Ağabəylilər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır.
Anbar məhəlləsi – Naxçıvan şəhərində, indiki “Yaşıl aptek” yerləşən yaşayış binasının yerində qədimdə mövcud olmuş bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bir neçə günlüyə indiki mədəniyyət sarayı ilə üzbəüz binaların yerində mövcud olmuş anbarlara yığırdılar. Buna görə də ətraf ərazi Anbar məhəlləsi adlandırılırdı. Məhəllədə mehmanxana, yeməkxanalar, çayxanalar. Məscid və sair olmuşdur. Məhəllə bir neçə yüz illik tarixə malikdir. Onun adına XVII əsrə aid sənəslərdə rast gəlinir.
Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Atabəylər (Eldənizlər) sülaləsinin adı ilə bağlıdır. Məhəllə şəhərin qədim tarixə malik olan ərazisində yerləşməklə öz tarixi memarlıq abidələri ilə diqqəti cəlb edir. Əcəmi seyrangahı yaxınlığında yerləşən məhəllədə, Mömünə Xatun türbəsi, Naxçıvan xan sarayı kimi dəyərli memarlıq abidələri yerləşir.
Cıdıllı məhəlləsi – Məhəllə vaxtilə şəhərin kənar ərazisi hesab olunmuş indiki Naxçıvan Dövlət Dram Teatrının yerləşdiyi əraziləri, ətrafdakı bağlıq sahəni əhatə etmişdir. XX əsrin 40 – 50 – ci illərinə kimi məhəllənin geniş ərazisində cıdır yarışları keçirildiyindən xal arasında məhəllə Cıdırlı məhəlləsi adlandırılmışdır. Fonetik səslənmədə (assimilyasiya) “r” samitinin “l” samiti ilə əvəzlənməsi məhəllənin adının sonralar Cıdıllı məhəlləsi kimi yaddaşlarda qalmasına gətirib çıxarmışdır.
Cığatay məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllərindən biridir. Məhəllənin salınma tarixi XIII əsrə təsadüf edir. Bu dövrdə monqollar Azərbaycanı işal etmiş və monqol mənşəli Hülakülər sülaləsi Azərbaycanda hakimiyyətə gəlmişdi. Azərbaycana gələn monqolların arasında bir sıra türkdilli tayfalar, o cümlədən çığataylar da olmuşdur. Monqolların Naxçıvandan çəkilməsindən sonra Azərbaycana gəlmiş cığataylar kəngərlilərin tərkibinə qarışmış, şəhərin müəyyən hissəsini özləri üçün yaşayış yeri seçmiş və orada məskunlaşmışdırlar.
Çaparxanlı məhəlləsi – Məhəllənin adının “çapar” sözü ilə əlaqədar olduğu güman edilir. Keçmişdə çaparların, qasidlərin çoxu bu məhəllədə yaşadığından məhəllənin bu cür adlandırıldığı, ilkin adının isə “Çaparxana” olduğu mülahizəsi irəli sürülmüşdür. Sonrakı dövrdə Naxçıvan şəhərində yaradılmış ilk poçt məntəqəsi də məhz Çaparxanlı məhəlləsində yerləşmişdir.
Dabbaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı məhəlləsi. Məhəllə naxçıvanlıların qədim zamandan dəri aşılamaqla məşğul olduqlarını təsdiqləyir. Hazırda mövcud olmayan həmin məhəllənin yerindəeyni adlı çeşmə qalmışdır.
Dizə məhəlləsi – “Dizə” toponimi Naxçıvan MR ərazisində geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları vardır. Mütəxəssislərin fikrincə “dizə” bir neçə ailəninyığışıb kiçik bir məhəllədə, yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi, elmi mərkəz, avtovağzala qədər olan ərazisini əhatə etmişdir.
Əlixan məhəlləsi – Məhəllənin adı Azərbaycanın zadəgan sülalələrindən biri olan Əlixan sülaləsinin adı ilə bağlıdır. Azərbaycan yazıçı və dramaturqu Hüseyn Cavid də məhz bu məhəllədə doğulmuş və yaşamışdır. Ədibin Naxçıvan şəhərindəki ev muzeyi də hazırda bu məhəllədə yerləşir.
Xıncov məhəlləsi – Xıncov məhəlləsi Naxçıvan şəhərinin ən böyük məhəllələrindən biridir. Məhəllə SSRİ dövründə “Oraq kolxozu” adlandırılırdı. Bu məhəllənin əhalisi əsasən kəndlərdə dolana bilməyən və ya kənd həyatıyaşamaq istəmədiyindən Naxçıvana köçən sakinlərdən ibarət olmuşdur. Onların çoxu xüsusilə, Böyük Vətən Müharibəsi (1941 – 1945) illərində Naxçıvan (indiki Babək) və Şahbuz rayonlarının kəndlərindən köçərək burada məskunlaşmışdılar.
Xoylu məhəlləsi – Naxçıvan şəhərində, XVIII əsrin axırlarında Güney Azərbaycanın Xoy şəhərindən köçüb gələrək, Əcəmi Seyrangahının bazar səmtində məskunlaşanlar tərəfindən salınmışdır.
Kəngərli məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllərindən biridir. Məhəllə qədimdən şəhər zadəganlarının, hökmdar və hakimlərin imarətlərinin yerləşdiyiərazi kimi tanınmışdır. Məhəllənin adı eramızın ilk əsrlərindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk tayfasının – kəngərlilərin adı ilə bağlıdır. Vaxtilə Naxçıvan qalasının (Yezidabad qalası) ən çox müdafiə olunun hissəsində salınmışdır.
Komayıl məhəlləsi – Bu məhəllə Sarvanlar məhəlləsinin sol tərəfində, kiçik bir ərazini əhatə etmişdir. Məhəllə sakinlərinin İrəvan çuxurundan köçüb gəlmələri ehtimal olunur. 1937 – ci il siyahıya almasında bu məhəllənin sakinlərinin 70 – 75 faizinin İsmayılov soyadı daşıdıqları müəyyən edilmişdir ki, bu da onların bir tayfaya mənsub olmaları ehtimalını gücləndirir.
Qala məhəlləsi - Qala məhəlləsi Mömünə Xatun türbəsinin yaxınlığında, Xoylu və Atabəylər məhəllələri ilə qonşuluqda olub, yay teatrının və mədəniyyət sarayının ətrafındakı ərazini əhatə etmişdir.
Qaraağac məhəlləsi – Məhəllə indiki tikinti – quraşdırma idarəsinin yerləşdiyi ərazini və ətrafları əhatə etmişdir. 1918 – ci ildə məhz bu məhəllənin gəncləri toplaşaraq Naxçıvana hücuma keçən ermənilərə qarşı yerli özünümüdafiə dəstələri yaratmağa başlamışdılar.
Qurdlar məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Məhəllənin adının qədim türklərin özlərinin müqəddəs əcdadı, bələdçisi, qoruyucusu, xilaskarı, qələbə, xeyir – bərəkət, hakimiyyət gətirən ilahi qüvvə kimi tapındıqları qurdun (Boz qurdun) adı ilə bağlı olduğu ehtimal edilir.
Şahab məhəlləsi – Tədqiqatçıların fikrincə məhəllənin adı, çox güman ki, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə, fers dilində eyni mənada işlənən “şahab” sözü ilə bağlıdır. Başqa bir fərziyyəyə görə isə, Naxçıvan şəhərinin dörd əsas məhəlləsindən (Sarvanlar, Əlixanlı, Şahab, Qurdlar) Şahab məhəlləsinin adı, Qurdlar məhəlləsi istisna olmaqla, Kəngərli tayfasının eyni adlı nəsillərinin (sarvanlar, əlixanlılar) adı ilə bağlı olan Sarvanlar və Əlixanlılar məhəllələri kimi, bu tayfanın Şahbanular tirəsinin adındandır. Bu mülahizəyə görə, “Şahab” toponimi “Şahbanular” etnoniminin xalq dilində dəyişdirilmiş formasıdır.
Zaviyə məhəlləsi – Məhəllənin adı ərəb dilində “bucaq” anlamına gəlir. Farsdilli mənbələrdə isə bu söz “müqəddəs yer” anlamında işlədilir. Tarixi memarlıq abidəsi olan Zaviyə məscidi də bu məhəllədə yerləşir.
Sallaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı olan məhəllələrindən birdir. Məhəllənin adı, ərəbcə “sallaq” (qəssab) və farsca “xana” (ev) sözləri əsasında yaranmışdır. Şəhərdə arabaşı, faytonçu işləyənlərin, qəssablıqla məşğul olanların əksəriyyəti bu məhəllədə yaşayırdı.
Sarvanlar məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllələrindən biridir. Məhəllənin adı Kəngərlilərin bir qolu olan Sarvanlar sülaləsinin adı ilə bağlıdır. Tədqiqatçı T. Əhmədov sarvan sözünün İran mənşəli olub sar (dəvə) və van (qoruyan) sözləri əsasında yaranıb, dəvəçi, dəvə saxlayan anlamını ifadə etdiyini vurğulayır. Məhəllənin sakinləri XX əsrin 40 – 50 – ci illərinə qədər daha çox dəvəçilik, arabaçılıq və faytonçuluqla məşğul olmuşlar. Sarvanlar sülaləsi müxtəlif tirələrə bölünüb ayrı – ayrı ərazilərdə yaşasalar da tayfa adını qoruyub saxlamışlar. Müasir Ermənistan (tarixi Qərbi Azərbaycan ərazisi) ərazisində də, əhalisi Azərbaycan türklərindən ibarət olan Sarvanlar kəndi olmuşdur.
Tarix: 12.02.2015 / 14:19 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Ümumi