Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərif Ağayar

Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb.

Fəaliyyəti

2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şerləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub.

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.

2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.

2003-cü ildə "Vektor" Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı çap olunub.

2008-ci ilin may ayının 12-də Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə çalışır.

Yaradıcılığı

Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib.

Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır" hekayələri, "Kərpickəsən kişinin dastanı" povesti gənc nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib.

Yaradıcılığı barədə Ələviyyə Babayeva, Vaqif Yusifli, Rəşad Məcid, Əsəd Cahangir, Cavanşir Yusifli, Akif Əli, Qanturalı və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar.

Əsərləri adətən www.kultaz.com saytında yayınlanır. Saytın kitabxanasında bir neçə hekayəsi yerləşdirilib.


Tarix: 19.01.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 582 Bölmə: Şairlər və Yazıçılar
loading...