Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Girnə)

Cümə məscidi — Culfanın Girnə kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır.

Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir.

Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir. [1]

Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir. Qarşı tərəfin memarlıq bölgüsü də buna oxşardır. Məqsurənin yan tərəflərinin bölgüsü assimetrik olub bir az mürəkkəbdir. Girnə məqsurəsinin plan-məkan quruluşundan duyulan bu özümlük görünür, onu dövrələyən yerləşgələrlə, cümə məscidinin ümumi quruluşu ilə bağlı yaranmışdır.

Abidənin günbəzə keçid hissəsi kubdan səkkizüzlüyə, səkkizüzlüdən onaltüzlüyə və ondan da günbəzə keçmə prinsipi ilə həll edilmişdir. Belə pilləli keçid məscidin tutum kompozisiyasına məntiqi və ifadəli görkəm vermişdir. İçəridə isə bu ikiqatlı keçid tağlar və tromplarla çox incə işlənmişdir. Girnə cümə məscidi bu konstruktiv ayrıntısına görə səlcuq memarlığının şah əsərlərindən sayılan İsfahandakı günbədi Xaki məscidinə bənzəyir. Ancaq ondan bir az saya biçimlidir.

Girnə məscidinin salamat qalan başqa ayrıntıları da incə biçimli olub bir-biri ilə tam qarşılıqlı ahəngdarlıqdadır. Üstündəki tikinti kitabəsi dövrümüzə çatmasa da, uyğun səlcuq abidələri ilə müqayisə Girnə cümə məscidinin XII yüzildə tikildiyini irəli sürməyə tam imkan verir.


Tarix: 25.02.2013 / 22:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Məscidlər
loading...