Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
İnsanın nə kimi hisslər keçirməsi əsasən onun mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da başa düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir kəlmə söz işlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə? sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə mimika, pantomimika, jestlər, intonasiya, kinesika və proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.
Hisslərin əsas keyfiyyətləri. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanın öz hisslərinin obyektinə necə yanaşması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan hisslərin özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin zəruri və özünəməxsus əlamətidir.
Hər şeydən əvvəl, insanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, başqa sözlə stenik hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr insanın tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baş verir. Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha iki keyfiyyətini aşkara çıxarmışdır. Beləki hissi törədən obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa ikili münasibət və qeyri-müəyyən bələdləşmə münasibətinin də olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissdə razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar. Beləki qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir.
Ambivalent hissə başqa bir misalı da göstərmək olar. Məsələn, isti günəş altında səhra yolunu keçən bir insan susuzluqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi keçirir. Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq hissi yarada bilir.
İnsanın öz hisslərinin obyektlərinə emosional münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir. Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni zamanda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə müşahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baş verir.


Tarix: 27.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Ümumi Psixologiya
loading...