Uğura aparan yolda düşmənlik yoxdur, dostluq var; kin və nifrət yoxdur, sevgi və xoşgörü var.
Küsməyəcəksən. Dözəcəksən. İllər əvvəl yaddaşıma yazdığım dəyərli bir ifadə var: həyatın çətinlikləri və məşəqqətləri qarşısında qalib olmaq üçün yeganə yol nə dostdan, nə də düşməndən küsməməkdir, hər şəraitdə dözüm və iradə nümayiş etdirməkdir. Uğura aparan yolda düşmənlik yoxdur, dostluq var; kin və nifrət yoxdur, sevgi və xoşgörü var.
Yolları çox sürüşkən və təhlükəli olan bir dünyada yaşayırıq. Hər anımız təhlükəlidir. Çünki hər an hər cür qəzaya, sıxıntıya məruz qala bilərik. Baş verən hadisələri yalnız öz məntiqimizlə izah etməyə çalışsaq, yanılma ehtimalımız da artar. Halbuki həyatımızı real gerçəkliklər üzərində qursaq və istiqamətləndirsək, həm dünyanın, həm də axirətin səadət qapıları üzümüzə taybatay açılar.
Ağıl və məntiqimizi məhkum edib duyğularımızla hərəkət etsək, ədaləti və əxlaqı iflasa uğradarıq. İnsan özünə başqalarının nəzərləri ilə baxmalıdır. Çünki insan öz qüsurlarını, əyər-əskikliklərini görmür və görmək də istəmir. Başqaları ilə münasibətdə də özünü o adamın yerinə qoyaraq davranmalıdır: öz canı, malı və namusu nə qədər qiymətlidirsə, başqasının canı, malı və namusu ən azı o qədər qiymətli, dəyərlidir və müqəddəsdir. İnsan daim məhz bu süur içində olmalıdır.
Zaman qurtum-qurtum gəncliyimizi və ömrümüzü udmaqdadır. Hər an sevdiklərimizdən və dünyadan uzaqlaşmaqdayıq. Vaxtımızı heçə sərf etmədən və fürsətləri qaçırmadan vəziyyəti doğru qiymətləndirməli, keçmişi düzgün dəyərləndirib gələcəyimizi çox yaxşı planlaşdırmalıyıq.
Planlarımızın mərkəzində vəzifə və səlahiyyət niyyəti dayanmamalıdır. Hər məqsədimizi əxlaq eroziyasına məruz qalan, sıxıntı və zülm altında qıvrılan, əziyyət çəkən, addımbaşı hüquqları pozulan insanlığın səadəti və rifahına uyğunlaşdırmalıyıq. Cılız istək və arzular bizi əsir almamalıdır, boynumuza cilov taxıb arxasınca aparmamalıdır. Nəinki dünya, heç axirət düşüncəmiz belə, bizi eqoizmə sürükləməməlidir. “Təki mən Cənnətə gedim, digərləri öz başlarına çarə qılsınlar“ düşüncəsi ilə Haqq rizasını qazanmaq əsla mümkün deyil. Mənfəətpərəstlik, şan-şöhrət düşkünlüyü kimi azğınlıqlara düçar olmamalıyıq.
Haqq sahibinə haqqı verilməli, haqq sahibi də haqqını almalıdır. Ancaq haqq təmin edilərkən haqsızlığa da rəvac verilməməlidir. Yalnız haqsızlığa aparmayan yol ədalətlidir. Ola bilər ki, ətrafımızda baş verənlər könlümüzə uyğun deyil, canımızı sıxır. Bunları da səbirlə qarşılamaq gərəkdir. Baxın, Allahın yaratdığı dünyada Ona qarşı belə haqsızlıqlar olur, ən ali səbir edən - Sabur olan Allahın bu haqsızlıqları bir anda ortadan qaldırmağa qüdrəti çatdığı halda gözləyir. Demək ki, bunda da bir hikmət var...
Başımıza hər cür müsibətlər də gələ bilər: ağır xəstəliklərə düçar ola bilərik, ən çox sevdiyimiz insanı itirə bilərik. Bu, tamamilə normaldır. Belə müsibətlərə qarşı üsyan etməklə heç nə qazanmayacağıq.
Həyat çox həssas tarazlıq üzərində qurulub: qazanmaq və itirmək. Seçimlərimiz ağıl və məntiqə əsaslanarsa, daim qazanclı olacağıq. İnsan iradəsini inancı ila gücləndirərək, bir çox çətinlikləri və maneələri asanlıqla dəf edə bilər.
Xülasə, yolların ayrıldığı yerdəyik. Bizim yolumuz məşəqqətli və sıxıntılıdır. Əlbəttə ki, çətindir. Qəhrəmanlar da məhz çətinliklərə sinə gərənlərdir. Bu həyatda büdrəməmək üçün qəlb, könül və milli birlik içərisində olmalıyıq. Digər yol zahirən çox parlaq və rahat görünür. İnsani zəifliklərimiz bizi bu yola sürükləyir.
İndi vəfalı olmaq lazımdır. Düz yolda hər kəs yürüyə bilər. Əsl uğur və qəhrəmanlıq sıldırım qayalar üzərində yıxılmadan yürüməkdir.
Tarix: 05.12.2014 / 15:35 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Ümumi Psixologiya