Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.
Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.
Həftələr dəyişdi, gönlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Bextiyar Vahabzadə