Yaxşı ki, ayrıyıq, yaxşı ki bizdən
Çırpınti, sarsıntı əl üzmür yenə.
Həyatı öyrəndik həsrətimizdən,
Odur ki, həmişə möhtacam sənə
Rəngi bir, dadı bir toyun büsatın.
Həsrət min rəng çəkir gözlərimizə
Yaxşı ki ayrıyıq, bu dərd həyatın
Dərin qatlarını öyrədər bizə.
Yanımda olanda uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı, hər yerdə sənsən
Mən göre bilmirəm Vallah heç kimi!
Yanında bir quru cisməm özüm də.
Ayrıldım, ruh olub əriyirəm mən
Eşitmir qulağım, görmür gözüm də
Arzudur eşidən, həsrətdir görən.
Adi bir insanam.
Sənin yanında, başqa qayğılarla yaşayıram mən
Elə ki, ayrıldım qəm dumanında
Fikrimin ilki də sonu da sənsən!
Yanında rahatam, sakitəm tamam,
Ayrıldım od tutub alışır ürək.
Rahatliq - ölümdür, hələ mən sağam
Mənə tufan gərək, həyəcan gərək!
Vüsal dəmlərində sən nur mən çıraq,
Görürəm, mən mənəm, sən də sənmisən?
Ayrılıq dəmləri sən, sənsən ancaq
Bilmirəm bəs niyə mən olmuram mən.
Səndən ayrılanda vahidəm, birəm.
Həm bir hədəfə vuruluram mən
Yanında həmişə ikiləşirəm
Ayrıldım, çevrilib SƏN OLURAM MƏN!
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Bextiyar Vahabzadə