Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Çələbi xan

Hacı Çələbinin xalqın vəkili təyin olunması
Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin mustəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı.

Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək ucun təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər. Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Məlik Nəcəfin yığdığı vergilərə nəzarət səlahiyyəti verir. Bundan sonra Hacı Çələbi faktiki olaraq, hakimiyyəti öz əlinə alır. O, Məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox işlərə açıq müdaxilə etməkdən də çəkinmir.

Nəcəf Hacı Çələbidən şikayət etmək məqsədilə Nadir şahın düşərgəsinə gəlir: "Çələbi qoymur ki, mən şahın tapşırıqlarını yerinə yetirim. Özü də mənə qulaq asmır, camaatın da başını pozur." Belə zəngin bir mahalı əldən buraxmaq istəməyən Nadir şah Hacı Çələbini öz düşərgəsinə çağırır və onu asdırmaq istəyir. Lakin Hacı cəsarətli hərəkət edib, boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. O deyir: "Məlik, şahdan hansı tapşırığı alırsa-alsın buna bir neçə başqa tapşırıqlar da əlavə edir." Nadir şah inanıb, Hacı Çələbini bağışlayır, ona daha böyük səlahiyyətlər verir. Öz əmirlərinə isə acıqlanaraq söyləyir: "Hamınız bunu bilə-bilə səsinizi çıxara bilmədiyiniz bir zamanda bu səkili Çələbi boynu kəndirdə də məndən qorxmayıb, öz rəyini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç vaxt yanılmıram."


Tarix: 12.01.2015 / 16:03 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycan xanlıqları
loading...