Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər. Qeyd edək ki, dünyada yaşayan solaxayların ayrıca günü də var. Hər il avqustun 13-də bu qəbildən olan insanlar Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Solaxay ObamaDünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib.
Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya «Solaxaylar haqqında qanun layihəsi» də hazırlayıb.
Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.
Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada hətta solaxaylara məhkəməyə müraciət etmək də yasaq edilmişdi.
Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır. Lakin psixoloqun bu iddiası sonradan rədd edilib.
Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir. Lakin hansı genlərin - hələ dəqiq məlum deyil.
Əvvəllər belə hesab edilirdi ki, solaxaylıq pis əlamətdir, solaxaylar o qədər də sağlam adamlar deyillər, onlar epilepsiya və şizofreniya kimi xəstəliklərə sağalaylardan çox məruz qalırlar. Lakin indi alimlər başqa fikirdədirlər: solaxaylıq patologiya deyil, insan beyninin fəaliyyətinin alternativ variantıdır və problemlərin qeyri-standart həllinə imkan verir.
Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə-rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər. Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər. Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması həmişə stabil olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir.
Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə çalışırlar. Mütəxəssislər deyirlər ki, sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər.
Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton də solaxay siyasətçilər sırasına daxildirlər. Elə indiki Prezident Barak Obama da solaxaydır.
Bəzi məlumatlara görə, Rusiyanın keçmiş prezidenti, indiki baş nazir Vladimir Putin də solaxaydır, Lakin xüsusi xidmət orqanlarının şinelindən çıxmış Putin solaxaylığını gizlədə bilib.
Tarix: 26.11.2014 / 11:25 Müəllif: Aziza Baxılıb: 321 Bölmə: Maraqlı Melumatlar