Bakı Cümə Məscidi – Bakıda yerləşən qədim məscidlərdən biridir. Sınıqqala məscidi kimi, bu məscidin də qədim atəşgah binasının özülləri üzərində inşa olunması haqqında fikirlər var. Əski Bakı Came məscidi 1899–cu ildə uçurulmuş və yerində yenisi inşa edilmişdir[1]. Bu səbəbdən də mütəxəssislər bu qədim memarlıq abidəsi haqqında yalnız əldə olan ölçü rəsmi və foto təsvirlər əsasında mühakimə yürüdürlər.
Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri güney hissəsində kvadrat biçimli ibadət salonu və quzey bucağında minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur.
Məscidin planı
İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlular dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi. İçəridə iri daş lövhələrin üst-üstə kəsişərək yuxarıya doğru daralması yolu ilə yığılan və qaradam tipli yaşayış evlərinin örtü konstruksiyasına bənzəyən günbəz bayırdan konus biçimli olmuşdur. Bayır biçiminə görə bu günbəz XII yüzildə ucaldılan Marağa-Naxçıvan memarlıq məktəbi türbələrinin çadır örtükləri növündəndir. Günbəzin üst bölümünü örtən torvari bəzək motivinə Səlcuqlu dövrü memarlıq abidələrində (Şəmkir, Qarabağlar və Atabəylər kompleksinin minarələri, Marağada Qırmızı Günbəz türbəsi və s.) sıx-sıx tuş gəlinir. Günbəzin bəzəyində kaşının az işlədilməsi də həmin dövrün əlamətlərindəndir. Bu özümlüklərinə görə, eləcə də minarəsinin kürsülüyünə hörülmüş tikinti kitabələrinin ən əskisinin XII yüzilə aid edilməsini nəzərə alan tanınmış alim Cəfər Qiyasi Bakı Came məscidinin əski günbəzli salonunun həmin əsrdə tikildiyi qənaətinə gəlir.
Başqa bir kitabə hicri 709–cu ildə (miladi 1309) "bu binanın təzələndiyini" bildirir. Görünür həmin çağda məscid təmir edilib genişləndirilmişdir. Məscdin minarəsi isə 1437–ci ildə ucaldılmışdı. Sonralar dəfələrlə bərpa və inşa işləri aparılmış əski Bakı Came məscidi kompleksindən dövrümüzə yalnız İçərişəhərin ən uca minarəsi qalmışdır.
Tarix: 25.02.2013 / 21:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 337 Bölmə: Məscidlər