Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumruq..

Deyilənə görə, İsaak Nyuton doğulanda o qədər zəif olub ki, sağ qalacağına heç kəs inanmayıb. Sən demə, fiziki baxımdan cılız şagird olan Nyutonu elmin göylərinə ucaldan, onu dünyanın ən dahi insanlarından biri halına gətirən əsas səbəblərdən biri sinif yoldaşının onun qarnına yumruq vurması olub.
Bir dəfə dərsini danışan Nyutonu müəllim tərifləyir. Bunu həzm edə bilməyən sinif yoldaşı bir daha dərs öyrənməməsi üçün İsaakın qarnına möhkəm bir yumruq vurur. Yumruq vuran uşaq məktəbin ən yaxşı şagirdi idi və istəmirdi ki, heç kəs onu ötsün.
Uşaqlıq illərində hansımızın qarnına yumruq dəyməyib ki? Ancaq heç birimiz Nyuton ola bilməmişik. Bilirsinizmi niyə? Bizlərə yumruq dəyəndə ya iki bükülü olub ağlamışıq, ya müəllimimizə şikayət edib, bizə yumruq vuranı cəzalandırmışıq, ya da fürsət düşən kimi yumruğu sahibinə qaytarmışıq. Nyuton isə bunların heç birini etməyib. O, rəqibindən öz qisasını daha yaxşı oxumaqla, yüksək qiymətlər almaqla çıxıb. Qısa müddətdə o, məktəbin ən yaxşı şagirdi ola bilib.

Düşməndən qisas almaq üçün təkcə yumruq, güc deyil, ağıl, zəka da lazımdır. Səriştə və iradə dərinliyi olmadan həyatı dəyişmək olmur. Nyuton o yumruqdan nəticə çıxara bilməsəydi, bəlkə də, dahi olmayacaqdı...

Ölkələrin, millətlərin də həyatı belədir. Darmadağın edilmiş Almaniyanın dirçəlişi, ğünümüzdə eyni zamanda ən böyük fəlakətlərlə üz-üzə dayanmış Yaponiyanın təmkinli davranışı Nyutonu göylərə ucaldan yumruqdan geri qalmır.

Görkəmli insanlarımızın həyatları ilə yanaşı, ölkəmizin tarixi də taleyüklü hadisələrlə doludur. “Gülüstan” müqaviləsindən tutmuş, 20 Yanvaracan qarnımıza dəyən yumruqları saymaqla bitməz...

Qanlı Yanvarın şahidlərindən olaraq, mən bu qənaətə gəlmişdim ki, bu torpaqda yaşayan insanlar belə böyük faciədən sonra bir-birilərinə ölkəmizin adını əzizləşdirən “can” kəlməsindən başqa, söz söyləməyəcəklər. Yaralarından sellənən qanını özü silən, fəryadını özündən başqa heç kəsin eşitmədiyi ölkənin vətəndaşları yumruq kimi birləşib, məlum düşmənə həddini bildirəcəklər. Lakin ümidlərimiz boşa çıxdı. Dövlətçiliyimiz, ərazi bütövlüyümüz olum və ya ölüm dilemması ilə üz-üzə dayandı. Sabitlik dövründə isə məmurlarımız rüşvət xəstəliyinə tutuldular...

Məktəblərdə aşılanan vətənpərvərlik, düzlük, doğruluq, halallıq prinsipləri gənclərin müstəqil həyata atdıqları ilk addımdaca alt-üst olur. Şəxsiyyət vəsiqəsi atalarının malı kimi dövlət rüsumundan dəfələrlə bahasına satıldı gənc vətəndaşlara. Bununla da saf, təmiz vicdana rüşvət toxumu səpildi ki, biabırçılığımızın miqyası bir az da böyüsün, başqa sözlə desək, palaza bürünüb el ilə sürünmək həyat normasına çevrilsin. Mən hələ yaşlı vətəndaşların üzləşdikləri bürokratik problemlərdən danışmıram...

yumruq kimi olaq,yumruğumuzu cəmləyək
Müəllimlər gəncləri daha gözəl gələcəyimizə inandırmaq üçün ən çətin teoremlərin isbatından qat-qat çox əziyyət çəkirdilər. Nə yaxşı ki, dediklərimiz havada qalmadı. Prezidentimizin antikorrupsiya siyasəti Azərbaycan vətəndaşlarının layiq olduqları həyat normalarından bəhrələnmələrinə əngəl törədənlərə sarsılmaz zərbə oldu. Bu tədbiri nəsihət kimi də qəbul edənlər var, müsibət kimi də... Nyuton bircə yumruqla özünü toparlayıb tarixdə adını əbədiləşdirdi. Rəhmətlik Nəcib Fazil Qısakürək demişkən, “bir yumurtasını bişirmək üçün dünyanı atəşə verə biləcək insanların” gözləri qarşısında başımıza gəlməyən bəlalar qalmadığı halda, bizlər özümüzü dəyişdirə bilməyəcəyikmi?.. Həmişə başqalarını nümunə göstərmişik. Qoy bundan belə özümüz özümüzə nümunə olaq.

Nyutona qədər budaqdan alma düşməmişdimi və ya onun düşdüyünü görən olmamışdımı? Sadəcə olaraq, bu sual heç kəsi narahat etməmişdi: budaqdan asılan alma yerə düşür, heç bir şeydən asılmayan günəş və ay niyə düşmür? Yəni məmurlar bilmirdilər ki, saysız-hesabsız haqsızlıqlara məruz qalmış bir xalqa qarşı haqsızlıq edirlər, yoxsa özləri bu xalqın nümayəndələri deyildilər? Bəzi insanların belə məmurlar haqqında: - Bunlar ermənidən betərdirlər, - dediklərini dəfələrlə eşitmişık. Bir az da açıq desək, başqa ölkələrin məmurları rüşvətsiz yaşaya bilir, bizimkilər yaşaya bilməzlər?

Kim istəyir yaşasın, kim istəyir yaşamasın. Qətiyyətlə bəyan edildiyi kimi, başlanmış antikorrupsiya siyasəti kampaniya deyil, sivil yaşam standartının bərpası uğrunda mübarizədir. Bu işdə hamımız əsl vətəndaş kimi fəal iştirak etməliyik. Bu, hər kəsin vəzifəsi və haqqıdır. Biz dəyişə bilsək, çox şey bizim xeyrimizə dəyişəcək...
Bir hekayətdə deyilir ki, qədimdə öz gücünə, qüdrətinə güvənən bir ordu başqa bir ölkəni işğal etmək üçün sərhədi keçir. Ordu başçısı hücum etdiyi ölkənin ilk sakini - bir çobanla rastlaşır və çobanın simasında bu ölkənin insanlarını tanımaq məqsədi ilə ondan bir qoyun istəyir. Çoban sürünün ozünün olmadığını bildirir. Bu dəfə ordu başçısı pul təklif edir. Çoban yenə razılaşmır. Ordu başçısı məsləhət görür: “Deyərsən ki, canavar tutdu. Çölün düzündə səni kim görür ki?!” Halal çoban var gücü ilə: “Allah! Allah! Allah!” - hayqırır. Ordu başçısı həyəcandan az qalır ki, huşunu itirib, atdan yıxılsın. Özünü ələ alıb, ordusuna geri çəkilməyi əmr edir. Səbəbini soruşanlara: - Bir ölkənin ki çobanı Allahdan bu qədər qorxur, bu dərəcədə halaldır, o ölkəni məğlub etmək olmaz! - cavabını verir.

Sökmək, dağıtmaq asandır, qurmaq, tikmək çətin; yandırmaq asandır, söndürmək çətin. Ərəb ölkələrində illər boyunca tikilənləri həm özləri, həm də çağırılmamış qonaqlar yerlə yeksan edirlər. Ərəb dünyasını körükləyib alovlandıranlar onu söndürmək üçün su yerinə yağdan istifadə edirlər. Bu tərəfsiz müharibədə ərəbin keçmişi yaşlıları ilə, bu günü gəncləri ilə, sabahı da uşaqları ilə qətlə yetirilir. Yetimə “can” deyən çox olsa da, çörək verən tapılmaz. Yaponlar Yaponiyadakı AES-i söndürəcək, bəlkə radiasiyaya məruz qalan vətəndaşlarının sağlamlığını da bərpa edə biləcəklər. Yanmaqda olan ərəb dünyasını kim və nə zaman söndürə biləcək, bir Allah bilir.

Yumruq kimi birləşək ki, yumruqlanmayaq, yumulmayaq, əzilməyək. Nyutonu yumruq dahi edibsə də, ehtiyatlı olmaq lazımdır. Hər keçəlin bəxti bir olmaz!


Tarix: 05.12.2014 / 15:28 Müəllif: Aziza Baxılıb: 303 Bölmə: Ümumi Psixologiya
loading...