1. Dinimiz İslam valideynin daşıdığı məsuliyyətlər, onun müqəddəsliyi və mənəvi dəyərləri üzərində təkid edir. Belə ki, valideynin bəzi mühüm rəftarları müqabilində mükafatların nəzərdə tutulduğu qeyd olunur. Məsələn, Allahın rəsulu (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) analıq vəzifəsi haqqında belə buyurur:
“Qadın hamilə olduğu müddətdə onun savabı oruc tutanın, namaz qılanın və malı-canı ilə Allah yolunda cihad edənin savabı kimidir. Doğduğu zaman isə ona verilən mükafatın böyüklüyünü kimsə dərk edə bilməz. Övladına süd verərkən körpənin hər süd əmməsi zamanı İsmayıl övladlarından bir qul azad etmənin savabını qazanar. Əgər övladına davamlı şəkildə süd versə bir mələk ona bütün keçmiş günahlarının bağışlanması və əməl dəftərinin yenidən başlanması müjdəsini verər.” (Hürr Amuli, “Vəsailuş-şiyə”, c. 15, səh:175) Valideyn çəkdiyi qayğı müqabilində mənəvi dəyərlər əldə edəcəyinə inam bəslərsə, bu inam onun üzərində iki təsir qoyar: birincisi, onun bu sahədə göstərdiyi səylər artar; ikincisi, öz rəftarının mənəvi dəyərini dərk edər və valideynlik vəzifəsinin icrası zamanı qarşılaşdığı çətinliklər asan görünər.
2. İslam təlimləri övlad dünyaya gəlməzdən və hətta nütfə bağlanmazdan əvvəl valideyn üçün vəzifələr təyin etmiş və valideynlərə çox mühüm tövsiyələr vermişdir. Sözsüz ki, bu özü valideynin əxlaq və psixoloji hallarının doğuşdan öncə də uşağa təsir qoyduğunu bildirir.
3. İslam təlimləri müxtəlif sahələrdə – cismani, psixoloji, əxlaqi, ictimai və s. sahələrdə övladı düzgün tərbiyə edə bilməsi üçün valideynə tövsiyələr vermişdir .
4. Valideynin bütün şəraitdə övladları ilə dostluq münasibətlərini qoruyub saxlaması mühüm məsələ olaraq önə çəkilir. İnsan lap uşaqlıqdan başqalarının müsbət mənada diqqətinə ehtiyac duyur. Təbii ki, valideyn də öz övladına müsbət duyğularla yanaşır. Lakin zaman keçdikcə bu müsbət duyğular şərtdən asılı olur və bu şərt övladın xoş rəftarıdır. Başqa ibarətlə desək: zaman keçdikcə övladı xoş rəftar göstrədiyi üçün valideyn ona müsbət duyğular bəsləyir. Məsələn, valideyn övladından münasib olmayan bir hərəkəti gördükdə: “Səni çox istəmirəm” – deyir, yəni övladının xoş rətarını öz sevgisinin şərti olaraq önə çəkir. Bu sözü deyərkən valideyn övladının bütün xarakterini qədul etmədiyini büruzə vermiş olur. Bu da övladda mənfi təsir yaradır. Valideyn övladını olduğu kimi, yəni bütün güclü və zəif tərəfləri ilə qəbul etməyi bacarmalıdır. Əlbəttə bu o demək deyil ki, övladın mənfi xüsusiyyətlərinə göz yummalıdır. Sözsüz ki, övladının bəzi rəftarlarından – yeməyi tökməsindən, digər yaşıdlarını incitməsindən xoşlanmadığını bildirməlidir, amma bu uşağın, ümumiyyətlə, ana-övlad məhəbbətinin aradan getdiyini düşünməsinə səbəb olacaq tərzdə olmamalıdır.
Təbii ki, heç nəyi şərt qoymadan müsbət duyğular bəsləməık olduqca çətindir. Uşağın həddi aşan dəcəllikərinə dözmək olduqca çətindir, nəticədə valideyn əsəbləşir, uşaqdan küsür. Bu küsülülük müddətində uşaq valideyn sevgisindən məhrum qalır. Valideynlər bütün həyat mərhələlərində heç bir şərtə əsaslanmayan məhəbbətlə övladlarını təmin etməyə çalışmalıdırlar. Çünki bu üsul uşaq böyüyənədək onun fiziki inkişafında və psixikasının sağlamlığında əvəzedilməz rola malikdir. Uşağın inkişaf mərhələlərinin tələbinə uyğun olaraq dinimiz uşağı uşaq dili ilə mehribancasına danışdırmağı, bəzən məhəbbəti sözsüz rəftarla, məsələn, uşağın üzünə məhəbbətlə baxaraq bildirməyi, uşağı sinəsinə basmağı, öpməyi və nəvaziş göstərməyi tövsiyə edir.
5. Dinimizin nəzərinə görə, valideynin əsas rəftar üsulundan biri uşaqlar arasında ədalətə riayət edib, onlara eyni məhəbbəti bəsləməkdir. Uşaqlar arasında məhəbbəti istər rəftar, istər sözlə büruzə verərkən fərq qoymaq uşaqlarda həsəd və həqarət kimi hisslərin yaranmasına səbəb olur. Qızlar məhəbbətə daha çox həssaslıq göstərdikləri üçün dinimiz qız övladlarına diqqəti daha çox büruzə verməyi tövsiyə edir. Lakin bu diqqət oğlanlara fərq qoyacaq şəkildə olmamalıdır və oğlanların məhəbbətə olan ehtiyacı valideyn tərəfindən münasib şəkildə ödənməlidir.
Tarix: 08.01.2013 / 11:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 771 Bölmə: Hamiləlik