Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətləri

Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yal­nız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əla­qə yaratmaq imkanı verir. İkinci həftənin axırla­rında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqə­sini bir növ asanlaşdırır.
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksi­yalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilava­sitə qarşılıqlı təsir prosesində intensiv imkan­ları əldə edir. Körpəlik dövründə böyüklərlə bila­vasitə - emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, hərəki vərdişlər sürətlə formalaşmağa başlayır. Bir il ərzində uşağın hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir. Bu dövrdə uşaqlarda hərəki vərdişlər, xüsusilə əlin və ayağın mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq oturmağı, iməkləməyi, ayaq üstə dur­mağı və nəhayət böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların sayəsində uşağın ətraf aləm haq­qında müvafiq məlumatlar əldə etməsi asanlaşır. Nəticədə kör­pədə xarici aləm haqqında təsəvvürlər formalaşmağa başlayır.
Körpəlik dövründə uşaqda temperatur, lamisə, görmə, iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir. Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-dörd aya qədər onun görməsi nisbətən zəif olur.
İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq­ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır. İki-üç aylıq körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir. Bu canlanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yaşlıların uşaqla intensiv emosional ünsiyyəti uşağın psixi inkişafına müsbət təsir etdiyi halda, laqeyd, ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.
Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur. Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, mimikası xoş, fərəhli, səsi isə cəlbedici, emosional xarakter daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşa­ğın həyatının ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm, qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sistem halında birləşir və eyni vaxtda baş verir.
Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın şəkildə göstərirlər ki, onlar yalnız tanış adamları, adətən, ailə üzvlərini görmək, eşitmək və onlarla ünsiy­yətdə olmağa üstünlük verirlər.
Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür, eyni zamanda tək-tək hecaları və sözləri tələffüz edə bilir.
Körpədə hafizənin təşəkkülü şərti refleks­lərin meydana gəlməsi ilə əlaqədar baş verir. Uşaq ilk dəfə ancaq həyatında mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri tanıyır. 5-6 aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar. 7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.
Uşaqlarda emosiyalar çox erkən müşahidə olu­nur. Bununla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.

Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri ilə fərq­lənir. Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uşaq nitqin fonetik quruluşuna, yiyə­lənməyə başlayır, getdikcə söz ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 aylıqdan başlayaraq uşaq ayrı-ayrı sözləri cümlədə birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır. Bunu ümumiləşdirmənin ilkin mərhələsi kimi qeyd etmək mümkündür. Bu dövr­də psixikanın əsas formaları olan hafizə (tanıma şəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayış fəal şəkildə inkişaf etməyə başlayır. İkinci yaş­da uşaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü yaşda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə yanaşı qavranılmış əşyaların xatırlanması da inkişaf edir.
Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq təfəkkür, xüsusilə əyani-əməli təfək­kür də inkişaf edir. Lakin bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uşaqla­rın fikri fəaliyyəti əsasən konkret cisim və hadi­sələrlə bağlı olur. Erkən uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir. Uşağın böyüklər­lə nitq ünsiyyəti burada mühüm rol oynayır. Söz siq­nalları uşağın diqqətinin müəyyən obyektə yönəlmə­sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiq­liyinə əsaslı təsir göstərir. Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin inkişafı üçün şərait yaranır.
Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Nəticədə uşaqda ixtiyari qavrayı­şın - müşahidənin inkişafı üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil etmə­si əsas rol oynayır.

Erkən uşaqlıq dövründə müstəqillik meyli­nin formalaşması. Erkən uşaqlıq dövründə uşaq­larda şəxsiyyətin inkişafı üçün də zəmin yaranmış olur. Uşaq özünü başqa əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yara­nır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır. Bu­nunla bağlı olaraq ilk yaş “böhranı”, “üç yaşın böh­ranı” özünü büruzə verir. Uşaq “mən” kəlməsini iş­lətməklə özünün müstəqilliyə olan meylini büruzə verir; onda mənlik şüurunun ibtidai forması müşa­hidə olunur. Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır.
Uşağın psixi inkişafında ilk “yaş böhranı” böyüklərlə qarşılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyətlər ha­lında diqqəti cəlb edir. Uşağın müs­təqil olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla mü­qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı” haqqında aydın təsəvvür yaradır.
Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəst­liyini lazımi şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan qaldırıla bilər.


Tarix: 27.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Ümumi Psixologiya
loading...