Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Bəxşi məscidi

Hacı Bəxşi məscidi (digər adı II Abbas məscidi) — Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində tarixi-memarlıq abidəsi.

Tarixi

Hacı Bəxşi məscidi Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin cənub-şərq hissəsində, qədim Qaladan cənuba doğru 250 m-lik məsafədə, Molla Talıblı ərazisində 1662-1663-cü illərdə II Şah Abbasın hakimiyyəti dövründə inşa edilmişdir. Ona bitişik halda Azərbaycanda yeganə üstü açıq yay məscidi yerləşir. Üstü açıq məscidin inşa olunma tarixi 1866-cı ildir.

Arxa divardan məscidin damına 14 pilləli vintvari pilləkən gedir. Damın girişində çatma tağ formalı çətir yerləşir. Məscidin birinci otağına girişdən 2 m aralıda, içində ikinci otağa aparan giriş qapısı var, bu otaq məscidin əsas otağıdır. Uzunluğu 7,4 m, eni isə 7,4 m-dir. Məscidin dörd stuna söykənən dörd tağ üzərində gümbəzi vardır. Hər sütun bir bütöv daşdandır.

Tikinti zamanı şimal divarda həm sağ, həm də sol tərəfdən müqəddəs Qurani Kərim və kitablar üçün taxça qurulub, hər küncdə isə namaz qılmaq üçün hücrələr ayırılıb.

Cənub divarında ərəb üslubunda mehrab yerləşir. Məscidin mərkəzində şam yandırmaq üçün çılçıraq asılıb. Hazırda həmin çılçıraq mövcud deyil. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə əsasən bu qədim məscidin əl işləməsi olan çox gözəl minbəri olub. Sovet hakimiyyəti zamanında həmin minbəri dövlət tərəfindən gəlib aparıblar. Kəndin Nəcəfdə təhsil almış Müctəhidlərindən biri olan Şeyx Əhməd Nardarani burada dini təbliğatla məşğul imiş. Məscid qumsallıq ərazidə yerləşdiyindən güclü qum çovğunları nəticəsində günbəzə kimi torpaq altında qalmışdır, təqribən XX əsrin ortalarında məscid torpağın altından çıxarılmışdır. Bunu arxiv şəkilləri də subut edir. Məscidin iki çöl qapısı var: əsas qapı qərb tərəfdəndir, üzərində kitabəsi var, digər qapı isə şərq tərəfdəndir - ehtimal olunur ki, bu qapı yeni üslubda görünüşə malik olduğu üçün nisbətən sonradan tikilmişdir.

Bu məscidin damında 8 künclü özülü olan gümbəz vardır. Gümbəzin ucunda isə kilid daşı var. Əsas qapının üstündə, tağın altında uzunluğu 0,7 m, eni isə 0,6 m olan ərəbcə yazı var. Yazının tərcüməsi aşağıdakı kimidir: "Bu müqəddəs məscidin inşası haqqında qəhrəman və xeyirxah Sultanın hakimiyyəti dövründə, Sultanın oğlu Şah Əbbas - əl - Səfəvi –əl – Musəvi – əl - Hüseyninin zamanında əmr verilmişdir. Allah onun hakimiyyətini uzun ömürlü etsin. Bəxş Əli bin -Şeyx Müzəffər. Hicri 1073-cü il".

Kənd camaatı arasında (və bəzi yazılı mənbələrdə) bu məscid "Haci Bəxşi" məscidi kimi tanınır.


Tarix: 25.02.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Məscidlər
loading...