Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ciftin finksiyaları və yerləşməsi

Mayalanmadan sonra əmələ gəlmiş yeni hüceyrə toplusu uşaqlıq boşluğuna düşür və müəyyən müddətdən sonra uşaqlığın divarına implantasiya edir (bərkidilir).
Daha sonra (hamiləliyin təxminən 2-ci həftəsindən başlayaraq) bu yerdə ciftin əmələ gəlməsi prosesi başlayır. Bu proses hamiləliyin təxminən 16-cı həftəsində sona çatır. Cift içəridə damarlar keçən göbəkbağı vasitəsilə ana və uşağın orqanizmlərini bir-biri ilə birləşdirir.
Cift çox vacib orqandır. Cift bir sıra mühüm vəzifələri yerinə yetirir:
- cift vasitəsilə döl ana orqanizmindən bütün ona lazım olan qidalı maddələri (zülallar, yağlar, vitamin və mikroelementlər və s.) və oksigeni alır. Daha sonra isə istifadə olunmuş maddələr və karbon qazı yenə də cift vasitəsilə döl orqanizmindən xaric olunur.
- cift hamiləlik zamanı vacib olan bəzi hormonları istehsal edir.
- cift maneə rolunu oynayaraq, ana orqanizmindən dölün orqanizminə zərərli maddələrin, dərmanların, virusların, mikrobların daxil olmasına maneçilik törədir. Məhz bu səbəbdən bir çox dərmanların qəbulu, infeksion xəstəliklər, zəhərlənmələr hamiləliyin 1-ci trimestrdə hamiləlik və dölün inkişafı üçün ciddi təhlükə yaradır. Cift formalaşdıqdan sonra isə bu faktorların dölə olan zərərli təsiri azalır. Lakin təəssüflər olsun ki, bir çox narkotik maddələr, alkoqol, nikotin və bəzi viruslar ciftdən dölə keçə bilir.
- ananın doğuşa qədərki dövrlərdə keçirdiyi infeksion xəstəliklərə qarşı onun bədənində əmələ gələn anticisimlər cift vasitəsilə dölə keçir. Bu isə uşağın immunitetinin formalaşmasında və inkişafında əhəmiyyətli rol oynayır.
Normada cift uşaqlığın dibinə yaxın və ya uşaqlığın axra divarına bərkidilir. Uşaqlığın bu sahələri daha yaxşı qanla təchiz olunur ki, nəticədə döl oksigen və qidalı maddələrlə normal şəkildə təmin edilir.
Lakin bəzən müxtəlif səbəblərə görə döl lazım olan yerdə yox, daha aşağıda implantasiya edir. Bu səbəblərin arasında: uşaqlıqda abortdan və ya cərrahiyyə əməliyyatlardan sonra çapıqlar qalıb, uşaqlıqda miomalar, anadangəlmə defektlər var və s. Nəticədə döl uşaqlığın aşağı hissələrində implantasiya olunur və burada cift inkişaf etməyə başlayır.
Əgər cift uşaqlığın çıxacağına 6 sm-dən yaxın məsafədə yerləşirsə, bu patoloji hal sayılır və hamiləliyin gedişatına və doğuşa mənfi təsir edir.
Cift uşaqlığın boynunun dəliyini tam bağlayırsa, bu halda təbii doğuş mümkünsüz olur və qadın qeysəriyyə kəsiyi əməliyyatına göndərilir.
Cift uşaqlığın boynunun dəliyini tam bağlamırsa, bu halda təbii doğuş bəzi hallarda mümkün ola bilər.
Cift normadan aşağıda yerləşirsə, lakin bu zaman uşaqlığın çıxacağı bağlanmırsa, təbii doğuş mümkündür.
Ciftin normadan aşağıda yerləşməsi hamiləliyin gedişatına və dölün inkişafına ciddi mənfi təsir edə bilər. Məsələ burasındadır ki, bu halda ciftin qopması təhlükəsi adi hallarla müqayisədə daha çoxdur. Cift qopduqda isə dölün inkişafı dayanır və döl həlak olur. Anada isə bu zaman güclü qanaxma baş verə bilər ki, bu ananın səhhətinə təhlükə yaradır.
Bəzi hallarda cift tam yox, qismən qopa bilər. Bu zaman qopmuş yerdə hematoma (qansızma) əmələ gəlir. Ciftin qopmuş sahəsi böyük olduqda, döl qidalı maddələr və oksigenlə pis təmin olunur ki, onun inkişafı ləngiyə bilər, inkişafında pozulmalar əmələ gələ bilər.
Nəzərinizə çatdıraq ki, ciftin normadan aşağıda yerləşməsinin heç bir müalicəsi yoxdur. Lakin əgər sizdə hamiləliyin əvvəlində USM zamanı ciftin normada aşağıda yerləşməsi aşkar olunubsa, vaxtdan tez narahat olmayın. Məsələ burasındadır ki, hamiləliyin müddəti artdıqca uşaqlığın ölçüləri böyüyür və nəticədə cift bərkidilmiş yer əksər hallarda özü-özündən yuxarı qalxır. Buna "ciftin miqrasiyası" deyilir. Həkimlərin müşahidələrinə görə, hamiləliyin əvvəlində aşkar olunmuş ciftin aşağıda yerləşməsi yalnız 5% hallarda hamiləliyin 32-ci həftəsinə kimi qalır. 95% hallarda isə cift özü-özündən yuxarı qalxır.
Beləliklə, əgər hamilə qadında ciftin normadan aşağıda yerləşməsi aşkar olunubsa, bu qadın daim həkimin nəzarətində qalmalıdır, fiziki yükləmələrdən, stresdən uzaq olmalıdır, cinsi əlaqələrdən çəkinməlidir. Hamiləliyə təhlükə yarandıqda (ciftin qopması, qanaxma və s.) qadın xəstəxana şəraitində müalicə almalıdır.


Tarix: 24.12.2014 / 12:21 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Hamiləlik
loading...