Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən böyük terror aktları

Terror dedikdə siyasi məqsəd güdərək mülki şəxsləri hədəfə alan şiddət, zorakılıq halları nəzərdə tutulur. Bəri başdan qeyd edək ki, statistika rəsmi məlumatlara əsasən tərtib edilib. Qeyri rəsmi məlumatlar və faktiki vəziyyət fərqli ola bilər.

2001-ci il, ABŞ. Ölüm, xəsarət və maddi ziyana görə Nyu Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında şəriksiz liderdir. Yaxın tarixdə baş vermiş bu hadisədən çox danışıldığı üçün uzun-uzadı söhbət açmaq yersiz olardı. Sadəcə onu demək kifayətdir ki, terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib.

23 oktyabr 1983, Livan. “Mercedes Unimog” markalı su daşıyan avtomobil səhər saat 6 radələrində Beyrut aeroportu yaxınlığında yerləşmiş Amerika bazasına tərəf irəliləyir. Avtomobili tanıyan əsgərlər qapını açırlar. Avtomobil heç bir maneə olmadan 3 nəzarət buraxılış məntəqəsini keçir və qadağan olunmuş əraziyə – tikanlı məftillərlə əhatə olunmuş kazarmaya tərəf yönəlir. Əsgərlər atəş açsa da artıq gec idi. Sürücü avtomobili 400 amerikan əsgərinin yatdığı kazarmaya çırpır. Təqribən 20 saniyə sonra fransız sülhməramlılarına qarşı da eyni tip hücum təşkil edilir. Aksiya nəticəsində 241 amerikan və 60-dan çox fransız əsgər məhv olur – ümumilikdə 309 nəfər. Hadisə zamanı 75 nəfər də yaralanır. Bu hadisə amerikan vətəndaşlarına qarşı ölkədən kənarda baş verən ən böyük hücumdur.
Fransada həmin gün matəm elan olunur, hadisə geniş əks səda doğurur. Hücumu İranın təhriki ilə Hizbullah və Pasdaranın (Sepahe pasdarane enqelabe islami — İslam inqilabı keşikçiləri Korpusu) birgə təşkil etdiyi iddia edilir. Xilasetmə işlərinə cəlb olunan əsgərlər də Hizbullah snayperlərinə tuş gəlirlər. Bununla da qurbanlarının sayı artır.
Cənub qonşumuz İran özü də terrordan əziyyət çəkmişlər sırasındadır. Bu ölkədə ən böyük terror aktı 19 avqust 1978-ci ildə törədilib.
Şah rejimi ölkədə vəziyyətin böhran həddinə çatdığını görərək 1979-cu ilin iyulunda tam demokratik seçkilər keçirəcəyinə söz verib kütləni bir qədər sakitləşdirir. Lakin bu vəziyyət bir il sonra İranda hakimiyyətə gələcək mollalara sərf etmirdi. Hər nə yolla olsa xalqı şahdan narazı salmaq lazım idi. Nəhayət islam pərdəsi altında gizlənənlərin köməyinə terror çatır. Mollalar niyyət vasitəyə bəraət qazandırır prinsipi ilə hərəkət edərək Abadan şəhərindəki Reks kinoteatrını hədəf alırlar. Film nümayişi zamanı qapılar çöldən möhkəm bağlanır və binaya əvvəlcədən yerləşdirilmiş kerosin çəlləklərinə od vurulur. Hadisə zamanı heç kəs çölə çıxa bilmir. Əksəri qadın və uşaq olan 477 tamaşaçı yanaraq və ya boğularaq həyatını itirir. Yanğınsöndürənlər hadisə yerinə gəldikdə artıq gec idi.
“nouvelobs.com”un xəbərinə görə, hadisədən bir-neçə saat sonra İmam Xomeyni belə bir bəyanat yayır: “İnsanlığa və islama zidd olan bu davranışın şahın rəqibləri ilə heç bir aidiyyəti yoxdur”.
Şahın zamanında başlanan istintaq qrupu hadisədə İmam Xomeyninin təşkil etməsi versiyasını irəli sürür. Xomeyni o zaman İraqda mühacirətdə idi. Hökumət onu gətirsə belə Ayətullah titulu olduğu üçün onu heç bir məsuliyyətə cəlb etmək mümkün olmayacaqdı. Digər tərəfdən imamın bu cinayətdə adının hallanması şah rejiminin süqutunu sürətləndirə bilərdi. Bu səbəbdən də Xomeyni versiyası arxivə qoyuldu. İstintaqa ifadə verənlərdən biri isə hadisə zamanı mollalardan birinin qapıları çöldən bağlamasını, digər 2 nəfərin isə içəridə kerosin bidonlarına od vurduğunu bildirdi. Bu üç nəfərdən isə yalnız biri güclü yanıq xəsarəti ilə qurtula bilib.
İslam inqilabının qələbəsindən sonra bu cinayət yenidən gündəmə gəlir. Bu dəfə də islam məhkəməsi bütün günahı Hüseyn Təkbəlizadə adlı fəhlənin üzərinə qoyur. Məhkəmə “tamaşa”sında o, bu terroru Savakın (şahın siyasi polisi, Gestapo ilə müqayisə edilə bilər) göstərişi ilə törətdiyini bildirdi. Prosesdən sonra Təkbəlizadə dərhal edam olunur və iş bağlanır. Artıq inqilabçılar istəklərinə çatmışdı.
Fransada mühacir həyatı yaşayan Cavad Bişetab isə hadisənin ideya müəllifi kimi İmam Camini göstərir. Bişetaba görə Abadan şəhərinin imamı olan Cami kerosin bidonlarının teatra gətirilməsini də təşkil edib.
Bəs bu sözdə islam keşikçilərini qeyri islami davranışa vadar edən nə idi? Bişetab qoyduğu sualın cavabını belə verir: “Neft sənayesi işçilərini tətilə təhrik edərək şah rejimini çökdürmək”.
Mühacir sosioloq Ramin Kamranın təbirincə, mollalar bu yanğınla “İranda Reyxstaqın yandırılması” planını gerçəkləşdirdilər. Bundan sonrası isə əksər azərbaycanlıya və Azərbaycan vətəndaşına məlumdur. Lakin heç bir sosioloq bu işdə inqilab rəhbərinin əli olduğunu istisna etmir.
“iran-resist.org”-un xəbərinə görə, hadisələri qəlyan çəkən bir molla kurasiya edib. Fələstin Azadlıq Təşkilatının üzvlərindən biri bu şəxsin indiki ali dini lider Xamneyi olduğunu iddia edir.
müsəlman terorist
2001-ci il 10 avqust, Anqola. Fransa beynəlxalq radiosunun (RFİ) xəbərinə görə, UNİTA silahlı qruplaşmasının sərnişin qatarını atəşə tutması nəticəsində 259 nəfər həlak olur, 160 nəfər yaralanır. 1975-də müstəqillik əldə edən Anqolanın tarixində bu ən qanlı hadisə kimi düşür. Bir-neçə həftəyə danışıqlara başlamağı qərara alan hökumət və UNİTA bu hadisədən öz məqsədləri üçün istifadəyə çalışır. Din xadimləri araya girərək həm dövləti, həm də hərbi qruplaşmanı danışığa təhrik etsə də artıq gec idi. 1975-dən bəri ölkədə davam edən çəkişmələr nəticəsində neft və almazla zəngin olan bu ölkənin 1 milyon vətəndaşı həyatını itirib, yüz minlərlə insan isə tərki vətən olub.

22 iyun 1985, Kanada. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını “Canadian Pacific Airlines”-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırır və xahiş edir ki baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olur. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.
Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçəsi olan təyyarə havaya qalxır. Sinqh isə 38-ci yerə bilet alsa da sərnişinlərin arasında yox idi. 07.15-də “Air İndia”ya ya məxsus təyyarə İrlandiyanın radarlarından itir və partlayış səsi gəlir. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilir. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olur. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük hücum idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talwinder Singh Parmar isə 2005-ci ildə Pencabda polislə atışma zamanı öldürülür. Məhkəmə prosesi davam edir.

21 dekabr 1988, Lokerbi hücumu. London Nyu-York reysi ilə uçan təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra Lokerbi qəsəbəsi üzərində partlayır. Hadisə zamanı 270 nəfər, o cümlədən 11 qəsəbə sakini həlak olur. Hadisədə əvvəl İran təqsirləndirilsə də, sonradan Liviya məsuliyyəti üzərinə götürür. Hadisədə təqsirləndirilən Liviya vətəndaşlarından biri — Abdelbaset Ali Mohmed Al Megrahi sərbəst buraxılır, Al Amin Khalifa Fhimah isə ömürlük həbsə məhkum edilir. 2009-da o səhhəti ilə əlaqədar olaraq azad edilir və vətənində qəhrəman kimi qarşılanır. Liviya isə hadisə qurbanlarının hər birinin ailəsinə 100 000 dollar yardım edir. BMT isə Qəddafi rejiminə tətbiq etdiyi sanksiyaları ləğv edir.

14 avqust 2007, İraq. Ölkənin şimalındakı Qahtaniyyə və Cəzirə şəhərlərində baş verən seriya hücumlar nəticəsində, amerikan mənbələrinə görə 796 nəfər həlak olub. İraq Qırmızı Xaçı isə 1500-dən çox insanın öldüyünü bildirib. Bu hadisə böyüklüyünə görə yalnız 11 sentyabr faciəsindən geri qalır. Kürdləri hədəf alan bu terrora səbəb kimi 1 həftə əvvəl islamı qəbul etmiş 17 yaşlı qızın (Doaa Khalil Assouad) öz əşirəti tərəfindən daşqalaq edilməsi olub. İraq polisi isə bu hadisədən xəbər tutsa da sözdə “namus cinayəti”nə baş qoşmayıb. Qız alçaldılmaq üçün it cəsədi ilə birlikdə basdırılıb.

26-29 noyabr 2008, Hindistan. “France-Presse”in xəbərinə görə, Bombeydə ard-arda baş verən terror hücumları zamanı 173 nəfər həlak olub, 312 nəfər yaralanıb. Hadisəni törədən terrorçuların əksəriyyəti öldürülüb, cəmi 1 nəfər sağ ələ keçib. Terrorun sifarişçisi kimi tutulan 10 nəfərdən doqquzu Pakistanda yaxalanıb. Digər bir nəfərin isə məhkəməsi Dehlidə davam edir.

1 sentyabr 2004, Rusiya. Şimali Osetiyanın Beslan şəhər 1 saylı orta məktəbinin şagirdləri yeni dərs ilində həyatlarının faciəli şəkildə itirəcəklərini düşünmürdülər. Nə valideynlər, nə də şagirdlər və pedaqoji kollektiv Qafqazın qan içində olduğunu unudaraq dərs sevinci yaşayırdılar. Lakin… saat 9.30-da 30 nəfər terrorçu məktəbi mühasirəyə alır. Müqavimət göstərmək istəyən 5 polis isə hadisənin ilk qurbanı olur. Beləcə məktəbin içində 1500 nəfər əsir alınır. Onlardan yalnız 30-u qarışıqlıqdan istifadə edərək aradan çıxa bilir… Hadisənin 3-cü günü içəridə baş verən partlayışdan sonra xüsusi təyinatlı qüvvələr hücuma keçir. Şahidlərin dediyinə görə, rus snayper belində şəhid kəməri olan terrorçuya atəş açıb və bu səbəbdən də partlayış baş verib. Bundan sonra hərbi texnikanın iştirakı ilə baş verən döyüşdə 31 (32) terrorçu, 331 mülki şəxs, 8 polis və 11 əsgər həlak olur. Hadisədə ümumilikdə 334 nəfər həlak olur, 800-dən çox insan yaralanır. 6 sentyabrda prezident Putin matəm elan edir.

17 may 2005-ci ildə isə yeganə sağ qalan terrorçu Nurpaşa Kulayev hakim qarşısına çıxarılır. Heç bir vəkil onu müdafiə etmək istəmir. Yerli əhali isə onun linç edilməsini tələb edir. Məhkəmənin hökmü ilə Kulayevə güllələnmə cəzası kəsilsə də, Rusiyada həmin il ölüm hökmünə moratorium qoyulduğu üçün cəza ömürlük həbslə əvəz edilir. Bu hadisə həm də rus xüsusi təyinatlı qüvvələrinin qeyri-peşəkar davranışını nümayiş etdirdi — halbuki Rusiya rəhbərliyi bu faktı etiraf etmək istəmir.
terrorizm
1999-cu il 4 – 16 sentyabr Rusiya. Bu seriya terror aktları tarixə “Rusiyada yaşayış binalarında partlayış” kimi keçib. Buynaksk, Volqodonsk və Moskvada yaşayış evlərinin zirzəmilərində törədilən partlayışlar nəticəsində 307 mülki şəxs həlak olub, 1700-dən çoxu yaralanıb. Hadisədə Əmir Xattabın qruplaşması və əl-Qaidə ilə əlaqəsi olan dağıstanlı silahlılar təqsirli bilinib. Həbs edilən şəxslər isə 3 ildən 24 ilədək azadlıqdan məhrum edilib.

Son söz

İslam dini terror, ekstremizm, fitnə-fəsad və insan həyatına qarşı bütün təhdidləri lənətləyir. Buna görə də hər hansı qrupun din pərdəsi altında terror həyata keçirməsi dini gözdən salmaq və din düşmənçiliyindən qeyri bir şey deyil.
“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (Ən-Nisa 4/93)
“Hər kim əmin-amanlıq əhdinə alınan bir kəsi öldürsə, cənnətin iyini hiss etməyəcəkdir”. Məhəmməd peyğəmbər (SAV)
“…bu cür sui-qəsd partlayışlarını edən insanlar özlərinə zülm etmişlər və bu əməlləri onların cəhənnəm oduna girməsini vacib edir. Bundan Allaha sığınırıq. Həmçinin bu insan şəhid deyildir”. (Şeyx Useymin, Səudiyyə Ərəbistanı).


Tarix: 26.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 227 Bölmə: Maraqlı Melumatlar
loading...