Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çalxanqala (qala)

Ümumi məlumat
Çalxanqala - Naxçıvan şəhərindən 22 km şimal – qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.

Qala Paiz kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündədir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunlərindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m – dir.

Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.

Tədqiqi
Çalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978 – ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar zamanı qalınlığı iki metr olan mədəni təbəqə müəyyənləşdirilmişdir.

Aşınma nəticəsində mədəni təbəqə dağılmış, zəngin arxeoloji materiallar üzə çıxmışdır. Müəyyən edilmişdir ki, mədəni təbəqə kül qarışıqı gil laylarından ibarət olub, maddi mədəniyyət qalıqları ilə zəngindir. Buradan keramika məmulatı qalıqları, xırda buynuzlu heyvan sümükləri, çaxmaqdaşı qırıntıları tapılmışdır.

Gil qablar əsasən üzəri qara və qırmızı rənglərlə naxışlanmış monoxrom boyalı qablardan ibarətdir. Dalğalı və düz xəttlərlə, cızma ornamentlərlə bəzədilmiş boz və qırmızı rəngli sadə gil qablara da təsadüf olunmuşdur. Tapıntılar arasında tufdan düzəldilmiş dən daşları, həvəngdəstələr, sürtkəclər və sair əşyalar da vardır.

Çalxanqala kurqanları
Naxçıvan şəhərindən 40 şimal – qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində yerləşən Çalxanqala kurqanları e.ə. II minilliyə - Son Tunc dövrünə aid edilir. Çalxanqala kurqanları Naxçıvan ərazisidə tədqiq olunmuş ilk kurqanlardır. Kurqanlar konusvari formada olub, diametri 8 – 10 m, hündürlüyü 1,2 m – dir. Çalxanqala kurqanları altında dördkünc formalı torpaq qəbirlər yerləşir. Kurqanlardan gil məmulatı – çəhrayı astarlı qara qablar, o cümlədən boyalı qablar, boz rəngli qablar və sair, tunc xəncərlər, nizə ucları, skelet qalıqları, bəzək əşyaları – sancaq, düymə, muncuqlar və sair əşyalar tapılmışdır.

Kurqanlardan aşkarlanmış boyalı qablar Qızılvəng, Zurnabad, Nəhəcir I və II Kültəpələrdən tapılmış qablarla tam oxşardır. Müxtəlif formalı boyalı gil qabların üzəri tünd qırmız rənglə örtülmüş, qara rəngli həndəsi naxışlarla bəzdilmişdir. Bu cür qabların Kür-Araz mədəniyyətinin təsiri ilə meydana çıxdığı ehtimal edilir.

Tunc xəncər yastı tiyəli və qısa dəstəklidir. Nizə ucları isə iki növlüdür. Boruşəkilli dəstəyi olan nizə ucu Orta Tunc dövrü üçün, romb formalı yastı nizə ucu isə Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub, Qobustan kurqanından tapılmış nizə ucları ilə oxşardır.

Çalxanqala kurqanlarında Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da aşkar olunmuşdur. Çalxanqala kurqanlarının tapıntıları Azərbaycanın, o cümlədən Naxçıvanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim iqtisadi və mədəni əlaqələri öyrənməyə imkan vermişdir.


Tarix: 12.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 300 Bölmə: Ümumi
loading...