Özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə monqolların Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.
Çox-çox sonralar-XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsi zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər.
Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Bəzi tarixçilərin fikrincə, kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrlə müqayisədə texniki cəhətdən geridə qalması səbəbindən yaranmışdı. Könüllü ölüm yolunu seçən yapon təyyarəçisi minimum qədər benzin və bunun əvəzinə xeyli artıq bomba götürərək, təyyarəyə minir, geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu. Belə kamikadze təyyarələrində paraşüt yox idi və buna görə də havaya qalxan təyyarə insan iradəsi ilə idarə olunan mərmiyə çevrilirdi.
Qeyd etmək lazımdır ki, II Dünya müharibəsi dövründə Sovet İttifaqında da buna bənzər ideyalar təbliğ olunurdu. SSRİ-də kamikadze sözü işlədilməsə də, gənclər arasında vətən uğrunda könüllü surətdə canını qurban vermək geniş təbliğ edilirdi. Faşist hücumlarına qarşı canlarını fəda edən sovet adamları heç də az deyildi. Bütün bunlara baxmayaraq o zaman bəşəriyyət vətən uğrunda canını qurban verənlərlə yapon kamikadzelərinə eyni cür yanaşmırdı. Yaponiyada yaranan kamikadze hərəkatı imperiyanın aqressiv siyasətinə qulluq etdiyi üçün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Fanatizmlə müharibəni udmaq mümkün olmadığından, uduzmuş Yaponiyanın kamikadzeləri özünəqəsd yolunu seçirdilər. Öz ölümlərindən və qurbanlarının qətlindən ləzzət alan bu adamlar cənnətə düşəcəklərini güman edirlər.
Yaponlar ilk təyyarəçi kamikadzelər dəstəsini 1944-cü il oktyabrın 20-da yaradıblar. Bir gün sonra-oktyabrın 21-də ilk kamikadze hücumu baş verib. İçərisinə 200 kq bomba qoyulmuş təyyarəni idarə edən naməlum yapon döyüşçü hava gəmisini Avstraliya flotuna məxsus kreyserə çırpıb. Nəticədə ilk kamikadze özü ilə birgə 30 nəfərin ölümünə səbəb olub. Bundan sonra müttəfiq qoşunların hərbi hissələri bir-birinin ardınca kamikadzelərin hücumuna məruz qalıb. Ümumiyyətlə II Dünya Müharibəsinin sonunda Yaponiyanın hərbi dəniz qüvvələri üçün 2525, quru qoşunlar üçün isə 1387 kamikadze hazırlanmışdı. Kamikadzelərin hücumu nəticəsində SSRİ-yə məxsus 81 gəmi batırılmış, 195 gəmiyə isə zmyan dəymişdi. Yapon kamikadzelər həmçinin ABŞ hərbi qüvvələrinin 34 gəmisini batırmış, 288-nə isə zərər vurmuşdular. Ölümə getmək istəyən təyyarəçi kamikadzelərin sayı yaponlara məxsus təyyarələrin sayından üç dəfə çox idi. Bu sırada dayananlar əsasən 20 yaşlı universitet tələbələri idi. Öz ölkəsi və imperatoru uğrunda könüllü ölmək-bu o dövrdə yaşayan hər bir yapon gəncinin ən ali məqsədi idi. Kamikadzelər Yaponiyada ən cəsur qəhrəmanlar kimi təqdim olunur, məbədlərdə onların ruhuna dualar oxunur, validyenləri isə ölkənin ən hörmətli insanları sayılırdı. Kamikadzelərin simvolu xrizantema (payızgülü) çiçəyi idi.
II Dünya Müharibəsindən çox-çox sonralar məlum oldu ki, almanlar da SSRİ-yə qarşı hücumlar etmək üçün təyyarəçi kamikadzelər hazırlayıblarmış. Bu barədə Hitler ordusunun kəşfiyyat xidmətinin keçmiş rəhbəri Valter Şellenberq öz memuarında yazıb. Onun sözlərinə görə, fürer uğrunda ölümə hazır olan alman kamikadzelər SSRİ-nin arxa cəbhəsində yerləşən elektrik stansiyalarına və zavodlara zərbə endirməliymişlər. Amma faşist Almaniyası naməlum səbəblərdən kamikadzelərin xidmətindən istifdə etməyib.
Müasir dövrdə öz ölümlərinə fərman verən kamikadzelər əsasən terrorçulardır. Onların çoxu Fələstin, Pakistan, Əfqanıstan, İraq, Livan və bir sıra ərəb ölkələrinin vətəndaşlarıdır.
2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktının dəhşətli psixi sarsıntıları hələ də unudulmayıb. Bu terroru törədən fanatiklər təyyarələrin içərisindəki yüzlərlə günahsız insanlarla birlikdə özlərinin də ölümlərinə fərman verdilər. Həmin hadisələrdə iştirak edən 30 nəfər terrorçunun həlak olan adi insanlardan bir fərqi var: onlar qulluq etdikləri ideyanın fantikləri idi.
Terrorçu-kamikadzelərin qorxmadan canlarını fəda etmələri, heç kimə acımadan yüzlərlə günahsız insanın ölümünə səbəb olmaları bir çox suallar doğurur. Doğrudanmı onların psixikası normal vəziyyətdə deyil? Kamikadzeləri özünü qurban verməyə nə məcbur edir?
Psixoloqlar bildirirlər ki, insanın könüllü ölümə getməsi çox ciddi hadisədir. Könüllü ölümə psixoloji cəhətdən hazırlaşmaq gərəkdir ki, bu da ancaq yüksək emosional təsir altında baş verə bilər. Bu insanları təkcə vətənpərvərlər adlındırmaq düzgün deyil, onlar millət, dövlət, din və ən nəhayət xidmət etdiyi təşkilat uğrunda ölümə gedirlər. Bəzi ekspertlərin fikrincə, müasir dövrdə kamikadzeliyə daha çox şəxsiyyət pozuntusu olan psixopatlar, narkotik maddələrdən istifadə edənlər cəlb olunurlar. Öz ölümünü gözünün qarşısına gətirən terrorçunun yüksək psixoloji hazırlığı, psixopat, narkoman olması ona gördüyü işi sakitliklə qəbul etməyə imkan yaradır. Ciddi psixi xəstələr onların etdiklərini bacarmazlar. Tam normal, sağlam şüurlu insan isə kamikadzeliyi qəbul etmir.
Kamikadzelikdə dinin xüsusi rol oynadığı bildirilir. Çünki dünyada ən yüksək ideologiya dini ideologiyadır. Bu yolda canlarından keçməyə hazır olanlar adi dindar adamlar da deyillər. Onlar dini fanatizmin əsiridirlər. Çünki bütün mütərəqqi dinlər ( İslam, xristianlıq, buddizm vəs.) günahsız adamların qətlə yetirilməsini günah sayır.
Terrora və kamikadzeliyə gedənlərdə fanatizm o dərəcədə güclü olur ki, qurbanları barədə heç nə düşünmürlər. Onlar həmin an günahsız adamları qətlə yetirdiklərini deyil, ona təlqin edilmiş ideyanın, təşkilatın verdiyi öhdəliyin icrası barədə fikirləşirlər. Ekspertlər terrorçu-kamikadzelərin uzun müddət psixoloji hazırlıq dövrü keçdiyini bildirirlər.
Bu insanlar üçün həyatın heç bir mənası olmadığından canlarını hərraca qoyurlar. Amma özlərini qurban verməklə ailələrini, qohumlarını maddi cəhətdən təmin edirlər. Müsəlman kamikadzelər terror törətməklə cənnətə düşəcəklərini zənn edirlər.
Yeri gəlmişkən, ötən əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra Bakıda da Kamikadzelər Hərəkatının yarandığı elan olunmuşdu. Hərəkatı yaradan şəxs Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının rəhbəri mərhum Əşrəf Mehdiyev idi. Amma onun təşəbbüsü də cəmiyyətdə birmənalı qarşəlanmadı.
Beynəlxalq tədqiqatçıların bir müddət öncə keçirdikləri sorğu nəticəsində məlum olub ki, son beş ildə kamikadzelərin taktikasını dəstəkləyənlərin sayı azalmağa doğru gedir. Məlum olub ki, müsəlman aləmində də kamikadzelərin törətdiyi aksiyaları dəstəkləyənlərin sayı kəskin sürətdə azalıb. Sorğu 47 ölkədə keçirilib. Həmin ölkələrdən yalnız Fələstin kamikadzelərə bəraət qazandırıb. Fələstinlilərin 70 faizi kamikadzeləri dəstəklədiklərini bəyan ediblər.
Tarix: 26.11.2014 / 11:24 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Maraqlı Melumatlar