Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XIX-XX əsrdə memarlığın inkişafı

Bu dövrdə Azərbaycan memarlığı iki yöndə – yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.

Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilmişdir. 1860 illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərmişdi.

XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı; 1883, P.İ. Konqnovitski; 1980-cı illərin sonunda sökülmüşdür) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı; 1911, memar N.G. Bayev; 1985 ildə teatrın binası yanmış, 1986-87 illərdə həmin layihə üzrə yenidən bərpa edilmişdir).

XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilmişdi. Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsussiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkaran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.

Bakıdakı Bəy məscidi (İçərişəhərdə; 1895, memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), "İttifaq", yaxud Göy məscid (1912-13), Əmircanda M. Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z. Əhmədbəyovdur) kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.

Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-1870), Şuşada Aşağı məscid (1874-1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda Qarabağlılar məscidi (1880 illər) və s. binalar tikilmişdir.


Tarix: 13.01.2015 / 02:02 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycan xanlıqları
loading...