Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşur məscidi

Aşur məscidi – İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən ləzgi camaatının daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır.

Abidə kiçik ölçülü zirzəmi və üst ibadət salonundan ibarətdir. Bərpa zamanı torpaq altından çıxarılmış torpaq yerləşgəsi tağbənd örtülü, planda uzunsov biçimlidir və yarım dairəvi tağlı iki gözlə bayıra yönəlir.[1]

Planda uzunsov biçimi olan ibadət salonunun (sahəsi 55,0 m) iki mehrabı var. Salonun oxunda yerləşən əski mehrab zəngin dekorludur. Üstündəki kitabəyə görə onu hicri 567 – ci ildə (miladi 1169) ustad Aşur İbrahim oğlu tikmişdir. İbadət salonu tağbəndlə örtülmüş, ortada bir tağ qurşağı ilə vizual iki bölümə ayrılmışdır. Salonun ensiz divarında kiçik tağça, mehrabın üstündə kiçik pəncərə gözü var, giriş qapısı şimal-şərq küncdədir.

Aşur məscidi bayırdan sadə prizmatik tutum şəklindədir. Daş hörgü sistemindən onun üst hissəsinin sonralar yenidən tikildiyi hiss olunur. Daha qədim hörgü – məscid divarının alt hissəsi nisbətən iri və müxtəlif ölçülü daşlardan ustalıqla yerinə yetirilmişdir. Divarların üst qatı isə kiçik ölçülü daşlardan bərabər ölçülü hörgü sırasıyla ucaldılmışdır. Məscid içində mehrab olan cənub divarı ilə İçərişəhərin baş ticarət küçəsinə yönəlir. Baş fasad saya profilli karnizlə tamamlanır. Onun üstündə – baş fasadın simmetriya oxunda sivri biçimli tağvari işlənmiş kiçik bir daş qoyulub, onun tağçası içərisində kufi xəttiylə "Allah" sözü yonulmuşdur. Bakının ən qədim məscidlərindən olan Aşur məscidinin ikiqatlı quruluşu Sınıqqala məscidi və Xıdır məscidi (1301 – ci il) kimi İçərişəhərin enişli relyefinə uyğun yaradılmışdır.


Tarix: 25.02.2013 / 21:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Məscidlər
loading...