Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələvilər məscidi

Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir.

Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir.

Məscidin gözəl naxışlarla süslənmmiş girişi

Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir.

Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır. Təəssüf ki, günbəz kimi bu qüllələrin üstü də uçulmuş və mütəxəssislər onların necə tamamlandığını aydınlaşdırmaqda çətinlik çəkmişlər. Bu ayrıntıları artırmaqla memar abidənin məkan quruluşuna böyük plastiklik gətirmiş və xeyli sonra yaranmış dördqülləli, dördminarəli memarlıq kompozisiyalarının da bir növ əsasını qoymuşdur. Məscidin mehrab tağçası içəridə çox dərin götürülmüş, bayıra düzbucaqlı tutum şəklində çıxarılmışdır.

Məscidin iri baştağ şəklində işlənmiş baş fasadının incə nisbətli biçimləri başdan başa bol və bitkin quruluşlu naxışlarla örtülmüşdür. Bütün bina kimi, bu naxışların çoxu da ağımtıl və işıqlı məşhur Həmədan kərpicindən yaradılmışdır.

Ələvilər məscidinin iç səthləri (salonun ölçüləri 8,0 X 8,0) daha zəngin süslənmişdir. Əsasən Elxanilər çağının əsərləri olan bu bəzəklər içərisində iri mehrabın bəzək kompozisiyası mürəkkəbliyi, yüksək bədiiliyi ilə seçilir.


Tarix: 26.02.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Məscidlər
loading...