Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikanı titrədən “19 qardaş”

11 sentyabr terrorunu törədən şəxslər kimlər idi və sonları necə oldu...
«Ondan bir dəfə soruşdum ki, nəyə görə heç vaxt gülmür, həmişə kədərli və hüznlüdür. Cavab verdi ki, axı, hər gün Fələstində günahsız insanlar öldüyü halda mənim üzüm necə gülə bilər?»

Amerika senatının üzvü Çak Hagelin «ikinci Perl-Harbor» adlandırdığı bu dəhşətli olayların tədqiqatının gedişi heç də terrorçuların illərlə hazırladıqları plandan asan başa gəlmədi. Rəsmi məlumata görə, elə təkcə özlərini diri-diri fəda eləyənlərin kimliyinin müəyyənləşdirilməsi üçün müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nə az-nə çox, düz 7 minə yaxın əməkdaşı bu işə cəlb olunubmuş. Maraqlıydı, tədqiqatların gedişində terroru həyata keçirən 19 nəfərin heç birinin nəzəri cəhətdən adətən belə əməlləri törədənlərə məxsus keyfiyyətlərə malik olmadıqları daha çox gözə girirdi. Ancaq onu şəxsən tanıyan amerikalı Ralf Bodenin ifadəsinə əsasən yuxarıda barəsində danışdığımız həmin «hüznlü üz» sahibinin - Muhəmməd Attanın rəhbərliyi ilə 18 nəfər ərəb Amerikanın düz 4 təyyarəsini qaçırdaraq hərəsini bir istiqamətə apardı, hərəsini bir yerə çırpdı, özləri də daxil minlərlə insanın ölümünə bais oldular. Və dünyanın düzəninin dəyişilməsinə səbəb olacaq 11 sentyabr 2001-ci il terrorunu törətdilər...

Terroru anlamağın üstünlüyü...

Erix Fromm yazardı ki, faşizmin mahiyyətini və anatomiyasını anlamadıqca bəşəriyyət bu bəladan xilas ola bilməyəcək. Eyni uğurla bu məntiqin terrora da aid oluna biləcəyi qənaətindəyəm. Bu baxımdan, nəinki təkcə Amerikanın, demək olar, bütün dünya ölkələrinin daxili və xarici siyasətində böyük dəyişikliklərə rəvac vermiş 11 sentyabr terroru barəsində indiyə qədər aparılmış və aparılan, bundan sonra da aparılacaq tədqiqatların, araşdırmaların, yazılmış bədii, çəkilmiş ekran əsərlərinin məqsədi elə bundan ibarətdir. Bunlarla yanaşı etiraf olunmalıdır ki, üstündən 10 il ötməsinə baxmayaraq, 11 sentyabr olayının ən müəmmalı tərəfi bu terroru birbaşa həyata keçirənlərin şəxsiyyətləri ilə bağlıdır. Həqiqətən, rəsmi informasiyadan fərqli olaraq məlum hadisənin hansısa dövlət qurumları tərəfindən törədildiyi haqda ehtimallardan başlamış, ən ağlagəlməz adamların adlarının hallanmasına qədər uzanan yorumlarda onların - 19 nəfər terrorçunun kimlikləri daha az söhbət mövzusudur. Bu bir tərəfdən onların günahsız insanların qanına bais olmaları ilə bağlıdır. Yəqin, tədqiqatçılara «bəşəriyyət belələrinin adlarını deyil, əməllərini yadda saxlamalıdır» məntiqi güc gəlir. Ancaq bu «unutqanlığın» digər bir obyektiv tərəfi də var. Axı, onların da cəsədləri Ümumdünya Ticarət Mərkəzlərinin qoşa qüllələrində, Pentaqon binasında, Pensilvaniya ştatında yerə düşən təyyarədə ölənlərin cəsədləri kimi tanınmaz hala düşmüşdü. Ara o qədər qarışıbmış ki, hətta deyirlər, Amerika xüsusi xidmət orqanlarının əməkdaşları qoşa qüllələrdə yanmayıb qurtulanların şəxsiyyətlərini də yoxlamaq istəyirmişlər: terrorçular onlara qarışıb aradan çıxa bilərmişlər... Nəsə, enində-sonunda həmin 4 təyyarəyə bilet alanların, yoxlamadan keçənlərin, yük sahiblərinin incələnməsi, Amerika Birləşmiş Ştatlarının dürlü-dürlü strukturlarının uzun-uzadı çalışmaları nəticəsində 2003-cü ilin martında Pakistanda həbs olunan Xalid Şeyx Muhəmmədin 1996-cı ildən hazırladığı, Bin-Ladenin isə xeyir-duası ilə həyata keçirilən 11 sentyabr 2001-ci il «müharibəsinin» «əsgərlərinin» adlarını dünyaya bəyan elədilər. Təbii ki, hər birinin adının, soyadının qabağında yekə bir «güman ki...» kəlməsiylə... Kimlər idi bu «gümanlı» 19 nəfər?

19 gümanlı

Məlum terror aktına dəxli olub-olmadığı barədə fikirlərində bir neçə il nala-mıxa vurduqdan sonra nəhayət, Bin Laden 30 oktyabr 2004-cü ildə «Əl-Cəzirə» kanalına verdiyi müsahibədə eynən belə demişdi: «Mən və ali baş komandan Muhəmməd Atta - Allahın mərhəməti onun üstündə olsun - razılığa gəldik ki, əməliyyat ən uzağı Buş və onun administrasiyası nəsə duyana qədər, yəni 20 dəqiqəyə başa çatmalıdır». Bəli, bu əməliyyata Bin Ladenin haqqında danışdığı həmin adam - Muhəmməd Atta rəhbərlik eləyirdi. Amerika Ədliyyə Nazirliyinin terrorçular haqda yaydığı immiqrasiya məlumatlarında 43 yaşlı bu adamın Misir vətəndaşı olduğu güman olunur. O, Hamburqda Texniki Universiteti bitirib. Alman polisinin məlumatına görə, uzun müddət radikal islamçılarla əlaqəsi olub. Amerikaya 2001-ci ilin iyul ayında biznes vizası ilə gəlsə də, burada uzunmüddətli qalmaq üçün sənəd əldə eləyib. Təyyarəçi Muhəmməd Atta bu peşəyə Floridada sahiblənib. «Boeing-727» sürməyi simulyotorlarda öyrənib. Güman olunur ki, 175-ci reysi qaçırdığı hesab olunan Mərvan Əl-Şeyx onun əmisi oğlu olub.

Bostondan 11-ci reyslə uçan və Ümumdünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılan təyyarədə Atta ilə bərabər daha 4 nəfərin olduğu güman edilir. Bunlardan ikisi Səudiyyə Ərəbistanı vətəndaşı olsalar da, turist vizası ilə Hollivudda yaşamış Valid Alşeri və onun qardaşı, təyyarəçi Vail Alşeridir. Terror anında təyyarəni sürdüyü güman olunan Valid 1997-ci ilədək Floridadakı Deyton-Biç aeronavtika universitetini bitiribmiş.

Əbdüləziz Alomari də Səudiyyə Ərəbistanının vətəndaşıymış və güman ki, ikinci pilot da o olub. Floridada arvadı və 4 məktəbyaşlı uşağı ilə birgə yaşayan Alomari kiçik təyyarələrin pilotu olub, uzun müddət bort mühəndisi işləyib. Onu Kennedi Aeroportunda ərəb ölkələrinə uçuşları həyata keçirən «Saudi Flayts» aviakompaniyası işə dəvət edibmiş. 25 yaşlı Satam Əl Sukami isə vizasının vaxtı bitdiyi üçün düz sentyabrın 11-i 2001-ci ildə Amerikaya qeyri-leqal şəkildə daxil olub.

Ümumdünya Ticarət Mərkəzinin cənub qülləsinə çırpılan 175 saylı reyslə uçan təyyarədə də 5 nəfərin olduğu güman edilir. Mərvan Əl-Şeyx - yuxarıda dediyimiz kimi, Attanın əmisi oğlu 1978-ci il təvəllüdlü olub. Floridada təyyarədə uçmağı öyrənib, sonralar Hamburq Texniki Universitetində oxuyub və elə burada da radikal islamçılarla tanış olub. Fəyyaz Əhmədin, Mohald Əlşəhrinin, Həmzə və Əhməd Əlhəmdi qardaşlarının Floridada yaşamış olduqları güman edilir. Sonuncuların hamısı 2011-ci ildə turist vizası ilə Amerikaya gələrək Delrey Biçdə məskunlaşıblarmış.

Terrorçuların üçüncü hədəfi olan və Dallesdən uçan 77 saylı reys məlum olduğu kimi Pentaqonun binasına çırpılmışdı. Bu təyyarədəki Səudiyyə Ərəbistanının vətəndaşı olduğu güman edilən Xalid Əl-Midhar əməliyyatdan əvvəl Los-Ancelesdə və Nyu-Yorkda yaşayıb.

Mayed Mokyed haqqında heç bir informasiya yoxdur. Navak və Slam Əlhəmzilərin ya Nyu-Cersidə, ya da Los-Ancelesdə yaşadıqları ehtimal olunur. Növbəti «əsgər»in - Hani Hanjurun isə pilot olduğu güman edilir. Belə ki, Skottdeyledəki uçuş məktəbindən onun həqiqətən burada uçuş kursu keçdiyi təsdiq olunub. Ancaq maraqlıdır ki, FTB əməkdaşları həmin şəhərin heç bir mehmanxanasında, yaxud qeydiyyat qurumunda belə ad və soyada rast gəlməyiblər.

93-cü reyslə Nyuarkdan uçaraq Pensilvaniyada yerə düşən təyyarəni Ziyad Samid Carra adlı Livan vətəndaşının sürdüyü ehtimal edilir. Digər terrorçular - Əhməd Əl Həznəvi, Əhməd Əl Həyənavi və Səid Əl Həmdi haqqında məlumatlar çox azdır. Onların turist vizası ilə Amerikaya gəldikləri, Floridada yaşamış olduqları güman edilir.

11 sentyabr qisasçısı

11 Sentyabr terroruBu il - 11 sentyabr terrorunun 10 illiyində Amerikanın Texas ştatında məhkəmənin qərarı ilə barəsində ölüm hökmü çıxarılmış bir nəfərin qoluna öldürücü inyeksiya ilə dolu iynə vurub öldürdülər. 21 iyul tarixində yerli vaxtla saat 20.53 dəqiqədə yerinə yetirilmiş bu məhkəmə hökmü də terrorçuluğa görə çıxarılmışdı. Dallas ştatının 41 yaşlı Mark Stroman ad-soyadlı insanı 11 sentyabr olayından bir neçə gün sonra guya ölmüş bacısının qisasını almaq məqsədiylə Pakistandan və Hindistandan gəlmiş iki nəfəri öldürmüş, bir nəfər Banqladeş vətəndaşının isə güllə ilə gözünü çıxarmışdı. Stroman elə həmin gün tutulmuşdu və məlum olmuşdu ki, onun heç yerli-dibli bacısı olmayıb. Qatil sonradan polisə verdiyi ifadəsində yazmışdı ki, bu əməlini Amerikanın şöhrəti və «ərəblərin terror aktına cavab kimi» törədib.

İndi, maraqlıdı, görəsən, Stromana nə ad vermək olar? Axı, o da təyyarələri qaçırdıb minlərlə insanın qanını tökənlər kimi qisas alıb. Görəsən, onları bir-birindən ayırmaq olarmı? Əlbəttə, fəlakətin miqyası baxımından böyük fərqlər var. Ancaq axı, insan taleləri yalnız miqyasla ölçülmür. Ona görə də, əminəm ki, 11 sentyabrda həlak olanların yaxınları «19 qardaş» haqqında nə düşünürlərsə, Stromanın qanlarını tökdüyü həmin hindli ilə pakistanlının yaxınları da onun barəsində eyni şeyləri düşünürlər. Ancaq məni Stromanın güllə ilə ömürlük şikəst elədiyi banqladeşlinin onun məhkəməsində qatilə ölüm hökmü çıxarılmaması barədə xahişindəki fikirləri daha çox düşündürür. Banqladeşli deyirmiş: «Mənim dinim (İslamı nəzərdə tutur - İ.Tumas) incidənlərin günahlarının bağışlanmasını məsləhət görür və öldürməyi qadağan edir». Düşünürəm, gərək hər kəs əvvəlcədən bağışlayaydı... Onda nə «19 qardaş», nə 11 sentyabr, nə də Stroman olardı...


Tarix: 26.11.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Maraqlı Melumatlar
loading...