Tomas Cefferson yaxşı vurğulayıb, qanunlar sadə adamlar üçün yazılır və ona görə də onlar sağlam düşüncənin sadə qaydalarına söykənməlidir.
ABŞ. Birləşmiş Ştatlarda Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur. Axı biz yeni il bəzəklərini bəzən uzun müddət yığışdırmırıq.
Amerika Birləşmiş Ştatları malik olduğu nüvə raketlərinin sayına görə dünyada birinci yerdədir. İnsanları bu bəladan müdafiə etmək üçün gecə-gündüz baş sındıran parlamentarilər bir neçə maraqlı qanun qəbul etməklə problemi həll etdilər. Qanunun maraqlı tərəfi nüvə partlayışı törədən şəxsin sadəcə cərimələnməsidir. Ən böyük cərimə məbləği Kaliforniya ştatının Çiko səhərində tətbiq olunur. Qanunvericiliyə görə, şəhər daxilində nüvə bombasını partladan şəxsi nə az, nə çox düz beş yüz dollar cərimə gözləyir. Maraqlıdır, nüvə partlayışından sonra cəriməni kim alacaq, kimdən alacaq?
Böyük Britaniya. Birləşmiş Krallığın Edmont şəhərində velosiped sürmək hər oğulun işi deyil. Bunun üçün ya akrobat olmalısan, ya da ən azı üç əlin olmalıdır. Çünki şəhərin velosipeddən istifadə edənlər üçün özünəməxsus qəribə qanunu var. Şəhərin yol hərəkəti qaydalarında tələb edilir ki, velosiped idarə edən şəxs sağa və ya sola dönərkən döndüyü istiqaməti əli ilə göstərməlidir. Halbuki qanuna görə velosipedçi velosipedi idarə edərkən əllərini sükandan çəkməməlidir. İndi gəl döndüyün istiqaməti əllə göstər, görüm necə göstərirsən?!
Çin. Bildiyimiz kimi, Çin və Hindistan dünya dövlətləri arasında əhalisinin sayına görə lider ölkələrdir. Əhalinin çoxluğu bu ölkələr üçün böyük problemlər yaradır. Dövlət də əhali artımının qarşısını almaq məqsədilə müxtəlif qanunlar qəbul edərək bu problemi həll etməyə çalışır. Məsələn, Çində hər ailədə yalnız bir uşağa icazə verilir. Ölkə qanunları digər uşaqlara görə ailəni külli miqdarda cərimələyir. Lakin ailənin birinci övladları əkizlərdirsə, cərimə tətbiq edilmir. Ona görə də çinli ailəsinin uşaqları əkiz olanda bu əsl toy-bayrama çevrilir.
Fransa. Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunur. Deyirlər qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb sürücü qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi olub.
Tarix: 25.11.2014 / 19:01 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Maraqlı Melumatlar