Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlimiyyə məscidi

Səlimiyyə məscidi - Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Sinanın 80 yaşında inşa etdiyi və "ustalıq əsərim" adlandırdığı Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir.

Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanmışdır. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılmışdır. Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə bəhs etmişdir. Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür.

Səlimin məscidin inşa edilməsi üçün niyə Ədirnəni seçdiyi qəti olaraq bilinmir. Övliya Çələbi "Səyahətnamə" adlı əsərində padşahın yuxusunda Məhəmməd peyğəmbəri gördüyünü və onun özündən Kiprin fəthi xatirəsinə bir məscid tikdirməsini istədiyini yazmışdır. Ancaq Kiprin məscidin inşasına başlanmasından üç il sonra 1571-ci ildə fəth edildiyi məlum olduğundan bu iddia əsassız görünür. Bu mövzudakı daha dəqiq məlumatlarda isə o dövrdə İstanbulda yeni bir böyük məscidə ehtiyac olmadığı, Ədirnənin Rumelidəki Osmanlı idarəçiliyinin mərkəzi mövqeyində olduğu və Səlimin gənclik illərindən bəri şəhərə xüsusi sevgi bəslədiyinə diqqət çəkilir.

Təpənin üzərində yerləşən Səlimiyyədə əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində görülməyən bir texnikadan istifadə edilmişdir. Əvvəlki qübbəli strukturlarda, əsas qübbə pilləli yarım qübbələrin üzərində yüksəlməsinə baxmayaraq, Səlimiyə məscidi 43,25 metr yüksəkliyində, 31,25 metr diametrində, tək bir qübbə ilə örtülmüşdür. Qübbə 8 sütuna söykənən bir kasnak üzərinə oturdulmuşdur. Kasnak, filayaklarına 6 metr genişliyində kəmərlərlə bağlıdır. Memar Sinan bu şəkildə örtdüyü daxili məkana verdiyi genişlik və rahatlıqla birlikdə məkanın asanlıqla anlaşılmasını təmin etmişdir. Qübbə eyni zamanda məscidin xarici görünüşünün əsas xətlərini də müəyyən edir.

Məscidin dörd tərəfində yerləşən hər biri üç balkonlu 3,8 metr diametrindəki minarələr 70,89 metr yüksəkliyindədir. Minarələrin şpillə birlikdəki yüksəklikləri bəzi qaynaqlara görə 84, bəzilərinə görə isə 85 metrdir. Cümlə qapısının iki tərəfindəki minarələrin balkonlarına üç ayrı nərdivandan çıxılır. Digər iki minarə isə tək nərdivanlıdır. Öndəki iki minarənin daş oymaları çuxur, ortadakı minarələrin oymaları isə qabarıqdır. Minarələrin qübbəyə yaxın olması, məscidin göyə doğru uzanması təsəvvürünü yaradır.

Məscidin mərmər, çini və xəttatlıq işləmələri də əhəmiyyətlidir. Binanın içi İznik çiniləriylə bəzənmişdir. Böyük qübbənin tam altındakı hökmdarın namaz yeri 12 mərmər sütunludur və 2 metr yüksəkliyindədir. Çinilərin bir qismi 1877-1878 Osmanlı-Rus müharibəsində rus generalı Skobelyev tərəfindən sökülərək Moskvaya aparılmışdır.

Binanın şimala, cənuba və həyətə açılan 3 qapısı vardır. Daxili həyət rəvaqlar və qübbələrlə bəzənmişdir. Həyətin ortasında mərmərdən diqqətlə işlənmiş su bulağı vardır. Xarici həyətdə isə dini məktəb, darül-qurra (gözəl Quran oxumanın öyrədildiyi məktəb), darül-hədis, mədrəsə və imarət vardır. Dini məktəb hazırda uşaq kitabxanası, mədrəsə isə muzey olaraq istifadə edilir.

Keçmişdə məscid məşəllərlə işıqlandırılırdı. Məşəllərdən çıxan his hava axını yaradan xüsusi dəlikdən çölə çıxırdı.


Tarix: 24.02.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Məscidlər
loading...