Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizaməddin məscidi

Nizaməddin məscidi — Bakının Suraxanı rayonunda yerləşən Əmircan qəsəbəsinin (köhnə Xilə kəndinin) ən qədim tarixi abidələrindən biri.

XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscid Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilmişdir. O vaxtlar Şirvan şahı və şeyxülislamı Əmir Nizaməddini Əmirhac ("hacılar əmiri") təyin etmişdir. Sonradan kəndin adı məhz bu titul ilə əlaqədar dəyişilərək, əvvəl Əmirhacıyan, daha sonra isə Əmircan olmuşdur. Beləliklə, Nizaməddin məscidini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb: "Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir". Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri qəməri 730-cu il (miladi tarix 1329-1330)". [1]

1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilmiş və onun cənub tərəfə baxan həyətində yeni bir portal tikilmişdir. Qapının üzərində daş kitabə yerləşdirilib. Ərəb dilində iki cərgə üzrə həkk olunmuş bu kitabədə yazılıb: "Bu imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir. Hicri qəməri 786-cı il (miladi tarix 1384-1385)". Məscidin üzərindəki başqa kitabələrə əsaslanıb qeyd etmək olar ki, 1830-1831-ci illərdə burada ciddi, əsaslı təmir işləri aparılmış və onun şimal divarının yanında yeni bir xanə tikilmişdir.

Məscidin qərb fasadının şimal tərəfində olan qapı yerinin yuxarısında iki üfüqi formalı kitabə qoyulub. Nəstəliq xətti ilə yazılmış üst kitabədən aydın olur ki, məscidi usta Süleyman təmir etmişdir. Faktlardan görünür ki, hər dəfə aparılan cari inşaat işlərində məscidin memarlıq ünsürlərinə yeni əlavələr olunmuş və bu əlavələri edən şəxslərin adları da yeni qoyulan kitabələrdə öz əksini tapmışdır. Belə əlavələrdən biri də 1876-cı ilə təsadüf edir. Kitabələrdən birinin üstündəki yazıda "həqiqətən bu məscidi Hacı Rəsul qızı Fatma xanım tikdirmişdir. Kitabəni Məhəmməd Nağı yazmışdır. Hicri-qəməri 1293-cü il, miladi tarix 1876-cı il" qeyd olunub. Məscid Fatma xanım tərəfindən təmir edilərək cənub tərəfə genişləndirilmişdir. XX əsrin əvvəllərində məscidin yenidən təmirə ehtiyacı olmuş və inşaat işləri aparılarkən qərb eyvanının mərkəzində vaxtilə Nizaməddinin tikdirdiyi qapının qarşısında dörd daş sütundan ibarət giriş yeri düzəldilmişdir. Bu haqda da qapının üstündə ərəb əlifbası ilə yazılmış bir sətirli kitabədə qeydlər var: "Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir".

Əsas isə məscidin altında olan mağaradır - nəzəriyyəyə görə həmin mağarada vaxtı ilə İbrahim (ə.s.) peyğəmbər atası Azər və başqa müşriklərdən gizlənirmiş. Və sonradan mağaranın üstündə bina tikib.


Tarix: 25.02.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Məscidlər
loading...