Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvan xanlığının hərbi-siyasi vəziyyəti

Şamaxı xanlığının hərbi-siyasi vəziyyətinə dair müxtəlif maraqlı məlumatlar vardır. Mənbələrə istinad edən E.Məmmədova göstərir ki Şirvan xanlığı çox güclü hərbi qüvvəyə malik idi və 10 min, bəzən isə 12 min nəfərlik qoşun toplaya bilirdi. Məhz hərbi cəhətdən güclü olmasının nəticəsi idi ki, xanlıq səkkiz il Quba xanlığının birləşdirmə siyasətinə qarşı mübarizə aparmışdı. Qubalı Fətəli xan bu məqsədlə dəfələrlə Şirvab xanlığı üzərinə hərbi yürüş etmiş, lakin hər dəfə itki verərək geri çəkilmiş, yalnız 1768-ci ildə şəkili Hüseyn xan ilə birləşərək xanlığın ərazisini Şimal-Şərqi Azərbaycan torpaqlarına daxil edə bilmişdir. Şamaxı xanlığı Quba xanlığının tərkibində 1789-cu ilə kimi qalmasına baxmayaraq öz müstəqilliyinə yenidən nail olmaq üçün davamlı olaraq mübarizə aparmışdır.

N. Dubrovin haqlı olaraq göstərir ki, xanlıqların bir-birinə münasibəti tez-tez dəyişirdi. Bunun isə yeganə səbəbi xanlıqların yarandığı ilk illərdə hər hansı bir ərazi üstündə mənafe toqquşmaları idi. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər beynələxalq şəraitdən də asılı olaraq tez-tez istiqamətini dəyişirdi. Məsələyə bir qədər aydınlıq gətirmək üçün Şamaxı xanlığının qonşu Qacarlar İranı, Osmanlı dövləti və çar Rusiyası ilə münasibətlərinə nəzər salaq. Nadir şah imperiyasının dağılmasından sonra İranda taxt-tac uğrunda Qacarlarla Zəndlilər arasında qarşıdurma baş verən zaman Şamaxıda ikihakimiyyətlilik dövrü idi. Bu zaman Hacı Məhəmmədli xan Qacarlara qarşı idisə, Zəndilər Qacarların Azərbaycanın şimal torpaqlarına olan iddiası ilə əlaqədar olaraq əks tərəflə – yəni Köhnə Şamaxıda Sərkərlərlə ittifaqa üstünlük verirdilər.

Ümumiyyətlə, 1761-cı ilə qədər davam edən ikihakimiyyətlilik şəraitində Şamaxı xanlığının İran ilə münasibətləri xeyli ziddiyyətli olmuşdur. 1792-ci ildə Şirvan xanlığında hakimiyyətə sahib olan Mustafa xan isə Qacarlarla münasibətində diplomatik manevr edərək tabe olmaqdan həmişə imtina etmişdir.

Ağa Məhəmməd Qacarın 1795-ci ildə Cənubi Qafqaza olan yürüşü zamanı rus tarixçisi N.Dubrovin Şəki, Şamaxı və Bakı xanlıqlarının tərəddüd etdiklərini göstərir. Onlar son nəticədə öz mülklərini İran ordusunun talanlarından xilas etmək naminə Qacardan vassal asılılığını qəbul etdiklərini bildirirlər. O.P.Butkov göstərir ki, Mustafa xan Qacara tabe olmaqdan imtina edərək Rusiyadan kömək almaq üçün yollar axtarmışdır. Əslində isə o Fitdağ qalasında möhkəmlənməyə hazırlaşırdı. İbrahim Yüksel isə göstərir ki, Azərbaycanın Şimal xanlıqlarının bəziləri Qacara qarşı Osmanlı dövlətindən yardım istəmişdir. Həmin məlumat Türkiyə Respublikasının Baş Bakanlıq Arxivinin "Xəttin-Humayın" fondundan əldə etdiyimiz bir sənədlə təsdiqlənir. Mustafa xanın eyni zamanda həm Rusiyaya, həm də Osmanlı dövlətinə müraciət etməsi xanlığın müstəqilliyini qoruması üçün onun manevr etdiyini göstərir. Mustafa xan Qarabaq, Gəncə, Şəki və Quba xanlıqlarından fərqli olaraq Fətəli şahın (1797-1834) da tabe olmaq haqqında tələbini rədd edir və "şah qələmi elə mənim özümdə də var" deyə şahın hakimiyyətini tanımır.

Şirvan xanlığının Osmanlı dövləti ilə münasibətləri haqqında həm rus, həm də Osmanlı mənbələri məlumat verir. Qacarın hücum təhlükəsi ilə bağlı qarabağla İbrahimxəlil xan öz nümayəndəsi Seyid Abdulla Çələbi vasitəsi ilə Osmanlı sultanına məktub göndərir. Burada İbrahimxəlil xan gəncəli Cavad xanın, şəkili Məhəmmədhəsən xanın, dağıstanlı Ümmə xanın, Kartli-Kaxeti çarı II İraklinin, o cümlədən şamaxılı Mustafa xanın adından türk sultanına müraciəti öz əksini tapmışdır. Şamaxı xanlığının müstəqil siyasət yeritməsi beynəlxalq münasibətlərdə müstəmləkəsilik siyasəti ilə daha çox fərqlənən çar Rusiyasını qane etmirdi.

Şamaxı Niyazabad xəttilə Rusiyanın cənub sərhədlərinə yaxın olduğu üçün Azərbaycan-Rusiya ticarətində mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda gələcəkdə Xəzərsahili əraziləri ələ keçirmək üçün hərbi qüvvələrin Şamaxı ərazisindən keçməsi daha əlverişli idi. Şamaxı xanlıqlar dövründə də rus-Azərbaycan ticarətinin mərkəzi idi. Bu isə qubalı Fətəli xanı qane etmədiyindən Şamaxıda yerləşən rus ticarət mərkəzinin Salyana köçürülməsini rus hökumətinin diqqətinə çatdırırdı. Rəşt müqaviləsinin (1732-cu il) şərtlərinə görə Azər-baycanda gömrüksüz ticarət hüququnu alan rus tacirləri xanlıqlar dövründə də bu hüququ saxlayırdılar. Quba xanlığının təsir dairəsindən çıxdıqdan sonra Şirvan xanları Fətəli xandan fərqli olaraq Rəşt müqaviləsinin şərtlərinə məhəl qoymurdular.

Qacarın Azərbaycanın Arazdan şimaldakı torpaqlarına və Tiflisə qoşun yeritməsinə cavab olaraq II Yekaterina hökuməti Cənubi Qafqaza hücum etmək haqqında qərar qəbul edir və A.Bakıxanovun təbirincə desək, imperatriçə İran ilə müharibəyə başlayır. O. Markova isə göstərir ki, bu yürüşdə əsas məqsəd Xəzərsahili bölgələrdə rus ticarətinin üstünlüyünü qoruyub saxlamaq üçün Ağa Məhəmməd xan Qacarı cəzalandırmaq idi. Qeyd edək ki, həmin ticarətdə Şamaxı mühüm rol oynadığı üçün Şamaxı xanlığının zəbt edilməsi xüsusilə diqqət mərkəzində idi.

Cənubi Qafqaza yürüş edən rus qoşunlarına Zubov komandan təyin edilir. Yürüş 1796-cı ilin aprelində başlayır. Avqustda Şamaxı yaxınlığında yerləşən rus qoşunları Yeni Şamaxıya doğru hərəkət edərkən Mustafa xan şəhərdən çıxaraq Fitdağ qalasında sığıncaq tapır. Mustafa xan Hacı Qədir adlı naibinə tapşırır ki, rus qoşunları Şamaxıdan keçib gedənə qədər onlara qarşı heç bir müqavimət göstərməsin. Digər tərəfdən Mustafa xan Zubova qarşı təşkil olunmuş sui-qəsd-də iştirak edir.


Tarix: 13.01.2015 / 13:43 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycan xanlıqları
loading...