Kamran Rəhimov - Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor.
Həyatı
Rəhimov Kamran Nəbi oğlu 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb. 1954-cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın nəzəri-siyasi jurnalı olan "Azərbaycan kommunisti"nə şöbə müdiri vəzifəsinə göndərilib. 1959-1962-ci illərdə baş redaktorun müavini, 1962-ci ildən 1975-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb.
Jurnalda işləyə-işləyə elmi və müəllimlik fəaliyyətini davam etdirib, universitetdə saathesabı mühazirələr oxuyub. 1958-ci ildə namizədlik, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin böyük elmi şurasında, 1967-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyasının plenumunda doktorluq dissertasiyası müdafiə edib.
Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, çoxsaylı elmi-nəzəri və publisistik məqalələrin müəllifidir.
Dəfələrlə Moskvanın, keçmiş müttəfiq respublikaların və bir sıra digər ölkələrin mətbuat orqanlarında aktual nəzəri mövzularda məqalələrlə çıxış edib. Azərbaycan Respublikasında yeganə alimdir ki, Moskvanın "Kommunist" jurnalında iki dəfə nəzəri-elmi məqaləsi dərc olunub.
Kamran Rəhimov Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi işlədiyi dövrdə (1975-1983) sənaye obyektləri, dəryaçalar, meyvə və üzüm bağları, heyvandarlıq kompleksləri tikilib istifadəyə verilib. Azərbaycan EA-nın Naxçıvan Elmi Mərkəzinin fəaliyyəti canlandırılıb.
Həmin illərdə mədəniyyət sahəsində də nəzərəçarpan işlər görülüb. Naxcıvan, Ordubad şəhərlərində, Şahbuz qəsəbəsində, vilayətin bir çox kəndlərində mədəniyyət sarayları tikilib istifadəyə verilib. Bütün rayonlarda ölkəşünaslıq muzeyləri yaradılıb, tariximizin qədim yadigarlarının ermənilər tərəfindən oğurlanıb aparılmasının qarşısı alınaraq eksponatlar həmin muzeylərdə cəmləşdirilib.
1983-cü ildə professor Kamran Rəhimov Azərbaycan Respublikasının xalq maarifi naziri vəzifəsinə təyin edilib. Xalq maarifi naziri kimi o, bir sıra layihələrin həyata keçirilməsi işinə başlayıb.
Kamran Rəhimov erməni və gürcü məktəblərində Azərbaycan tarixinin, Azərbaycan dilinin, ədəbiyyatının, coğrafiyasının tədris edilməsi məsələsini gündəmə gətirib. SSRİ Nazirlər Sovetinin 1962-ci il tarixli 230 nömrəli qərarına istinad edərək, erməni və gürcü məktəblərində həmin fənlərin tədris edilməsi haqqında göstəriş verilib, bu dərsliklərin erməni və gürcü dillərinə tərcümə edilməsinə başlanılıb. Yuxarı siniflər üçün "Azərbaycan tarixi" erməni dilinə tərcümə edilərək erməni məktəblərinə göndərilib.
1986-cı ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin rəhbəri kimi Kamran Rəhimov Belçikada olarkən ümumi təhsilin vəziyyəti, müəllim kadrların hazırlanması prosesi ilə ətraflı maraqlanıb. Belçika məktəblərinin kompüterləşdirilməsi onun diqqətini xüsusilə cəlb edib. Bununla da ölkədə keçirilən məktəb islahatında tədris ocaqlarının kompüterləşdirilməsi öz əksini tapıb. Kamran Rəhimov bütün rayon məktəblərində kompüter siniflərinin yaradılmasına xüsusi diqqət yetirib. Maarif Nazirliyinin tikinti tresti yanında müvafiq mütəxəssislərdən ibarət qrup yaradılır və həmin qrup lazımi avadanlıqlarla təchiz olunur, müəllimlər üçün kurslar təşkil edilir.
Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində Yaponiyadan və Moskvadan gətirilmiş kompüterlər quraşdırılır. Təhsil müəssisələrinin kütləvi kompüterləşməsinin aktuallığını nəzərə alaraq, Bakı Radio Zavodunun orta məktəblər üçün kompüter istehsalı üzrə ixtisaslaşdırılması məsələsi qaldırılır. Bu təşəbbüs bəyənilərək müvafiq qərar qəbul edilir, Bakı kompüterinin ilk nümunəsi hazırlanır.
1988-ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas Təhsili nazirlikləri, Texniki Peşə Təhsili Komitəsi vahid bir qurumda birləşdirilərək, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi yaradılır. Yeni nazirliyin strukturu müəyyənləşdirilərkən professor Kamran Rəhimov xalq təhsili nazirinin birinci müavini təyin olunur.
Kamran Rəhimov Milli Məclisin üzvü kimi Azərbaycan nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə səfərlərdə olub.
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Kamran Rəhimov 2007-ci ildə vəfat edib.
Tarix: 16.01.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Şairlər və Yazıçılar