Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Maldarlıq və Atçılıq

Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir. Burada köçəri maldarlıq (yaylaq maldarlığı) inkişaf etmişdi. Mal-qara yazda dağlara sürülür, payızda vadilərə gətirilirdi. B. B. Piotrovskinin fikrincə ola bilsin ki, Urartu çarlarının yürüşlərinin vaxtı yaylaq maldarlığı ilə bağlı imiş. Daha çox qənimət ələ keçirmək mümkün olsun deyə, yürüşlər ya mal-qara dağlara sürülənə qədər, ya da dağdan qaytarılandan sonra edilirdi. Bu mülahizənin düzgünlüyünü o da təsdiqləyir ki, Həsənlu ərazisinə yürüş və qədim qalanın dağıdılması yayın sonuna təsadüf etmişdi: buradan üzümlə dolu qablar tapılmış, görünür, şərab çəkmək üçünmüş.

II Sarqon bildirmişdi ki, du'uzu ayı (iyun-iyul aylarına müvafiqdir) "qoşun yığmaq və düşərgə salmaq üçün" buyurulubdur. Yürüşlərin təsvirinin sonunda adətən çoxlu qaramal və davar aparıldığı haqqında məlumat verilirdi. II Aşşurnasirapal Daqara ölkəsindən və bütün Zamuanın çarlarından bac olaraq "at, qaramal və davar" tələb edirdi.

III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan "saysız-hesabsız qaramal və qoyun" ələ keçirdiyini söyləyir. I Argişti Aza vilayəti və Mannada külli miqdarda mal-qara ələ keçirir. O, məlumat verir ki, 2411 baş qaramal, 6140 baş davar, 170 at və 62 dəvə aparmışdır. Aza vilayətində əsasən, əkinçilik və bostançılıq geniş yayıldığına görə, mal-qaranın hesabı bütövlüklə Mannaya aid edilir. I Argiştinin oğlu II Sardurinin kitabəsində bir neçə vilayətdən o cümlədən Puluadidən ələ keçirilən mal-qara sadalanır və sayı göstərilir. Puluadi ölkəsinin payına təkcə bir yürüş zamanı ələ kcçirilən təqribən 1400 baş at, 1200 başdan çox qaramal və 18 min başdan çox davar, 115 baş dəvə düşür.

Düşmən qoşunları hücum edəndə yerli əhali var-yoxunun heç olmazsa bir qismini qarətdən xilas etmək üçün, adətən mal-qarasını dağlara ötürürdü. Assuriya çarları dağlara sürülən mal-qaranı ələ keçirib geriyə, yəni vadilərə qaytardıqlarını tez-tez xəbər verirlər. V Şamşi-Adad Messi vilayətində, Mannanın özündə və başqa vilayətlərdə qaramal, davar, qoşqu atları və dəvələr ələ keçirmişdi.

Sənədlərdə dəvə çox az xatırlanılır. Onlardan yük heyvanı kimi istifadə olunmuşdur. Hökmdar I Rusanın torpaq sədlərin düzəldilməsində və kanalların çəkilməsində dəvələrdən istifadə etməsi bizə məlumdur.

Allahları aparan döyüş arabalarına qatır və öküzlərin qoşulmasını əks etdirən Həsənlu qızıl camındakı təsvirlər onlardan istifadəni göstərir. Tanrıların qabağına qurbanlıq qoyun gətirirdilər. Ölənlərə də qurban kəsirdilər. Qəbirlərdən, adətən keçi və qoyun sümükləri aşkar edilir.

Manna çarlığının vilayətlərində atçılığa çox böyük əhəmiyyət verilirdi. Qafqazda və Ön Asiya vilayətlərində at ən azı e. ə. III minillikdən məlum idi. E. ə. III minilliyin birinci yarısına aid Elam təsərrüfat sənədləri arasında ayğır, madyan və dayçalara aid məlumatlar vardır.

Kassilər dövrünə aid Babil sənədlərində və incəsənətində at xatırlandığına görə onun əhliləşdirilməsini kassilərlə əlaqələndirirlər. Atçılıq tədricən daha geniş yayılır. O, iqtisadiyyat və hərbi işdə aparıcı mövqe tutmağa başlayır, bəzi əyalətlər atçılığın inkişafı üzrə ixtisaslaşır. Mannanın təsərrüfat həyatında atın əhəmiyyətinin güclənməsini köçmə maldarlığın inkişafı ilə bağlayırlar. Malqaranın sayının çoxalması otlaqların genişlənməsini, maldarların get-gedə öz yaşayış məskənlərindən daha da uzaqlaşmasını tələb edirdi. At köç yurdlarını yaşayış məskənləri ilə birləşdirən əsas nəqliyyat vasitəsinə çevrildi.

E. ə. II-I minilliyin ayrıcında və xüsusilə I minilliyin əvvəlində minik atından hərbi məqsədlərlə istifadə edilməsi, süvariliyin yayılması irandilli əhalinin məskunlaşması ilə əlaqədar idi. Görünür, qonşu xalqların süvari qoşunları məhz öz silahlı süvariləri ilə güclü olan irandilli tayfalarla mübarizədə təşəkkül tapmışdı. Atçılıq sürətlə yayılır, iqtisadiyyatda və hərbi işdə getdikcə daha böyük yer tuturdu. Urmiya gölünün şimal-şərq əyalətlərinin təbii şəraiti – təbii otlaqlar olan alp çəmənlikləri və münbit vadilər atçılığın inkişafına imkan yaradırdı. Assuriya qaynaqlarında Urmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən tədricən at birinci göstərilir, bəzi vilayətlərdən bac olaraq ancaq at alınırdı. Mannaya yürüş etmiş çarların demək olar hamısı belə məlumat verirdi: "Mannalılardan qoşqu atları bac aldım". Zamuadan, Gilzandan, Messidən, Gizilbundadan Assuriya çarına qoşqu atları göndərirdilər. I Rusa zamanında Urartulular tərəfindən tutulan, lakin Assuriya çarının köməyilə yenidən Mannaya qaytarılan Manna vilayəti Subinin əhalisi at yetişdirməkdə xüsusilə mahir idi. II Sarqonun kitabəsində bu barədə ətraflı danışılır: "Həmin vilayətdə yaşayan adamların bütün Urartuda süvari qoşun üçün at əhliləşdirməkdə tayı-bərabəri yoxdur. Öz geniş ölkəsində, öz çar alayı üçün bəslədiyi və hər il vergi kimi aldığı kiçik dayçaları, Urartu adamlarının Mannalılar ölkəsi adlandırdıqları Subi vilayətinə gətirirdilər, boy-buxununa baxmayınca, minib səyirtməyincə, gərdişə gəlməyi, dövrə vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri öyrətməyincə bu dayçaları yəhərləmirdilər".

Urartu hökmdarı I Rusanın döyüş zamanı minik atlarından istifadə etməsi II Sarqonun: "öz qoşununu sıraya düzdü, onları qaçağan minik atlarına mindirdi və silah verdi" məlumatından da bəlli olur.

Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Uşkaya ilə Tarmakisa (indiki Təbriz) qalaları arasında yerləşən Aniaştaniya məskənini II Sarqon "ilxılar evi" adlandırır.

Gizilbunda vilayəti qəsəbələrin rəisləri Mannanın Zirdiakka qalasına II Sarqona qoşqu atları, sayagəlməz qaramal və davar gətirirdilər.[304] Mannalı Ullusunu da II Sarqona "qoşqu ləvazimatı ilə birlikdə qoşqu atları" bəxş etmişdi.

Həsənludan tapılan müxtəlif əşyaların üzərindəki rəsmlərdən görünür ki, təkərli nəqliyyat da, atminmə də geniş yayılmışdı. Qızıl və gümüş canların üzərindəki təsvirlər biratlı və ikiatlı arabaların mövcud olduğunu göstərir. Bunların bəzisi çox tutumlu idi: ikiatlı arabada üç adam yerləşirdi. Arabanın dalınca iki döyüşçü yəhərsiz at aparırdı. Archeology, XII, 3, p. 171 Hər iki arabanın təkərlərində Assuriya və Urartu arabalarında olduğu kimi altı dəndənə vardı.

Həsənluda e. ə. IX əsr layından üzərində at və atlı təsviri olan ağac relyef tapılmışdır. Qazıntı zamanı aşkar edilmiş əşyalar arasında at, qoç və buzov başı formasında məharətlə hazırlanmış ritonlar (su içmək üçün qablar) vardır.Buradan kəm və bər-bəzəkli qoşqu şeyləri ilə birlikdə dəfn edilən at da tapılmışdır. At dəfn etmək Naxçıvan ərazisində də geniş yayılmış bir adət idi. Qədim Şahtaxtı qəbiristanının bir çox qəbirlərində çoxlu qab-qacaqla birlikdə at skeletlərinə də rast gəlinir, lakin insan sümüklərinin izləri yoxdur.Mərlik mədəniyyəti daşıyıcılarının dəfn adətlərindən də ata xüsusi münasibət bəslənildiyini, ona hətta müəyyən dərəcədə sitayiş edildiyinn görmək olar. Döyüşçülərin məzarları ilə yanaşı, atlar üçün ayrı-ayrı dəfn kameraları qurulurdu. Bu kameralardan at dişləri və tunc gəmlər tapılmışdır. Kaluraz məhəlləsində ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər bir qəbirdən bütün qoşqu ləvazimatı və bəzək şeyləri ilə birlikdə üç at skeleti çıxmışdır.


Tarix: 27.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Ümumi
loading...