Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2012 Avroviziya Mahnı Müsabiqəsi

2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunub. I yarımfinal mayın 22-i, II yarımfinal mayın 24-ü, final mayın 26-da keçirilib. Müsabiqəyə 42 ölkənin təmsilçisi qatılıb. Azərbaycan, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya təmsilçiləri birbaşa finalda iştirak ediblər.
Təşkilat komitəsi
2012-ci ilin may ayında Bakı şəhərində Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva – YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev – "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev – "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədri
İsmayıl Ömərov – Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Maliyyələşdirilmə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2012-ci il tarixli, 21 s nömrəli Sərəncamı ilə 2012-ci il Avroviziya Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılmışdır. Ümumilikdə isə tədbirə 3 milyard dollar vəsaitin xərcləndiyi iddia olunur.

Keçirildiyi yer
Azərbaycanda müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənirdi. Əsas namizəd kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilsə də, müsabiqənin keçiriləcəyi yer haqqında qərar 2012-ci ilin yanvar ayında təşkilat komitəsinin iclasında verildi və tikilməkdə olan "Bakı Kristal Zalı" məkan kimi seçildi. Avropa Yayım Birliyi də bu seçimi dəstəklədi. "Bakı Kristal Zalı" təxminən 23 min tamaşaçı tutur.
Səsvermə
2012 Avroviziya Mahnı Müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sistemi tətbiq olunub. Belə ki, səsvermə ancaq şou bitəndən sonra 15 dəqiqə ərzində həyata keçirilib. EBU-dan bildirilib ki, bütün şou ərzində həyata keçirilən səsvermə zamanı əsas səslər iştirakçılara şounun sonunda gəlib və bu durumdan dolayı EBU belə bir dəyişiklik etmək qərarı verib. Yeni qərara görə sms nömrələri ekranda daha kiçik ölçüdə verilib. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq. EBU hesab edir ki, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır.

Konsepsiya və vizual dizayn
Bakıda baş tutan 2012 Avroviziya Mahnı Müsabiqəsi "Öz məşəlini alovlandır"" (ing. Light your fire!) şüarı altında keçirilib. Bu onunla əlaqədardır ki, Azərbaycanı çox vaxt "Odlar Yurdu" adlandırırlar və bu günün özündə də Azərbaycanda simvol kimi od və alovdan geniş istifadə olunur; azərbaycanlılar bu assosiasiya ilə fəxr edirlər. Bu səbəbdən müsabiqənin loqotipi kimi də alov-gül seçilmişdir.

Müsabiqənin mövzusunu fikirləşib tapanlar özlərinin vizual dizayn ideyalarını belə izah edirlər:

"Qədim zamanlardan insanlar hekayət danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar. Avroviziya isə insanların bayram etmək, mahnı və rəqs vasitəsilə ünsiyyət qurmaq üçün bir araya gəldiyi yerdir"


Tarix: 12.02.2015 / 17:28 Müəllif: Feriska Baxılıb: 298 Bölmə: Ümumi
loading...