Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manaf Süleymanov

Manaf Fərəc oğlu Süleymanov (3 mart 1912, Lahıc – 12 sentyabr 2001? Bakı) – yazıçı, nasir, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991).Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Tərcümələri


Həyatı

Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilmişdir.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplamışdır. Bütün bu sənədləri M.Süleymanov yaşam illərində vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim etmişdir. Belə ki, o, şəxsi fondundakı sənədlərini ilk dəfə olaraq 1988-ci ildə yuxarıda adını çəkdiyimiz arxivə təqdim etmişdir. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

M.F. Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M.F. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri də fotoşəkilləri şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Qədim tarixə malik olan Lahıcda doğulmasından fəxr edir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubun surəti və s. arxiv sənədləri də Manaf müəllim tərəfindən toplanmış və müəllifin 2-ci ömrünü yaşadan şəxsi fondunda diqqətlə qorunur.

Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin Arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.

Zəngin tarixi və faktiki sənəd materialları əsasında yazılmış əsərləri onun gələcək nəsillər tərəfindən də maraqla oxunacağına ümid verir. Manaf Fərəc oğlu Süleymanov Azərbaycan bədii ədəbiyyat tarixinin yaddaqalan nümayəndələrindən biridir.

Əsərləri
Yerin sirri. Bakı: Azərnəşr, 1948, 180 səh.
Yerin sirri. Bakı: Azərnəşr, 1956, 312 səh.
Fırtına. Bakı: Azərnəşr, 1960, 312 səh.
Yerin sirri. Bakı: Azərnəşr, 1967, 302 səh.
Fırtına. Bakı: Gənclik, 1969, 252 səh.
Zirvələrdə. Bakı: Gənclik, 1973, 207 səh.
Dalğalar qoynunda. Bakı: Gənclik, 1977, 264 səh.
Yerin sirri. Bakı: Gənclik, 1980, 174 səh.
Dalğalar qoynunda. Fırtına. Bakı: Yazıçı, 1984, 488 səh.
Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı: Azərnəşr, 1987, 320 səh. Təkrar nəşr: Azərnəşr, 1988, 320 səh.
Bir kitabdan birgac sətir. Türkiyə: Samsun Universiteti nəşri, 1989, 12 səh.
Zirvələrdə (roman və hekayələr). Bakı: Gənclik, 1988, 288 səh.
Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı: Azərbaycan nəşriyyatı, 1996, 384 səh.
Son bahara çatdıq. Bakı: Xəzər Universiteti nəşriyyatı, 1996, 207 səh.
Neft milyonçusu (sənədli roman). Bakı: Azərbaycan nəşriyyatı, 1996, 150 səh.
Şərqdə ilk demokratik cumhüriyyət, 1999.
Şagirdlik illərim, 2001.

Tərcümələri
Ana heykəli. Bakı: Gənclik, 1987, 140 səh.


Tarix: 17.01.2013 / 11:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 456 Bölmə: Şairlər və Yazıçılar
loading...