Qarayeva Vəsimə İsmayıl qızı (Vəsimə İsmayılqızı) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999).
Həyatı
Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində doğulmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, orta məktəbi bitirdikdən sonra "Azərbaycan SSR-in 60 illiyi" üzümçülük sovxozunda fəhlə işləmişdir. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999) vəzifəsində çalışmışdır. "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsinin direktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999).
Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir.
İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Azərbaycan prezidenti Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Bu, İrşad Əliyevdir" (2006), "Beyləqan" ensiklopedik toplu (2010)kitabları nəşr edilmişdir.
Yazıçı İsmayıl Qarayevin qızıdır.
Əsərləri
Goranboy (ensiklopedik toplu). Bakı: 2000, 496 səh.
Goranboyda izim qaldı. Bakı: 2001, 160 səh.
Azərbaycan olduğu kimi. Bakı: 2002, 72 səh.
Goranboyda izim qaldı. Bakı: 2003, 192 səh.
Bu, İrşad Əliyevdir. Bakı: 2006, 720 səh.
Beyləqan 70 il (1939-2009). Bakı: 2010, 30 səh.
Beyləqan (ensiklopedik toplu). Bakı: 2010, 688 səh.
Tarix: 19.01.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Şairlər və Yazıçılar