Əşyalar bizə hakim kəsilə, bizi idarə edə bilir
Malik olduğumuz əşyaların tədricən bizə sahib olmağa başladıqlarını heç fərq etdinizmi? Əvvəlcə həyatımıza sakitcə girir, sonra yavaş-yavaş bizə hakim olmağa və həyatımıza yol göstərməyə başlarlar. Bizim üçün böyük önəm daşıyan bu əşyalar, sevgilidən hədiyyə, atadan yadigar köhnə bir saat ola bilər. Nə olursa-olsun, onlara hər şeydən çox dəyər verərik.
NLP ustası Babək Bayramovun dediyinə görə, əşyalar biz özümüz də bilmədən bizə hakim kəsilə, bizi idarə edəbilir.
"Alacağımız yeni ayaqqabı sevdiyimiz şalvara uyğun olmalıdır, uşaqların məktəbi evə yaxın olmalıdır. Məzuniyyətə gedərkən çiçəkləri sulayacaq kimsə olmalıdır. Hər biri məsum görünən bu istəklərin, gözəgörünməz qəhrəmanları əşyalardır".
B.Bayramov bildirir ki, insan sahib olduğu obyektlərə dərin mənalar yükləyir. Zaman keçdikcə onlara bağlanır, həyatımızın sahibinə çeviririk. Həyatımızı idarə etmələrinə və qəbul etdiyimiz qərarlara təsir etmələrinə izn veririk. Onların hakimiyyəti altındakı həyata qədəm qoyduğumuzu ağlımıza belə gətirmirik.
Əşyalar, həyatımıza rəng qatan vasitələrdir. Yeni əşyalara sahib olduqca həyatda olduğumuzu daha yaxşı hiss edirik. "İş o yerə çatıb ki, əşyalar sosial statusun və həyat tərzinin göstəriciləri halına gəlib".
Sosial məsələlərin araşdırılması ilə məşğul olan E.Fromm sahiblik motivinin mənfi təsirlərini sadalamış və sahib olunan əşyaya bağlanmanın "mən o şeyə sahib olduğum üçün mənəm" anlayışına çevrildiyi üçün təhlükəli olduğunu bildirib. "İnsan həmişə yeni şeylərə sahib olduqca azadlığının artdığını düşünür. Bizim üçün mobil telefon ünsiyyət azadlığı, avtomobil isə səyahət azadlığıdır. Mobil telefonu evdə unutduğumuz zaman hansımız geri dönmərik? Nə qədər çox şeyə sahib olsaq, özümüzü o qədər inamlı hiss edirik. Ancaq sahib olduğumuz şeylər artdıqca, kürəyimizdə bir yük varmış kimi ağırlaşır, hərəkət sahəmiz məhdudlaşır və düşüncələrimizi onlarla məşğul etməkdən yaxa qurtara bilmirik".
Müsahibimiz hesab edir ki, böyük bir sərvət böyük bir köləlikdir. Nə qədər çox şeyə sahiblənsək, onları itirmək qorxusu da bir o qədər artır. "O qədər qorxarıq ki, onları qorumaq üçün evimizin hər kvadrat santimetrini kameraların nəzarətində saxlayır, özümüzü dəmir qəfəsə salarıq və hər şeyimizi sığortalamaq istəyərik. Sahib olduğumuz sərvəti təhlükələrdən qorumaq üçün böyük bir sərvət xərcləyərik".
Psixoloqların araşdırmalarına görə, müasir dünya bizləri olduqca tənbəlləşdirib. Belə ki, əvvəl qırılan şkafı, stolu, stulu təmir edirdiksə, yırtılan geyimi, palazı, xalçanı yamayırdıqsa, indi hər şeyin yenisini almağa üstünlük veririk. Bu davranışın altında yatan fərqli faktorlar da var. Bu faktorlar arasında psixoloji səbəblər daha çox ağırlıq təşkil edir. Çünki psixoloqlar əşyaların duyğuları maddiləşdirdiyini deyirlər. "Məsələn, çox gözəl keçən bir gündə geyindiyiniz paltarı hər zaman sevir, uğurlu geyim hesab edirsiniz. O geyimi təkrar-təkrar geyinmək, ona baxmaq, toxunmaq sizə zövq verir. Bunun tam əksi çox ağır keçirdiyiniz, xatırlamaq istəmədyiniz bir gündə geyindiyiniz paltarı uğursuz hesab edir, hətta atmaq istəyirsiniz" deyən B.Bayramov əşyalara aludə olmamağı məsləhət görür. Dediyinə görə, nə geyim, nə avtomobil, nə telefon həyatın mənası deyil. "Sevmədiyiniz geyimləri də istifadə edə bilərsiniz, avtomobilsiz də, telefonsuz da yaşamaq olur. İcazə veməyin ki, əşyalar sizə sahib çıxsın. Bu davranış problemlərdən qaçmaq yerinə onlarla döyüşməyi öyrədən üsullardan biridir. Düşüncənizin gücünü istifadə edərək onu başqa bir şeyə çevirə bilər və sizdə yaratdığı təsiri dəyişdirə bilərsiniz".
Tarix: 27.04.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Ümumi Psixologiya