Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atomizm

Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir.
Empedokl (b. er. əv. 490– 430) özündən əvvəlki nəzəriyyələrin sintezini yaratmağa çalışmışdır. Elə bil ki, Falesi, Anaksimeni, Herakliti və Ksenofonu barışdıraraq 4 ünsürü (torpaq, su, hava və odu) dünyanın əsası hesab etmişdir. O, dörd ünsürü «bütün şeylərin kökü» sayırdı. Hər şeyin dəyişkənliyini, keçiciliyini izah edərək dəyişikliyin– əksliklərin mübarizəsini məhəbbət və düşmənçiliyin münasibəti ilə əlaqələndirmişdir. Onun «Təmizlənmə» poemasında elə fikirlər vardır ki, burada ruhun bədəndən bədənə keçməsindən söhbət açılır.
Mexanisizmin ikinci nümayəndəsi Anaksaqor (b. er. əv. 500– 428) dahi sərkərdə və dövlət xadimi Periklin dostu olmuşdur. Anaksaqora görə, kainat sonsuz dərəcədə kiçik və əbədi hissəciklərdən təşkil olunmuşdur. O, bu hissəcikləri şeylərin toxumu hesab edib «homeomerlər» adlandırmışdır. Anaksaqora görə, ağıl («nur») ən incə və yüngül materiya kimi kimi zərrəcikləri birləşdirir, ayırır və hərəkətə gətirir. Bu fikrinə görə onun özünə «nus» ləqəbini vermişlər. O, Afinadan qaçmağa məcbur olmuş, Kiçik Asiyanın Lampsak şəhərində fəlsəfi məktəbini yaratmışdı. «Təbiət haqqında» əsərində səma hadisələrinin (ayın tutulması) təbii– elmi izahını vermişdir. Bu isə onu allahsızlıqda təqsirləndirmək üçün kifayət etmişdir.
Ümumiyyətlə, antik fəlsəfədə atomizm əsas etibarilə Demokrit (b. er. əv. 460– 370) tərəfindən təmsil olunmuşdur. Bu böyük qədim yunan materialisti atomist fəlsəfəni işləyib hazırlamışdır. Demokrit mağların və eləcə də xaldeylərin tələbəsi olmuşdur. Misirdə, İranda və Hindistanda biliyini artırmışdır. Demokrit varlıq, qeyri– varlıq və boşluq anlayışlarını ayırmışdır. Varlıq boşluq vasitəsilə hissəciklərə bölünmüşdür. Onlar bütövdür, yəni atomdur (bölünməzdir), öz aralarında onlar forma, hərəkət, böyüklük, çəki və s. ilə fərqlənirlər. Hisslə qavranılan keyfiyyətləri (rəngi, qoxusu və s.) subyektiv məhiyyətdədir. Dünya atomlar və onların hərəkətindən ibarətdir. Hərəkət atomların təbiətidir. Hərəkətin xarakteri təkanın sayəsində dəyişir.
Demokritə görə, ruh özü də atomlardan ibarətdir. Onlar dəyirmi, hamar, xırda və hərəkətdə olan oddan ibarətdir. Onlar cisimdə yerləşirlər. İlk dəfə Demokrit ruhu materialist kimi şərh etmişdir.
Dünya haqqında iki versiya Demokritə məxsusdur. Birincisi, atomlar xaotik olaraq mümkün olan bütün istiqamətlərdə hərəkət edirlər, toqquşaraq qasırğalar yaradır. Onlardan torpaq, günəş, ay torpağın qasırğasına cəlb olunmuşlar; ikincisi, atomlar əvvəlcə yuxarıdan aşağıya düşürdülər, ağırları tez düşür, yüngülləri də aşağı salırdılar. Zərbələrdən qasırğalar yaranırdı. Həm birinci, həm də ikinci versiyada qaçılmaz zərurət fəaliyyət göstərmişdir.
Atomizm bir növ varlıq və qeyri– varlığın sintezi baxımından mexanisizmin tamamlanmasıdır.


Eklektizm– bir– birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi.
Sofizm– formal olaraq düzgün görünən, bilə– bilə yanlış çıxarılmış əqli nəticə. Sofizm anlayışların iki mənalılığına əsaslanır. Hadisələrin ayrı– ayrı tərəflərinə üstünlük verilir.


Tarix: 09.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 175 Bölmə: Fəlsəfə
loading...