Böyük Bazar məscidi — Lənkəran şəhərinin Böyük Bazar məhəlləsində tarixi məscid.
Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən Böyük Bazar məscidi XIX əsrdə inşa olunub. Tikilinin təşəbbüskarları və baniləri Böyük Bazarda tanınmış ziyalı şəxsiyyətlərdən olan Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük Bazar camaatı olub. Bu məscidin 1929-cu ilədək altı böyük təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. Çox təəssüf ki, Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin və Hacı Ələsgərin təkyələri otuzuncu illərdə öz görkəmini itirib və dağıdılmışdır. Yalnız Hacıağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, molla Ağabala axund, molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq edib. Məscidin inşasında qiymətli meşə məmulatlarından istifadə edilmişdir. Məscidin hörgü işləri bişmiş kərpicdəndir, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri camaatın namaz qılması üçün geniş zal tutur. Sovet hakimiyyəti dövründə Böyük Bazar məscidindən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunub. Ancaq bütün bunlara baxmayaraq məscid ilkin görünüşünü saxlayıb və hətta ona bəzi əlavələr də olunmuşdur.[1] [2] [3] Məscidin girəcəyində mərmər lövhədə kiril əlifbası ilə "Məscidi 1864-cü ildə Hacı Mirağa Mirtağızadə Lənkəranlı tikdirmişdir" yazısı vardır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli dövlət abidəsi kimi qorunur. Bir minarəsi var.
Tarix: 24.02.2013 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Məscidlər