Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ünsiyyət

1. Ünsiyyətin psixoloji xarakteristikası.
2. Ünsiyyətin növləri və funksiyaları.
3. Ünsiyyət informasiya mübadiləsi kimi.
4. Ünsiyyət qarşılıqlı təsir kimi.
5. Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi.
6. Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması.

1-ci sual. Ünsiyyət dedikdə biz nitq və nitqdən kənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirdə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə deyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası - bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır.

ünsiyyət prosesiÜnsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir, sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal surətdə təsir göstərməyə can atır. Bu haqda aydın təsəvvür əldə etmək üçün tənhalığın bəzi xüsusiyyətləri ilə tanış olmaq kifayətdir.

Tənhalığın iki növünü - fiziki və psixoloji tənhalığı fərqləndirirlər.
Tənhalığın ən ağır forması psixoloji tənhalıqdır, yəni insanın insanlar mühitində, əhatəsində olmasına baxmayaraq tək, kimsəsiz qalması, özünə həmrəy, həmfikir, həmsöhbət tapa bilməməsi, kimsənin onunla ünsiyyətə girmək istəməməsi psixoloji tənhalıq kimi nəzərdən keçirilməlidir. Məsələn, insanın kollektivdə olması onun hələ başqa insanla ünsiyyətdə olması demək deyil. Kollektivdə şəxsiyyət öz tənhalığından can qurtara bilmir. Kollektivdə insanın tənhalığı aradan götürülmür, yalnız müəyyən mənada doldurulur, tənhalıq haqqında biliklər sıxışdırılır.
C.İ.Yanq tənhalığın üç tipini fərqləndirməyi lazım bilir: xroniki, situativ və keçici tənhalıq.
Xroniki tənhalıq insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir. Situativ tənhalıq insanın artıq bərqərar olmuş sosial ünsiyyət modelinin dağılmasının nəticəsidir. Keçici tənhalıq isə vaxtaşırı əksəriyyət insanlarda təsadüfi özünü göstərən ötəri bir haldır.
Ünsiyyət situasiyasının iki tipini fərqləndirirlər: şəxsi ünsiyyət və birgə fəaliyyətdə ünsiyyət.
Şəxsi ünsiyyətin adətən iki səviyyəsini fərqləndirirlər. Birinci səviyyədə ünsiyyət iki (və ya üç) adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. Ikinci səviyyədə isə tədricən emosional ünsiyyət şəraitində adamlar öz nöqteyi- nəzərlərini izah etməyə, müdafiə etməyə, bir-birilərinin fikirlərini, əməllərini və s. müəyyən mövqedən qiymətləndirməyə başlayırlar.
Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur.

2- ci sual. Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar aşağıdakılardan ibarətdir: -işgüzar ünsiyyət

diaqnostik ünsiyyət
tərbiyəvi ünsiyyət
intim- şəxsi ünsiyyət.
Bununla bərabər həm də aşağıdakı ünsiyyət növlərini də qeyd etmək olar:
şəxsiyyətlərarası, qrup və qruplararası;
məxfi və münaqişəli;
birbaşa və vasitəli.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.
Tərbiyəvi ünsiyyət - tərəflərdən biri digərinə məqsədyönlü təsir göstərir. O, arzuolunan nəticəni özü üçün dəqiq müəyyənləşdirir. Daha doğrusu o, daha yaxşı bilir ki, öz həmsöhbətini necə inandıra bilər, ona nəyi öyrətməyə çalışır. Belə ünsiyyət yalnız o təqdirdə ola bilər ki, tərəflərdən biri daha böyük nüfuza və biliyə malikdir.
Diaqnostik ünsiyyət- elə bir ünsiyyət növüdür ki, həmsöhbət haqqında müəyyən təsəvvür formalaşdırmaq, yaxud hansısa informasiyanı almaq ən aparıcı məqsəddir ( həkimlə xəstənin ünsiyyəti və s). Burada əvvəlki halda olduğu kimi tərəflər müxtəlif mövqedə olurlar- biri soruşur, digəri isə cavab verir. Hərtərəfli cavab almaq üçün sual verən öz şəxsi statusunu düzgün müəyyənləşdirməlidir. Doğru-dürüst sual verməyi bacarmalıdır.
İntim şəxsi ünsiyyət- həddən artıq unikal və spesifikdir, bu o təqdirdə mümkündür ki, tərəflər özlərini bərabərhüquqlu hiss edir, hər ikisi eyni dərəcədə inandırıcı və dərin münasibətlərin saxlanması və inkişaf et-dirilməsində maraqlıdırlar. Bu növ ünsiyyət yaxın adamlar arasında olur.
Bundan başqa vasitəli və vasitəsiz ünsiyyət növləri də ayrılır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər. Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında yəni ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Bələ ünsiyyət vasitəli ünsiyyət adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsinin təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Ünsiyyət əyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir. Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Həm də ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.

3-cü sual. Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator - informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən.
İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu baxımından kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. İ.P.Pavlovun sözləri ilə desək «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:

Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır.
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir.
Nitq milli mədəniyyətin inikası vasitəsidir.
Nitq idrak alətidir
Nitqin əsas funksiyası ilə yanaşı köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv (qadağanedici) funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın vərilməsini və qəbulunu təmin edən vasitələr.
Kommunikator. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir.
Resipient. Kütləvi informasiya prosəsində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipiənt rolunda çıxış edirlər.
Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün səçilməsi vacib məsələlərdən biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb edir. İnformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.
Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd olunur:
1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.

2. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.

3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları cestlər vasitəsilə açıqlanır.

4. Proksimika insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir, hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində kimisə özümüzə yaxın buraxır, kimisə yaxın buraxmırıq, şəxsi məkanın hüdudları subyektiv olaraq belə müəyyən olunur.
Alları Piz psixoloji məsafənin aşağıdakı zonalarını müəyyənləşdirmişdir:

İntim zona ( 15 sm-dən 46 sm qədər)- xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilər.
Şəxsi zona ( 46 sm-dən 1,2 m-ə qədər)- dostluq üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.
Sosial ünsiyyət zonası (1,2 m-dən 3,6 m-ə qədər)- işgüzar ünsiyyət
üçün səmərəli sahədir.
Kütləvi zona (3,6 sm-dən daha çox)- ictimai yerlərdə bir-birini
tanımayan adamlar arasında ünsiyyət üçün səmərəli sahədir.
4-cü sual. İnsanlar birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və münasibətlərə girir, əməkdaşlıq edirlər. Qarşılıqlı təsir təsir edəndən, təsirə məruz qalandan, təsiri təmin edən vasitələrdən, təsirin insan davranışında əmələ gətirdiyi dəyişiklikdən, daha doğrusu təsirin nəticəsindən ibarətdir. Bu baxımdan istər nəzəri, istərsə də praktik məqsədlər üçün onların əsas tiplərinin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müxtəlif təsnifatlar məlumdur. Onların əksəriyyəti dixotomik xarakter daşıyır: insanların qarşılıqlı təsiri bir-birinə əks olan tiplərə bölünür. Qərb psixologiyasında müxtəlif müəlliflər qarşılıqlı təsirin bu iki tipin «kooperasiya-rəqabət» «razılaşma-münaqişə», «uyğunlaşma- müxalifət», «assosiasiya-dissosiasiya» kimi terminlərlə ifadə edirlər.
Birinci halda qarşılıqlı təsirin «pozitiv» növləri təhlil olunur: onlar bu baxımdan birgə fəaliyyətin təşkilinə kömək göstərirlər. Qarşılıqlı təsirin «neqativ» növlərini isə ikinci tipə daxil edirlər: onlar birgə fəaliyyəti bu və ya digər dərəcədə «zəiflədir», «pozur», həmin fəaliyyət üçün müəyyən çətinliklər yaradır.

5-cü sual. Ünsiyyət insanların bir-birini qavramasından başlayır. Qavrayışın bu növü psixologiyada sosial persepsiya adlanır. Bu sahədə tədqiqatlar əsasən iki istiqamətdə aparılır: 1) sosial persepsiyanın məzmununun öyrənilməsi: 2) şəxsiyyətlərarası qavrayışın mexanizmləri, onu müşayiət edən vasitələrin və s.-nin öyrənilməsi. Şəxsiyyətlərarası qavrayışda insanın fiziki siması, ifadəli hərəkətləri və geyim xüsusiyyətləri əks olunur. Sosial persepsiyanın məzmunu həm qavrayış obyəktinin həm də qavrayış subyektinin xüsusiyyətlərindən asılıdır. Çünki o istər-istəməz iki şəxs arasında baş verən qarşılıqlı təsir prosesidir.
Sosial-psixoloji tədqiqatlar göstərir ki, insanlar bir-birini qavrayarkən, bir tərəfdən, özlərinin fiziki simasını, digər tərəfdən sosial simanı qavrayırlar.
Fiziki simanın qavranılmasında sifət mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də ağızla göz sahəsindəki məsafə ən ifadəli hərəkətlərin məkanıdır. Bu sahəyə mimika zonası deyilir.
Sosial sima ilk növbədə, insanın geyim xüsusiyyətləri, bəzək-düzəyi və s. aksessuarları vasitəsilə qavranılır.
İnsanlar qavrayış prosesində bir-birlərini müxtəlif sosial etalon və stereotiplər baxımından qiymətləndirirlər. Etalon fransız sözü olub ölçü nümunəsi deməkdir. İnsanlar müxtəlif fiziki obyektlərlə yanaşı sosial obyəktləri də qiymətləndirərkən müəyyən etalonlardan istifadə edirlər. Sosial etalonlar müxtəlifdir. Kişilik və qadınlıq etalonlarını buna misal göstərmək olar.
İnsanların bir-birini qavraması prosesində sosial stereotiplərin də öz rolu var. Stereotiplər müəyyən bir irqə, millətə, peşəyə və s. mənsub olan adamlar, qruplar haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi meydana çıxır.
Refleksiya geniş anlayışdır. Refleksiya dedikdə, birinci növbədə, insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla münasibətlərini görmək bacarığını, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa refleksiya - başqa adamların sənə necə münasibət bəslədiyini, necə yanaşdığını, onların səni necə başa düşdüklərini görmək və dərk etmək deməkdir.
İnsan başqalarının davranışının səbəblərini özünəməxsus tərzdə izah edirsə, bu tip proseslər «kauzal atribusiya» adlanır. Psixoloji tədqiqatlar göstərir ki, qavranılan adamın tam surətinin yaranması daha çox qavrayanın fərdi xüsusiyyətlərindən, onun emosional halından, qavradığı adama fərdi münasibətindən, həyat təcrübəsindən, aldığı informasiyanın nəinki məzmunundan, həm də miqdarından və s. asılıdır.
Şəxsiyyətlərarası qavrayış sahəsində müəyyən effektlər vardır: «Oreol effekti» və «yenilik effekti» vardır.
O r e o l effektinin mahiyyəti ondan ibarətdir ki, biz hər hansı bir adamı yaxşı adam kimi tanıdıqda sonralar onun nöqsanlarını adətən görmürük, davranışını, əməllərini, eləcə də ayrı-ayrı keyfiyyətlərini yaranmış ilk xoş təəssürat əsasında qiymətləndiririk və əksinə, adam yeni kollektivdə, qonşular arasında özünün pis adam kimi tanıtdıqda, onun hətta yaxşı əməllərinə də inanılmır.
Y e n i l i k effekti isə tanıdığımız və tanımadığımız adamlar haqqındakı informasiyanın əhəmiyyəti ilə bağlıdır. Müəyyən edilmişdir ki, tanımadığımız adamın davranışını izah edərkən adətən onun haqqında bizə məlum olan ilk informasiyaya əsaslanırıq.
6-cı sual. Ünsiyyət prosesində müəyyən çətinliklər müşahidə olunur. Onlar adətən sosial və psixoloji xarakter daşıyır. Bu çətinliklər şəxsin müəyyən fərdi - psixoloji xüsusiyyətlərə malik olmasından irəli gəlir. Psixoloqların fikrincə, ünsiyyət prosesində əmələ gələn çətinlikləri aradan qaldırmaq üçün adamlarda ünsiyyət vərdişlərini aşılamaq və ünsiyyət mədəniyyətini artırmaq lazımdır. Müasir dövrdə ünsiyyət vərdişlərini aşılamağın təsirli vasitəsi kimi sosial- psixoloji treninqdən istifadə olunur.
Sosial psixoloji treninq sosial psixologiyanın tətbiqi məsələlərindən biridir. Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir. Sosial- psixoloji treninq prosesində başlıca vasitə kimi müxtəlif modifikasiyalarda tətbiq edilən qrup diskussiyasından və rollu oyunlardan istifadə olunur.
Ünsiyyət prosesində insanlar bir-birinə müxtəlif yollarla psixoloji təsir göstərirlər. Sosial psixologiyada bir ənənə olaraq psixoloji sirayət, təlqin, inandırma, təqlid kimi vasitələri fərqləndirirlər. Bir çox hallarda şayiə, moda kimi xüsusi fenomenlər də psixoloji təsir vasitələri sırasında nəzərdən keçirilir.


Tarix: 27.11.2014 / 11:43 Müəllif: Aziza Baxılıb: 351 Bölmə: Ümumi Psixologiya
loading...