Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur. Və o, beyində öz – özünə yaranmır, beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin sayəsində formalaşır. Şüurun təşəkkülü mexanızminin aparıcı elementi maddi mühitlə insan beyni arasındakı vasitəçilər olan hiss üzvləridir. Onlar isə daxili və xarici olmaqla iki yerə bölünürlər. Xarici hiss üzvləri (görmə, eşitmə, dad bilmə, toxunma) beyinlə xarici aləm arasındakı ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdır. Daxili hisslər isə sırf idrak prosesinə daxil olan, onun emosional sahəsi ilə, məntiq əməliyyatı ilə bağlı olan mənəvi – hissi ifadələrdir.
Müasir fəlsəfi tədqiqatlarda şüurun dünyaya münasibətinin əsas tipləri olmaq etibarı ilə birincisi, şüurun mövcud olması formalarından olan idrakı, ikincisi, şüurlu insanın məqsədəuyğun fəaliyyətindən ibarət olan praktikanı, üçüncüsü, cəmiyyətdə mövcud olan əxlzqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə və insana sərvət münasibətlərini bir – birindən fərqləndirirlər. Şüurun necə mövcud olması üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir.
Şüur idraksiz, obyektiv aləmə idraki münasibət olmadan qeyri – mümkündür. Şüurun sistemli elementləri duyğu, qavrayış və təsəvvürlərdən ibarətdir. Onlar strükturca təşkilə malik olan öz qanunauyğunluqları ilə keyfiyyətcə fərqlənən ideal bütövlükdür.
Şüurun varlığının digər mühüm tərəfini mənlik şüuru adlandırılan özünü dərketmə təşkil edir. Özünü dərk etmə insanı öz hərəkətlərini, hisslərini, fikir və davranış motivlərini, cəmiyyətdə tutduğu yeri və vəzifələrini dərk etməyə deyilir.
Özünü dərk etmənin strükturu və formaları, pillələri və səviyyələri mövcuddur. İlkin pillədə o, öz – özlüyünü hiss etməkdən, ikinci pillədə isə özünün müəyyən insan birliyinə aid olduğunu, üşüncü pillədə şəxsi «mən» şüurunu anlamaq, ona nail olmaq və formalaşmadan ibarətdir. Fəlsəfə tarixində bilik və həqiqətə özünü dərk etmə şüuru ilə yaranan ilk filosof Sokrat olmuşdur. Onun fikirləri «mən bir şeyi bilirəm ki, heç nəyi bilmirəm, başqaları heç bunu da bilmirlər» və özünü dərk et və s. Dekert «düşünürəm, deməli mövcudam», Kant isə «öz hərəkətlərinə fikir ver ki, o, ümumi qanunlara uyğun gəlsin».
Tarix: 09.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Fəlsəfə