ABŞ dollarının üzərindəki möhürlər, işarələr, simvollar haqqında çox danışılıb. Onlarla bağlı hətta sui-qəsd nəzəriyyələri irəli sürülüb. Amma onların hansının doğru, hansının səhv olduğu hələ də müzakirə edilir. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Son vaxtlar bir dollarlıq əskinasların üzərində təsvir olunmuş yarımçıq piramida, 13 rəqəmi, bir qanadı ilə zeytin budağı, o birisi ilə ox tutan Amerika qartalı, göz bir çox ehtimalların meydana çıxmasına səbəb olub. Bəzilərinə görə bunlar Mason Lojasının, başqalarına görə isə satanizmin simvollarıdır. Bu baxımdan amerikalı tarixçilər tərəfindən bu simvolların izahı daha inandırıcı görünür.
Onların fikrincə, əskinasın üzərindəki yarımçıq piramida təsviri mütləq gücün simvolu, eyni zamanda kosmosa açılan qapıdır. Amerika cəmiyyətinin piramida kimi qurulması mənasını verir. Natamam piramidanın pilləkənlərinin sayı 13 ədəddir. Bu, çox ehtimal ki, o dövrdə Amerikanı yaradan müstəmləkələrin sayını göstərir. Eyni zamanda, bu rəqəmin ölkəni idarə edən 13 ailəni simvolizə etdiyi iddia edilir.
Tədqiqatçıların digər ehtimallarına görə, əskinas üzərindəki ox və zeytun budağı tutan qartal ABŞ-ın dünyaya mesajıdır: «Sülh istəyirik, lakin lazım gələrsə, vuruşacağıq». Qartal isə sürətin və çevikliyin rəmzidir.
Qeyd edək ki, ABŞ iki böyük möhürdən istifadə edir. Sülh zamanında qartal zeytun budağına, müharibə vaxtı isə oxlara baxır. Latın dilində «ANNUIT COEPTİS» sözü əskinasdakı göz təsvirinin üzərində və qartalın qalxanında yer alıb. Onu da qeyd edək ki, piramidanın zirvəsində yerləşdirilmiş gözün «hər şeyi görən göz» mənası verdiyi ehtimal edilir ki, bu da ABŞ-ın günümüzdəki mövqeyini çox yaxşı əks etdirir. Eyni zamanda, onun hələ 1776-cı ildə düşünülməsi xüsusi əhəmiyyət daşıyır.
Tarix: 26.11.2014 / 13:15 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Melumatlar