Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qay Yuli Sezar

Qay Yuli Sezar əsl adı Gaius Julius Caesar[1](d.13 iyul, b.E.ə. 100 – ö.15 mart, b.E.ə. 44) – Qədim Roma imperiyasında siyasi xadim, sərkərdə, yazıçı.

Məlumat

Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz "yoldaşlarından" biri də İsgəndərin kiçik mərmər büstü imiş…

Sezar yoxsullaşmış qədim zadəgan ailəsində, rəvayətə görə əslən Kiçik Asiyalı, daha doğrusu troyalıların nəslindəndi. Onun siyasi fəaliyyətə başladığı dövr Mariy və Sullanın mübarizəsi dövrünə təsadüf etmişdi. Mariy ilə qohum olan Sezar bu qohumluqdan imtina etmək təklifini rədd etmişdi. Onu labüd ölümün pəncəsindən yalnız nüfuzlu dostları xilas etdi və Sezar Romanı tərk etməyə məcbur oldu. Yolda dəniz quldurlarına əsir düşdü. Amma pul verib azad oldu və qayıdıb həmin quldurları gəmiləri ilə batırdı. Sulladan sonra Romaya qayıdıb yenidən coşqun fəaliyyətə başladı. Xalqın rəğbətini qazanmaq üçün böyük ziyafətlər verib təntənəli oyun və tamaşalar təşkil edirdi. Müxtəlif vəzifələrdə olmuşdu. Nəhayət, 59-cu ildə Romada ən böyük vəzifə sayılan konsul seçilir, Krass və Qney Pompeylə bərabər I triumvirantın üzvü olur.

Miladdan əvvəl 54-cü ildə Qalliyada konsul rütbəsini daşımaqla baş komandan kimi müharibələrə gedir və 10 ilə ramolunmaz german xalqlarını və tayfalarını itaət altına alır. Hətta iki dəfə Britaniya adalarına gedib oranı da Roma imperiyasına qatır. Krassın ölümündən sonra triumvirant dağılır, dünənki dostlar, Pompey və Sezar düşmənə çevrilirlər. 49-cu ilin yanvarında Sezar ona sadiq olan legionlarla Rubikon çayını keçib İtaliya torpağına qədəm basdı. Romadan azca aralı Farsal adlanan yerdə qədim dövrün bu iki məşhur sərkərdəsi qarşılaşdı. Pompeyin ordusunda 45 min piyada, 7 min süvari, Sezarın isə cəmi 22 min piyadası və 1000 atlısı vardı. Pompey ordusunu 3 cərgəyə böldü, sağda ox və praşa atanlar, solda süvarilər ortada isə özü qalanlarla bərabər mövqe seçdilər. Məqsəd Sezarın zəif müdafiə olunan sağ cinahına həmlə edib onu pərən-pərən salmaq idi. Əlbəttə, rəqibindən qat-qat istedadlı sərkərdə olan Sezar onun taktikasını başa düşməyə bilməzdi. O, süvarilərini və yüngül piyadaları sağ cinahda qoyub əsas zərbə qüvvəsini ehtiyatda saxladı.

Döyüş başlananda nəzərdə tutulduğu kimi Pompeyin süvariləri güclü hücuma keçdi. Sezarın dəstələri geri çəkildi, qovanlar Sezarın əsas legionları tərəfindən darmadağın edildi. Pompey düşərgəni tərk edib Misirə qaçdı. Bu qələbədən sonra Sezar Romanın yeganə hakimi olub dünya hərb tarixinə yeni bir səhifə — ehtiyat qüvvə hesabına döyüşün taleyini həll etmək taktikasını əlavə etdi.

Misirə qaçarı Pompey orada öldürüldü. Kiçik qoşunla Misirə gələn Yuli Sezar burada gecə ikən qəfil hücumla rastlaşsa da öz hərbi dühasının qüdrətiylə təhlükələrdən qurtuldu. Sonra İsgəndəriyyə döyüşündə qalib gəlib Misiri Roma imperiyasına qatdı. Gənc şahzadə Kleopatraya evləndi. Bir neçə aydan sonra Bospor çarı Farnak üzərində asanlıqla qələbə çaldı. Daha sonra Tapse şəhərində Pompeyin oğlu Sekt Pompeyin və Katonun başçılığı altında toplaşmış çoxlu qoşunlara qalib gəlib nəhayət, təntənəylə Romaya qayıtdı. Burada onun şəninə keçirilən triumfda iştirak edib Mund adlanan yerdə bu dəfə Pompeyin başqa bir oğluna qalib gəldi və nəhayət, neçə illərdən bəri gedən vətəndaş müharibəsinə son qoyuldu.

Hələ Farnak qələbəsindən sonra ömürlük diktator elan olunan Sezar bundan sonra dövlət qurulucuğu ilə məşğul olub bir sıra islahatlar keçirdi. Senat ona varislərinə keçmək hüququ ilə "imperator" titulunu bəxş edib əlavə olaraq "Vətənin atası" dərəcəsini verdi. Və elə bu zaman, imperiyada qayda-qanun, ədalət və firavanlıq başlanarkən Brut və Kassi başda olmaqla bir dəstə keçmiş tərəfdarları ona qarşı sui-qəsd təşkil etdilər. Senatın toplaşdığı mart idası günlərində — 15 mart 44-cü ildə bu sui-qəsd qəddarcasına həyata keçirildi və dünya tarixinin daha bir qızıl səhifəsi örtüldü. Ona 23 xəncər zərbəsi vuruldu və imperatorun "Brut, sən də?" — sözləri onun son kəlamı oldu. Ölüm xəbəri şəhərə yayıldı. Xalq həyəcana gəldi, qadınlar sevgi əlaməti olaraq saçlarını kəsdilər. Onun qətlində iştirak edənlərin hamısı sonralar öldürüldü.

Vəsiyyətnaməsi oxunarkən məlum oldu ki, o, Kleopatradan olan oğlu, kiçik Sezarionu deyil, bacısı nəvəsi Oktavianı özünə varis təyin etmişdir. Lakin Oktavian hakimiyyəti asanlıqla ələ ala bilmədiyindən böyük hiylə və məharətlə Siseron, Antoni və başqa güclü rəqiblərini bir-bir aldadıb aradan götürdü. Sezar çətin şəraitdə on il ərzində Qalliyada germanlarla apardığı saysız döyüşlərdə çaldığı qələbələrlə bu azadlıqsevər xalqı Romaya itaət etməyə məcbur etmişdi. O, bu yürüşlər və döyüşlər zamanı daim qeyd dəftərini yanında gəzdirərdi və nəticədə dünya hərbi memuar ədəbiyyatına ən parlaq bir tarixi və hərbi-siyasi əsər bəxş olundu. Üslub gözəlliyinə, təhkiyəsindəki təmkin və əzəmətli ifadə tərzinə əsaslanıb onu imperatoryanə üslub kimi qiymətləndirmişlər. Sezar haqqında yazılmış əsərlər cəm olunsa, bir kitabxana əmələ gələr və orasını qeyd etməyə dəyər ki, bu kitabxananın qiyməti hədsiz dərəcədə böyük olar. Çünki həmin kitablar çox qüdrətli tarixçilərinin qələminin məhsuludur. Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı. Vaxtilə Höte Sezara sui-qəsd edənləri qınayıb yazırdı ki, onlar bu "qeyri-adi təbiət hadisəsinin" əməllərini yarıda qırmaqla gələcək adamları onun daha nələr edəcəyini izləməkdən məhrum etdilər.

Doğrudan da Yuli Sezar hədsiz dərəcədə qeyri-adi bir hadisə idi. Onun hər hərəkəti, sözü tarix və insanlar üçün nümunə və örnək idi. Sezarın hər döyüşündən qalibiyyətlə çıxması özü bir tarixdir. O, Afrikada ikən Numidiya çarı ilə döyüşdə çarın ona qarşı 120 döyüş fili ilə çıxacağını biləndə tez Siciliyadan bir neçə fil gətirdib məşqlərə başladı. Döyüşçülər fillərə əlləriylə toxundular, onlara tərəf küt nizələr atdılar. Atlar da fillərin qoxusuna və görkəminə öyrəşdilər. Bir neçə gündən sonra amansız döyüş başlandı. Bir yaralı fil romalını yıxıb ayağıyla onu əzdi, bunu görən başqa bir döyüşçü dostuna köməyə atıldı — fil xortumuyla onu tutub qaldırdı, döyüşçü xortumu qılıncla kəsib doğrayanda fil onu buraxıb qaçmağa başladı. Beləliklə, Sezar sadə bir yol ilə Numidiya fillərinə qalib gəldi. Sezar döyüşçülərinin onu Allah qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları belə təbəssümlə qarşılayırdı.


Tarix: 05.03.2013 / 13:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1093 Bölmə: Dunya ve tarixi
loading...