Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏN NİYƏ EVLƏNİRƏM?

Evlənmək iki əks cins insanın bir araya gəlib ailə qurmağı deməkdir. Yaradılış iki cinsdən ibarətdir. Kişi və qadın. Hər cins ayrı-ayrılıqda natamamlıq təşkil edir. Yəni iki cins bir yerdə vəhdət meydana gətirir. Tarix boyu evlənmək haqqında müxtəlif cür mülahizələr mövcud olmuşdur. Şübhəsiz ki, hal-hazırdakı yaşadığımız zaman da keçmişdən geri qalmayıb. Əksinə, evlənməyin artıq məsuliyyət, yük olduğunu isbat etməyə çalışanlar az deyildir. Amma bu qəbildən olanlar nə qədər çalışsalar da, bu ilahi nizamın qarşısında mütləq diz çökürlər. Bəziləri etiraf edir, bəziləri isə təkəbbürdən məğlub olduğunu boynuna almır. Amma qəlbində məğlub olduğunu gözəl bilir.

Evlənmək, ailə qurmaq kiçik dövlət qurmaq deməkdir deyirlər, amma məncə elə böyük dövlət, cəmiyyət qurmaq ailə qurmağın tam özüdür. Çünki cəmiyyətin özülü, nüvəsi ailədir. Yəni özül zəif olarsa, o bina çökməyə məhkumdur. Deməli özüldə, fundamentdə çox diqqətli olmalıyıq ki, sonradan peşmançılıq çəkməyək.

Dünyada gördüyümüz hər bir insan bu və ya digər formada iki nəfərin evlənməsindən, ailə qurmasından meydana gəlmişdir. Hər kəsin aldığı tərbiyə daim onunladır. Nə qədər savadlı fərdlər olarsa, o qədər də ağıllı, dəyərli övladlar tərbiyə olunacaqdır. Belə bir nəticəyə gələ bilərik ki, evlənməyin, ailə qurmağın əsl mənası düzgün övlad tərbiyə etməkdir. Yəni əvvəldə qeyd etdiyimiz vəhdəti, bütövlüyü iki fərqli qadınla kişi evlənmədən də qura bilər. Dost və ya rəfiqə olaraq fikirlərini bölüşə bilər, darıxdıqda bir yerdə söhbətləşə, məsləhət edə bilər, hətta cinsi ehtiyaclarını qarşılaya bilər, amma ailə qurmamaq şərti ilə. Yəni müasir qərbdə daha çox eşitdiyimiz iki əks cinsin ənənəvi yoldaşlıq, dostluq münasibəti formasında.

Bu zaman nə olar? O olar ki, artıq nəsil artımı zəifləyər, eqoizm, fərdiyyətçilik çoxalar, insanlar həddindən artıq sərbəstlik qazanar, yaşama, yaradılışa baxışı öz təbii xəttindən daha da uzaqlaşar. Bunun bariz nümunəsini hal-hazırda dünyadakı bəzi Qərb dövlətlərində görə bilərik. İnsanlar, xüsusilə qadınlar evlənməyin mənasız bir yük, məsuliyyət olduğunu cazibədar bir tərzdə iddia edirlər. Əslində ənənəvi bir iş, karyera xanımına görə ilk baxışdan bu fikirlərə bəraət qazandırmaq olar. Yəni “işim var, şəxsi avtomobilim var, təhsilim var. İstədiyim zaman təbii ehtiyaclarımı sərbəst olaraq bu və ya digər formada ödəyirəm. Daha nə istəyirəm?” deyir. “Niyə kişinin sözünü götürməliyəm? Niyə tabe olmalıyam? Niyə övlad dünyaya gətirib bədən formamı pozmalıyam?” kimi yanaşmalarla özünə bəraət qazandırır.

Təəssüf ki, bu yanaşmanın yanlış olduğunu artıq anlayanlar yana-yana anladı. Bu şəkildə olan dövlətlər artıq əhali azalmasından təhlükəyə düşdülər. Hər vəchlə ordan-burdan öz ölkələrinə insanları yığmağa başladılar. Hal-hazırda da bu kampaniyalar davam edir. Xüsusilə şərqin kasıb cəmiyyətlərindən insanları öz ölkələrinə şirnikləşdirib aparırlar, qohumluq əlaqələri bərpa edir və beləliklə əhali azalmasından müəyyən mənada qurtulmuş olurlar.

Yenə də həmişəki kimi şərq sağ olsun. Xam bazadır da. Amma bunu təkəbbürlüklərindən dildə deməzlər. Qətiyyən deməzlər. Təqdimatda, tanıtımda bizdə hər şey güllük-gülüstanlıq deyirlər. Çünki sərf etməz onlara. Şüuraltı hər şeyi gözəl bilsələr də, hər zaman dildə, kitabda, konfransda şərq insanını qürurqırıcı formada təhqir edərlər, “onlar geri qalmış avamdır” deyərlər. Təbii ki, bir az düşüncə bunların iç üzünü darmadağın edir.

Təbii ki, evlənməyə də hazır olmaq gərəkdir. Yəni istər mənəvi, istər də maddi tərəfdən. Dünyamızda onsuz da kifayət qədər savadlı olmayan ailələr və onların tərbiyə etdikləri uğursuz insanlar vardır. Cəmiyyətin ziyalılarının, müəllimlərinin üzərinə düşən öhdəlik sözsüz ki, ciddi valideyn olmağı aşılamaq, təfəkkürlə ailə qurmağı, şərait və durumundan asılı olaraq övlad sayını nizamlamağı təbliğ etmək olmalıdır.

Ailə qurarkən çox zaman gənclər tərəddüd içində olarlar. Çünki hər iki tərəfin verəcəyi qərar olduqca ciddi qərardır. Məhz ona görə də evlənəcəyin insanı müəyyən edərkən hisslərlə, nəfsani halla qərar vermək çox böyük yanlışlıq hesab olunur. Bu seçim mərhələsində hisslərlə qərar verənlər, evlənməyi tam dərk etməyənlər olur. Bu hal əslində çox təbii haldır. İstər oğlan, istərsə də qız təcrübəsi olan təfəkkürlü insanlardan məsləhət almalıdırlar. Valideynlər, ustadlar, müəllimlər öz təcrübələrini cavanlarla obyektiv olaraq bölüşməyi özlərinə borc bilməlidirlər.

Əziz İslam Peyğəmbərinin (s) bir hədisi vardır: “Bir kişi bir qadınla 4 xüsusiyyətinə görə evlənər:

1. Malının çoxluğuna

2. Adlı-sanlı nəsildən olduğuna,

3. Xarici görünüşünə,

4. Təqvasına (ağıl, əxlaq, iman, əqidə və s. ).



“Sizlərə 4-cü kateqoriyanı tövsiyə edirəm” buyurmuşdur, Allahın Rəsulu (s).



Həqiqətən də çox ciddi hədisdir.

Adətən gənclər ya xarici görünüşə aldanırlar, ya da tam kənara qoyurlar. Çünki xarici görünüş hər zaman insanları aldatmışdır. Adından da bəllidir “xarici görünüş”. Adətən oğlanlar qızların xarici görünüşünə aldanırlar. Qızlarda bu o qədər də qabarıq deyildir. Məşhur bir söz vardır: “Qadınlar qulaqlarıyla, kişilər isə gözləriylə sevərlər”. Məsələn, xarici görünüşcə çox gözəl yaradılmış bir qıza heç də gözəl olmayan bir oğlan gözəl kəlmələr, ifadələr, məftunedici eşqnamələr söyləyərsə, rahatlıqla qarşı tərəfi özünə bağlayacaqdır. Bu zaman da o qız üçün qarşı tərəfin xarici görünüşü özü də bilmədən ikinci və ya üçüncü plana düşəcəkdir. Çünki o artıq gözəl sözlərə aldanmışdır.

Amma bunun tərsi çətin olan haldır. Səbəbi oğlanların ilk növbədə xarici görünüşə baxmasıdır. Bu fitri xüsusiyyəti düzgün tənzimləmədikdə çox zaman səhv qərar verməyə gətirib çıxarır. Yəni dərin düşüncəli olmayanlar zahirə tez aldanır, sonradan da peşmançılıq çəkir ki, kaş vaxtında öz hisslərimə aldanmayaydım. Və ya bunu da bir cavanlıq səhvi hesab edib, öz ailəsinə səthi yanaşır, beləliklə həmin aldandığı zahiri görünüş də onun gözündə dəyərsizləşir, tədricən beynində müxtəlif fikirlər olur, boşanmalar, qeyri-qanuni evliliklər və s. baş verir. Bu zaman da ən çox əziyyət çəkən dünyaya gələn övladlar olur.

Evlənərkən ən düzgünü isə həm ağlın, həm də xarici gözəlliyin orta həddidir. Yəni yuxarıdakı hədis xarici görünüşü tamamilə sıfıra endirmir, fəqət qərar verərkən ən üstün meyar olmadığını vurğulayır. Sözsüz ki, insanların dərəcələri müxtəlifdir. Xarici görünüşdən bir-birilərini bəyənmələri mühümdür. Əks halda insan riya edər, özünü olmadığı kimi göstərər və nəticəsi də yaxşı olmaya bilər. Yəni hər kəs evlənərkən olduğu həqiqi dərəcəsinə görə qərarını verməlidir ki, sonradan balans pozulmasın. Çünki evlənmək auditoriya deyildir ki, bütün gün bir tərəf digərini oturtsun qarşına dərs keçsin, diktə etsin. Evlənmək birlikdə zirvələrə doğru bir-birinə enerji, mətnlik, ciddiyyət və motivasiya verərək qalxmaqdır. Düzdür, hər iki tərəf bir-birindən bir şeylər öyrənir, amma əsas olan aralarındakı tarazlıqdır ki, əl-ələ verib daha da irəli getsinlər. Belə olmazsa bir tərəf zəifləyəcək, digər tərəf də qatlanacaq.

Yoxsa biri deyir, qoy evlənək mən ona hər şeyi başa salacam, problem yoxdur. Amma düşünmür ki, bu həqiqət olmaya da bilər. Yəni qarşı tərəfin mənəvi-psixoloji durumu buna hazır olmalıdır. Sən 25 ildə qazandığın əxlaqı, dəyərləri ona 1 ayda, 3 ayda, 1 ildə necə öyrədəcəksən? Öyrətmək olar, nəticəsi də olar, amma hər zaman belə olmur. Olsa da riya, yolavermə halları olur. Bir halda ki, insan təkamüllə, pillə-pillə, dərəcələrlə irəliləyir.

Sonda hər bir gəncə ailə qurarkən “Mən niyə evlənirəm” sualını özünə verməyi və diqqətlə təhlillər aparmağı tövsiyə edirik.


Tarix: 05.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: Ümumi Psixologiya
loading...