyibləri ailəsində ona göstərər. (Əbu Davudun “Sünən”inin şərhi “Övnul Məbud” 13/224) Həqiqətən də, güc və qüvvət Allaha məxsusdur.
Mustəvrad bin Şəddad (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Kim müsəlmandan bir parça yesə, Allah taala Cəhənnəmdə o kəsə yediyinə oşxar bir şey yedizdirər. Kim müsəlmanda olan palrarı geyinsə, Allah taala Cəhənnəmdə o kəsə geyindiyinə oxşar geyim geydirər. Kim başqasına eşitdirmə və göstərmə məqsədi güdərək bir şey edərsə, Allah Qiyamət günü o kəsə etdiyinə oxşar münasibət göstərər”. (Əbu Davud 4/270 Əhməd 4/229 Hakim onu səhih hesab etmişdir. Bax; “Səhih hədislər toplusu” 2/643 rəqəm 934) Bu hədisdə müsəlmanın qeybətini etməklə onun ətini yeyən, ona xəyanət etməklə paltarını geyinən insanlara Allah taala cəhənnəmdə oddan yedizdirər, geyindirər. Çünki, hər bir əməlin cəzası etdiyi əməl müqabilindədir. (Bax; “Övnul Məbud” 13/225) Allah hər şeyin ən yaxşı bilənidir.
Usəmə bin Şureyk (Allah ondan razı olsun!) rəvayət edir ki, bədəvilər heç bir günah olmayan şeylər barəsində peyğəmbərin (s) yanına gəlib “bunu etməkdə bizim üçün günah varmı?” deyirdilər. Peyğəmbər (s) isə onlara belə cavab verdi: “Ey Allahın qulları, Allah taala günahı müsəlman qardaşının namusuna toxunan insanın boynuna yazar. Bu, günah və həlaka uğramaqdır”. (Əhməd 4/278 Hakim 4/199, 4/499 İbn Macə 2/1137 Əbu Davud 2/211 Albani hədisin səhih olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami” 6/294)
Səid bin Zeyd rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Sələmin ən pisi haqsız olaraq müsəlmanın şərəfinə dil uzatmaqdır”. (Əbu Davud 4/269 Əhməd 1/190 bax; “Səhih əl-Cami” 2/442)
Peyğəmbər (s) bəyan etdi ki, sələmin ən pisi müsəlmanı təhqir etmək, alçaltmaq, söymək və sairlə onun şərəfinə dil uzatmaqdır. Çünki, şərəf, ləyaqət və namus insana mal-dövlətdən daha əziz və qiymətlidir.
Rəsulullah (s) sələmi iki növə bölür: birincisi, borclu olan tərəfdən malın artıq hissəsini almaqdır. Ikincisi isə, haqsız olaraq müsəlmanın şərəfinə, namusuna dil uzatmaqdır ki, bu da daha böyük günah və daha zərərli bir əməldir. (Bax “Övnul Məbud” 13/222) Haqlı olaraq danışmağa gəldikdə isə, elm əhlinin qeyd etdiyi şərtlər olarsa bu, caizdir. Qeybətin caiz olan hissəsini inşallah qeyd edəcəyik.
Əbu Hureyrənin rəvayətində bildirilir ki, rəsulullahın (s) yanına bir nəfər gəlir və ondan (s) zinadan təmizlənməyi istəyir. Istədiyini dörd dəfə təkrar etdikdən sonra rəsulullah (s) ondan soruşur: “Sən zina etdin?” O cavabında “bəli” deyir. Rəsulullah işi dəqiq öyrəndikdən sonra həmin adamın daşqalaq edilməsini əmr edir. Daha sonra rəsulullah (s) iki kişinin söhbətini eşidir. Biri digərinə deyir: “Gördünmü, o adamın etdiklərini? Sonra da onu iti daşqalaq edən kimi daşqalaq etdilər”. Peyğəmbər (s) yaxınlıqda olan uzunqulağı görür və deyir: “Fılankəs və fılankəs haradadır? Gedin, o uzunqulağı kəsin yeyin!” Onlar dedilər: Ey Allahın rəsulu, Allah səni bağışlasın, bunun əti yeyilərmi? Rəsulullah (s) buyurdu: “Haqqında danışdığınız qardaşınızın qeybətin etmək onu yeməkdən daha şiddətlidir. Nəfsim əlində olana and olsun ki, o, indi Cənnət çaylarında yuyunur”. (Əbu Davud 4/148 ,Beyhəqi 8/227, İbn Kəsir 4/216)
Cundub bin Abdulla (Allah ondan razı olsun!) buyurur ki, rəsulullahın (s) belə dediyini eşitdim: “Kim eşitdirmək məqsədi güdərsə, Allah Qiyamət günü ona eşitdirər”. Həmçinin, rəsulullah (s) buyurur: “Kim özünü yararsa, Allah Qiyamət günü onu yarar”. Səhabələr dedilər: “Bizə tövsiyə et!” Rəsulullah buyurdu: “Insanda çürüyən ilk şey onun qarnıdır. Kim yalnız gözəl olan şey yeməyi bacarırsa, onu etsin!” (Buxari “Fəth” 13/128) Hədisdə müsəlmalara böhtan atmaq, onların barəsində pis sözlər işlətmək, onların eyiblərin axtarmaq onlara əllə və dillə əziyyət vermək və bu kimi əməllərin qadağan edilməsi nəzərdə tutulur. (“Fəthul Bari” 13/130)


Tarix: 17.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Maraqlı melumatlar
loading...