Samuel Butler; «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna bənzəyir. Birinci etap məktəb həyatı, ikinci etap isə həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq, ömrümüzün dörddə biri məktəb həyatında, dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi insanı həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi olduğu halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir? Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır. Buna görə məktəb həyatı ilə həyat məktəbi arasındakı fərqlərdən çaşqın biri oluruq.
Məktəb həyatı ilə həyat məktəbi arasındakı 7 əsas fərq bunlardır:
1. Məktəb həyatında imtahanlar, əvvəlcədən xəbər verilərək edilir və qiymətimiz üzümüzə deyilir. Halbuki həyat məktəbində insanlar bizi xəbərsizcə «imtahana çəkir» və mühakimələrini, ümumiyyətlə gizli saxlayırlar.
2. Məktəb həyatında izah edilməyən mövzudan sual soruşulmur, həyat məktəbində sual oluna biləcək hər mövzuya hazır olmalısınız.
3. Məktəb həyatında qiymətiniz «obyektiv» rəqəmlərlə qiymət kitabçanıza yazılardı. Halbuki həyat məktəbində, subyektiv mühakimələrlə «qiymətləndirilirik».
4. Məktəb həyatında sualların tək doğru cavabı var idi. Həyat məktəbində adama görə dəyişən doğru cavabları bilməlisiniz.
5. Məktəb həyatında olduğumuz sinifdən daha aşağı sinfə qayıtmaq olmur. Həyat məktəbində müvəffəqiyyətsiz olduqda " aşağı siniflərə qayıtmaq" mümkündür!
6. Məktəb həyatında əvvəl dərslərimizi öyrənər, sonra imtahana girərdik. Həyat məktəbində əvvəl imtahana çəkilib sonra «dərsimizi alırıq».
7. Məktəb həyatında bir dərsdən sinifdə qalanlara "əlavə imtahan haqqı" verilərdi. Həyat məktəbində bir fürsəti qaçırıb son vaqona minməyənlər üçün "əlavə fürsət haqqı” yoxdur.
İstifadə qaydalarını bilmədən gəlirik həyata. Necə yaşayacağımızı yaşayarkən öyrənirik.
Yaşamaq istədiyimiz həyat, yaşadığımız həyat və yaşamalı olduğumuz həyatın daxili bucaqlarının cəmindən qarışıq bir həyat çıxır qarşımıza.
Fransız filosof Jan Jak Russo deyir ki; «Bir çox insan riyaziyyatın qanunlarını bilər və gözəl sənətlərin bir çoxunda bacarıq sahibidir. Lakin çox insan həyatı idarə edən qanunlarla, “yaşamaq sənəti” deyilən vacib sənət haqqında az şey bilir.»
Bir insan təyyarə düzəldə bilər və onunla bütün dünyanı səyyahət edər. Lakin necə xoşbəxt, uğurlu və məmnun olunacağını öyrədən o sadə sənəti bilmir. Sənətləri öyrənərkən siyahının ən başına “yaşamaq sənəti”ni qoymağı unutma!
Məktəb həyatında müvəffəqiyyətli ola bilən biri, niyə həyat məktəbində eyni nisbətdə müvəffəqiyyətli ola bilmir?
Mənə ən çox verilən suallardan biri, «məktəb həyatında müvəffəqiyyətli olanlar niyə həyat məktəbində də müvəffəqiyyət əldə edə bilmirlər?» Bəli, zirvədə gördüyümüz insanların əksəriyyəti imtahan birincisi deyil. Ən çox uğur qazanan iş adamları, qalib idmançılar, ən çox səs toplayan siyasətçilər, ən çox oxunan yazıçılar, ən çox bəyənilən televiziya ulduzlarının çoxu imtahan birincisi deyil. Bəs bu necə olur?
Bu sualın cavabı çox sadədir. Məktəb həyatında müvəffəqiyyət əldə etmək üçün bir-birindən fərqli sahələrdə, yəni tarixdən riyaziyyata, idman dərsindən fizika dərsinə qədər hər sahədə çox yaxşı olmanız lazımdır. Halbuki, həyat məktəbində, yalnız bir sahədə çox yaxşı olmağınız kifayətdir. Çox yaxşı bir futbolçu, riyaziyyatı bərbad olsa da, ölkəsinin yaxın tarixini bilməsə də yenə yaxşı bir futbolçudur.
Qısacası, məktəb həyatında dörd səhv bir doğrunu aparır. Həyat məktəbində isə bir doğru dörd səhvi!
Bir işdə ölkə səviyyəsində ən yaxşı olduğunuzda, bu müvəffəqiyyətiniz, baxan gözləri qamaşdırıb təəccüb doğuraraq, digər qüsurlarınızı örtər. Qüsurlarınız çox gözə batırsa, «gözqamaşdırıcı» bir iş bacarmanın vaxtı gəlmişdir!
Tarix: 05.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Psixologiya