Hamiləlik zamanı qadın müxtəlif ağrılarla — baş ağrısı, diş ağrısı, əzələ ağrısı və s. üzləşə bilər.
Bütün qadınlar bilir ki, bir çox dərman preparatları hamiləlik zamanı qəbul etmək olmaz. Bu qayda əksər ağrısızlaşıran dərman preparatlarına da aiddir.
İlk növbədə ağrı ilə mübarizədə təbii vasitələrdən istifadə etmək lazımdır. Belə ki, diş ağrısı zamanı ağrıyan dişin üzərinə və ya xarab dişin oyuğuna qoyulan mixək, 1 tikə sarımsaq, 1 tikə propolis, diş pastası kömək edə bilər. Bundan əlavə hər 2 saatdan bir duzlu su ilə qarqara iltihabı və ağrını xeyli azaldır (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).
Baş ağrıların səbəbi gərginlik olduqda, qadın bir qədər uzanmalı və rahatlanmalıdır. Bir çox hallarda baş ağrıların səbəbi damarların sıxılması (spazm) olur. Bu halda no-şpa kimi preparatın qəbulu yaxşı kömək edir. No-şpa tam ziyansız və hamiləlik zamanı geniş istifadə olunan spazmolitik preparatdır.
Lakin bəzi hallarda ağrılar dözülməz olur və bu kimi üsullarla onları aradan qaldırmaq mümkün olmur. Bu halda ginekoloqların əksəriyyəti parasetamol kimi (Panadol və s.) ağrısızlaşdıran preparatı tövsiyə edir. Parasetamol müxtəlif ağrılar (baş, diş, qulaq və s.) zamanı çox tez və effektli şəkildə təsir edir, hərarət salır və iltihabəleyhinə təsir edir.
Elmi araşdırmalar sübut edir ki, parasetamol ciftdən keçsə də az dozalarda və qısa müddət ərzində qəbul etdikdə dölün inkişafına mənfi təsir etmir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı ekspertləri bu ağrısızlaşdıran preparatı hamilə qadınlar üçün ən təhlükəsiz preparat hesab edirlər. Qara ciyərin fəaliyyətində ciddi pozulamaları olan qadınlar üçün bu preparat əks-göstərişdir.
Parasetamoldan əlavə hamiləlik zamanı yalnız müstəsna hallarda həkimin məsləhəti ilə analgin istifadə oluna bilər. Lakin analgin ciftdən keçir və uzun müddət ərzində istifadə etdikdə dölün inkişafına mənfi təsir edir. Bundan əlavə analgin qanda hemoqlobinin səviyyəsini aşağı salır.
Nurofen də ağrıları effektli şəkildə yox edir. Lakin hamiləliyin 3-cü üçaylığında nurofen qəbul etmək tövsiyə edilmir ki, bu preparat dölyanı suların azalmasına səbəb ola bilər.
Parasetamol, nurofen, no-şpa rektal şamlar şəklində də buraxılır. Preparatların bu forması hamiləlik zamanı ən ziyansız sayılır.
Uşaqlığın tonusunun artması ilə bağlı olan ağrılarla mübarizədə papaverin, no-şpa və riabal kimi preparatlar istifadə oluna bilər.
Hamiləliyin 2-ci üçaylığından uşaqlığın tonusunun artması ilə bağlı olan güclü ağrılar zamanı bəzi müstəsna hallardaspazmalqon və baralgin inyeksiyaları istifadə oluna bilər.
Hamilə qadınlar əzələ, bel ağrıları, çıxıqlar və s. ağrılarla üzləşə bilər. Hamı bilir ki, belə ağrılar zamanı ağrısızlaşdıran mazlar yaxşı kömək edir. Lakin hamiləlik zamanı belə mazların bir çox hissəsi istifadə olunmur.
Bu halda yalnız müstəsna hallarda və yalnız həkimlə məsləhətləşdikdən sonra traumel, fastum-gel, doktor mom, diklofenak mazı istifadə oluna bilər.
Hamiləlik zamanı hər bir dərman preparatı yalnız həkimlə məsləhətləşdikdən sonra və hamiləliyin 12-ci həftəsinə kimi xüsusi ehtiyyatla qəbul etmək olar.
Sağlam olun!
Tarix: 23.11.2014 / 22:03 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Hamiləlik