Buxari və Müslimin, Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiklərinə görə, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Bax heç kim özünə toxunan bir zərərdən ötrü ölümü istəməsin. Əgər özünü ölümü istəməkdən kənar tuta bilmirsə belə desin: Ya Rəbbim, yaşamaq mənə xeyirli olana qədər məni yaşat, ölümüm mənə xeyirli olan vaxt ruhumu al”.
Müslimin Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayətinə görə, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Heç biriniz əsla ölümü istəməyin, ölüm gəlmədən də gəlməsi üçün dua etməyin. Çünki, sizdən biriniz öldüyü vaxt əməli kəsilər. Həm də möminin ömrü özünə xeyirdən başqa bir şeyi artırmaz”.
Buxari və Nəsai Əbu Hüreyrədən (Allah ondan razı olsun), o da Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət ediblər: “Bax ha, heç biriniz ölümü istəməsin. Əgər o, yaxşı insandırsa ola bilsin yaxşılığını artırar. Əgər pis insandırsa ola bilsin ki, pisliyini tərk edər”.
Cabirdən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Ölümü istəməyin. Çünki, ölümdən sonra, axirətə çıxışın qorxuncluğu çox şiddətlidir. Həm də Allah, insana tövbə və doğru yola yönəlməyi nəsib edənə qədər ömrünün uzanması xoşbəxtçilikdir”.
Buxari və Müslimin rəvayətinə görə, Ənəs (Allah ondan razı olsun) belə buyurmuşdur: “Əgər Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ölümü istəməyi qadağan etməsəydi, ölümümüzü istəyərdik”.
Buxari Qeys bin Əbu Həzmdən (Allah ondan razı olsun) belə nəql etmişdir: “Həbbabın (Allah ondan razı olsun) yanına getdik. Onu ziyarət etdik. Xəstə idi, yeddi dağla dağlanmışdı. Bizə dedi: “Əgər Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizi ölümü istəməkdən qadağan etməsəydi, ölümü istəyəcəkdim”.
Mərvizi, Müaviyənin köləsi Qasımdan (Allah ondan razı olsun) rəvayət edir ki, Səd bin Əbu Vəqqas (Allah ondan razı olsun) Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) eşidəcəyi bir tərzdə ölümü istədi. Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) ona belə buyurdu: “Ölümü istəmə, əgər cənnət əhlindənsənsə yaşamaq sənə daha xeyirlidir, əgər cəhənnəm əhlindənsənsə, niyə ona doğru qaçırsan?”.
Xatib, tarix kitabında İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edir: “Heç kim ölümü istəməsin. Çünki, özünə nə hazırlandığını (yəni başına nə gələcəyini) bilməz”.
Tarix: 08.04.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar