İlk səsyazma qurğusu 1857-ci ildə Leon Skott tərəfindən icad edilmişdir. Onun fonoavtoqraf adlandırdığı cihazın iş prinsipi çox sadə idi: səs diafraqmasının titrəyişi iynəyə ötürülür, iynə isə üstü hislə örtülmüş fırlanan silindrə əyri cızırdı. Bu cihazda səs gözlə görünən cizgilər şəklində yazılırdı. Təbii ki, hisdə yazılmış səsi səs kimi səsləndirmək mümkün deyildi.
Yazılmış səsi yenidən səsləndirən ilk fonoqraf cihazı 1877-ci ildə Tomas Edison yaratmışdır. O, 1877-ci ildə səsi yalnız yazan yox, həm də səsləndirən fonoqraf cihazını ixtira etdi.Lakin bu hələlik işin başlanğıcı idi. Edison üçün çətinlik "s" səsinin yazılışı oldu, çünki bu səs heç cür yazılmaq istəmirdi.
Bir çox təcrübələrdən sonra vallar üçün nisbətən yararlı olan material da tapıldı. Bu, bəzi bitki qatranları ilə mumun qatışığından ibarət olan maddə idi. Edison onun tərkibini gizli saxlayırdı. 1878-ci ildə o, fonoqraf istehsal edən xüsusi şirkət təsis etdi.
Fonoqraf daim təkmilləşdirilirdi. Lakin ondan az istifadə olundu. Bu həm baha, həm də əlverişsiz idi. Çünki val cəmi bir neçə dəqiqə səs yaza bilirdi. Hər hansı bir uzunmüddətli səs yazısı isə çoxlu sayda val tələb edirdi. Valı bir neçə dəfə səsləndirdikdən sonra isə xarab olurdu. Valın surətini isə çıxarmaq da olmurdu.
Bütün bu qüsurları ABŞ-da yaşayan alman mühaciri Emil Berliner ( 1851-1929 ) adlı digər bir ixtiraçı 1887-ci ildə QRAMOFON adlandırılan cihaz düzəltməklə aradan qaldırdı. Böyük və narahat valların əvəzinə Berliner rahat və nazik lövhələr düzəltdi. Onun ixtirasının ən böyük üstünlüyü bu yazılardan istənilən qədər nüsxəni çıxarmağın mümkünlüyü idi.
1908-ci ildə Berlinerin Almaniyada açdığı fabrik ildə 60 milyon val buraxmağa başladı. Dünyada ilk dəfə olaraq, adamlar konsert zallarında ifa olunmuş əsərləri qramofon vasitəsilə evlərində rahatca dinləməyə başladılar.
1898-ci ildə danimarkalı fizik Valdemar Poulsen maqnitofon yaratmağa cəhd etmişdir. O, bu cihazı " TELEQRAFON " adlandırmışdır. Poulsen bu cihazla nazik polad naqilə səs dalğalarından doğmuş maqnit impulsları yazmışdı. Onun bu ixtirasının əsil qiymətini alması üçün düz 30 il vaxt lazım gəlmişdir. Bu müddət ərzində elektron lampalar ixtira edildi, onlar əsasında gücləndirici qurğular yarandı, daha təkmil maqnit daşıyıcıları tapıldı.
Alman ixtiraçı Pfyemer dəmir tozunun kağız lent üzərinə çəkilməsi üsulunu tapdı. Bu lent asanlıqla maqnitləşir, kəsilir, yapışdırılır və beləliklə, çox rahat işlədilirdi. Sonralar kağız lent plastiklə -asetilsellülozla əvəz olundu. Bu maddə daha möhkəm, elastik və yanmayan idi. Belə lentləri 1935-ci ildə alman şirkəti AEQ istehsal etməyə başladı. Maqnitafon lenti maqnit yazısı sahəsində inqilab yaratdı. Lent daha yüngül və yığcam olub, maqnitləşməni yaxşı qoruyurdu.
Tarix: 26.11.2014 / 10:56 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqlı Melumatlar