S.Yəhya Bakıda vəfat etmişdir. Vəfatı haqqında müxtəlif tarixlər verilmişdir. Belə ki, Nəfəhatüs-üns, Şəqayiq və Töhfətül-mücahidin əsərlərində 868 və ya 869-cu il deyə iki tarix verilir. Xulvi və Əhməd Hilmi 869-cu il, S.Vicdani və M.Ə.Ayni isə 862-ci il tarixi göstərir. Lakin əksər mənbələr S.Yəhyanın Şirvanşah I Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir. Şirvanşahlar dövlətinin görkəmli tədqiqatçısı Sara Aşurbəyli Əbdürrəhman Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn İlyasa əsaslanaraq yazır: "Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir tarixçisi Əbdürrəhman Cəlaluddin əs-Suyutinin (1445-1505) "Nəzm əl-ükban fi iyan" əsərində belə qeyd edilmişdir: "Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi, hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi olmuşdur. O, böyük müsəlman hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (miladi 03.09.1464 – 23.08.1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı vardı. Buna baxmayaraq asanlıqla oxuyurdu və sapsağlam idi". Şirvanşahın bu ölüm tarixini digər ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da təsdiqləyir. O, Şirvanşah I Xəlilullahın ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25.07.1465-23.08.1465) vəfat etdiyini yazır. Numizmatik məlumatlar da bu tarixi təsdiqləyir. Onun oğlu Şirvanşah Fərrux Yasarın kəsdiyi ilk sikkələr 869/1465-ci ilə aiddir.
Şirvanşah I Xəlilullahın 1465-ci ildə vəfat etdiyini nəzərə alan M.Rıhtım qeyd edir ki, böyük ehtimal şeyxin vəfatı 870-ci ilin ramazan ayına (17.04.1466-17.05.1466) düşmüşdür.
Çələbi Xəlifənin Bakı səyahətini anladan Xulvi Seyid Yəhyanın cənazə mərasimi haqqında bilgi verir. Çələbi Xəlifə onu görmək üçün Ərzincandan yola çıxmış, ancaq Bakıya çatanda insanların dəstələrlə bir tərəfə getdiklərini görmüşdür. Maraq edib səbəbini soruşanda "Seyid Yəhya adında kamil bir mürşidimiz vardı. Bu gün vəfat etdi. Ona son vəzifəmizi etməyə gedirik." – cavabını almışdır. Bu xəbərə çox üzülmüş, camaatla cənazə namazını qılaraq o gecə qəbri başında muraqəbəyə getmişdir.
Tarix: 11.02.2015 / 17:53 Müəllif: Feriska Baxılıb: 356 Bölmə: Ümumi