Dünyanın...
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Bextiyar Vahabzadə
loading...