Hamiləlik zamanı sidiyin analizi çox vacib analizlərdən biri sayılır və müntəzəm olaraq hamiləliyin əvvəlindən axırına kimi verilir.
Analiz verdikdən 1 gün əvvəl duzlu, kəskin və həmçinin zülallarla zəngin olan qidaları (ət, yumurta və s.) qəbul etmək, güclü fiziki və psixoloji yüklənmələrə məruz qalmaq olmaz ki, bu analizin nəticələrinə təsir etməsin.
Sidik sübh tezdən (birinci sidik) steril qaba yığılmalıdır. Sidiyi yığdıqdan əvvəl qadın yaxşı yuyunmalıdır ki, sisiyə uşaqlıq yolundan və anusdan mikroblar düşmısin. Qaba "orta" sidik yığılır. Bu nə deməkdir? Əvvəl qadın ilk 3 saniyə ərzində sidiyi unitaza ifraz etməlidir və sonra isə orta sidiyi qaba yığmalıdır. Sidik tez bir zamanda (yığdıqdan sonra 2 saat ərzində) laboratoriya çatdırılmalıdır. Bütün sadaladığımız qaydalara dəqiq riayət etmək lazımdır ki, analizin nəticələri maksimal dəqiq olsun.
Analiz zamanı sidikdə zülalın olub-olmamasına xüsusi diqqət yetirilir. Normada hamilə qadının sidiyində zülal olmamalıdır. Lakin zülalın çox cüzi miqdarda olması da (0,14 q/l) həkimlər tərəfindən normanın variantı kimi qəbul olunur və təhlükəli sayılmır. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının böyrəkləri, bir çox digər orqan və sistemlər kimi, güclü yüklənmələrə məruz qalır. Qadının böyrəkləri həm onun özünün, həm də dölün orqanizmlərində əmələ gələn parçalanma məhsullarını, toksinləri və digər zərərli maddələri orqanizmdən xaric etməli olur.
Bəzi hallarda hamilə qadının böyrəkləri bu yüklənmələrə tab gətirməyə bilər. Nəticədə qadının sidik analizində zülalın kəskin artması aşkar olunur. Bu hal tibbdə "proteinuriya" adlandırılır. Hamilə qadının sidiyində zülalın artması müşahidə olunduqda, ona təkrar sidik analizləri təyin olunur. Bunun nəticəsində zülalın artmasının dinamikasını izləmək, onun daim və ya "birdəfəlik" artmasını təyin etmək mümkün olur. Hamilə qadının sidiyində zülalın artması həqiqətən "birdəfəlik" xarakter daşıya bilər. Bu güclü psixoloji stress, fiziki gərginlik, bəzi dərmanların qəbulu və ya tərkibində çoxlu miqdarda zülal olan qidaların qəbulundan sonra mümkündür. Zülalın belə "birdəfəlik" artması isə, təbii ki, qadının səhhəti və hamiləliyin gedişatı üçün heç bir təhlükə yaratmır və müalicə tələb etmir.
Həqiqi proteinuriya isə sistit, pielonefrit, qlomerulonefrit kimi böyrək və sidik kisəsi xəstəliklərinin əmələ gəlməsi və ya kəskinləşmə zamanı baş verə bilər.
Bundan əlavə hamilə qadında hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, böyrək və ya sidik yolları infeksiyaları, böyrəklərin polikistoz xəstəliyi sidikdə zülalın artmasına səbəb ola bilər.
Sidikdə zülalın artmasına səbəb olan ən təhlükəli hal hestoz sayılır. Hestoz qadında yalnız hamiləlik zamanı inkişaf edir və uşaq dünyaya gəldikdən sonra keçir. Hestozun digər əlamətləri arasında - arterial təzyqinin artması, ödemlərin əmələ gəlməsidir.
Hestoz hamiləlik toksikozlarının təhlükəli formasıdır. Hestoz zamanı böyrəklərin fəaliyyətində ciddi pozulmalar baş verə bilər ki, nəticədə ciftin də funksiyaları pozulur. Nəticədə cift öz müdafiə funksiyalarını yerinə yetirmir, uşaq anadan ona lazım olan qidalı maddələrini və oksigeni almır. Bu isə uşağın inkişafdan qalmasına, vaxtından tez doğuşa, uşağın ölü doğulmasına səbəb ola bilər.
Hestoz bir çox vaxtlarda xüsusi müalicə tələb edir. Bu zaman qadın xəstəxanaya yerləşdirilir və burada daim həkimlərin nəzarətində olur.
Hamiləliyin axırında inkişaf etmiş hestoz vaxtından tez doğuşun stimulyasiyasına göstəriş ola bilər. Həkimlər buna ana və uşağın həyatının xilas olunması naminə getməli olurlar.
Tarix: 24.12.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Hamiləlik