Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana və körpə...

Son zamanlar diqqətimi cəlb edən ən mühüm problemlərdən biri ailələrdə uşaqların düzgün tərbiyə olunmamasıdır. Əslində bu çox aktual mövzu olmaqla yanaşı olduqca önəmli məsələdir. Burada işlətdiyim “önəmli” – sözü doğurdan sözün əsl mənasında, həqiqi mənasında işlədilmiş sözdür.

Uşaqları düzgün tərbiyə etmək üçün ilk növbədə valideynlər düzgün tərbiyənin necə verilməsi haqda məlumatlandırılmalıdır.

Uşaq tərbiyə olunarkən hər növ tərbiyədən – fiziki, əxlaqi, estetik, mənəvi, ekoloji, əqli, əmək – istifadə olunmalıdır.

Bu tərbiyə növlərini analara bir az geniş şəkildə izah etmək istəyirəm.

Yuxarıda adlarını çəkdiyim tərbiyə növlərini elmi şəkildə izah edə bilərəm, lakin bunu analarımıza məişət üslubunda izah etmək daha məqsədə müvafiq olar.

İstər İslam dini, istərsə də müasir elmi tədqiqatlar göstərir ki, uşağı ana bətnində olandan tərbiyə etmək lazımdır.

Bəzən analara psixoloqlar nəyisə məsləhət görəndə analar bunu qulaqardına vurur, hətta istehza ilə qarşılayırlar.

Məsələn, uşaq bətində olarkən onunla çoxlu söhbət et, uşağa nəvaziş göstər – deyə məsləhət verən psixoloqlara anaların ilk cavabı bu olur:

– Uşaq nə başa düşür axı? Və ya hələ o uşaq deyil...

Halbuki, anaların bu məsələylə bağlı heç bir elmi əsası yoxdur. Yəni bu elmə əsaslanan tövsiyyəyə rədd cavabı verən ana heç bir elmə əsaslanmır. Əksinə bu məsləhəti verən psixoloq tutarlı elmi və təcrübi nəzəriyyələrə əsaslanır.

Adətən, uşaqlar müəyyən problemlərlə doğulurlar. Buna nəzər salanda görürük ki, problem ana bətnində olarkən meydana gəlmişdir.

Bütün bunları nəzərə alaraq analara aşağıdakı məsləhətləri vermək istəyirəm.
Uşaq bətnə düşdüyü gündən qadın artıq özünə, ana gözü ilə baxmalıdır.
Hər gün təmiz havada olmaq uşağın inkişafı üçün çox xeyirlidir.
Bu dövrdə diqqət yetiriləsi önəmli məsələlərdən biri ananın qidasıdır. Ananın düzgün qidalanması bilavasitə uşağın inkişafına təsir edir.
Ana bu dövrdə əsəblərinə xüsusi diqqət yetirməlidir. Çünki keçirilən hər xırda stress, əsəb, gərginlik uşaqda dünyaya gələndən sonra özünü mütləq biruzə verəcək. Bu isə müxtəlif xəstəliklərin başlanğıcı deməkdir.
Xanım 9 ay müddətində (4-cü aydan sonra) daim uşaqla ünsiyyət qurmalıdır. Ona nəvaziş göstərməlidir. Onun dünyaya gəlişini səbirsizliklə gözlədiyini deməlidir. Uşağın xarici aləmlə təması, yəni ananı eşitməsi elmi əsaslarla, dəlillərlə sübut olunub. Bundan əlavə müasir texnikanın inkişafı nəticəsində artıq dünyaya gəlməzdən əvvəl körpənin cinsiyyəti məlum olur. Bu məsələlərdə problem yaranır. Ata- oğlan, ana- qız övladı istəyir. Bəzən boşanmalara belə səbəb olur bu məsələ.

Bu problemi yaşayan ailələrə üzümü tutub demək istəyirəm ki, cinsiyyətindən asılı olmayaraq, hətta qüsurlu bir övladın həsrətini çəkən yüzlərlə ailələr var. Siz isə Allahın verdiyi bu övlad payının cinsiyyətinə görə ailənizi dağıdırsınız. Sizcə bu haqsızlıq deyilmi?

Ana psixoloji olaraq, özünü doğuma hazır etməlidir. Bəzən son günlərdə keçirilən qorxu hissləri uşağın dünyaya vaxtında gəlməsinə mane olur.

Bütün bu tədbirlərdən sonra Allahın lütfü ilə dünyaya körpə gəlir. Elə məhz həmin gündən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır.


Tarix: 08.01.2013 / 11:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1029 Bölmə: Hamiləlik
loading...