Bu tip alışqanlıqlara ilk əvvəl ruh düşgünlüyünü qaldırmaq üçün üz tutulsa da sonra bu belə olmur.
Artıq bu alışqanlıq get-gedə məcburiyyətə dönür və içməmək əldə olmur. İçmək istəmir, amma bu onu əsəbi edir və aqressiya baş verir nəticədə ətrafa qarşı davranış daha da korlanır. Bu bir neçə dəfə belə davam edəndən sonra alkoqolik artıq içkini atmağı düşünür. İlk əvvəl alkoqoldan qurtulmaq xəstənin istəyilə başlasa da, bundan qurtulmaq üçün tək bu bəs etmir. Amma ətrafın ondan üz döndərməsi alkoqoliki tək başına bundan qurtula biləcəyinə inandırır.
Tək başına alkoqoldan qurtula bilməyən şəxs bir daha ruh düşgünlüyü yaşayır və ehtiyacı olduğu yaxınların yanında olmamalarını, üz döndərdiklərini görmək xəstəni daha da alkoqola tərəf çəkir. Qeyd etmək lazımdır ki, xəstənin istəyilə müalicə yalnız düşünülə bilər, müalicəyə başlamaq üçün xəstəyə yaxınları tərəfindən tam dəstək olunmalıdır.
İçki içməyə aludə olan fərdlərin içkidən əvvəlki sağlamlığını bacarıqlarını əldə etməsi,içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır.
Diqqət etmək lazımdır ki, əgər bir şəxs alkoqolik olacaq qədər spirtli içkidən istifadə edirsə, deyilən heç bir nəsihət və ya söz ona təsir etməyəcək. Bu halda səbrin aşması və bunun nəticəsində alkoqolik adamın acılanması əks təsir verə bilər, yəni daha çox alkoqola baş çəkə bilər. Bu isə dönülməz yola girməsinə səbəbolacaqdır. Ətrafdakılardan uzaqlaşıb tək qalmağı seçməsi, əvvəl içmək üçün bir yoldaş axtarırdısa da indi heç o yoldaşı da yanında istəməməsi kimi psixoloji dəyişiklərə səbəb ola bilər. Çox vaxt da bu intiharla nəticələnə bilir.
Spirtli içkidən istifadənin öz-özlüyündə sosial-təhlükəli hərəkət olmaması, onun xarakterik alkoqol xəstəliyi olmaması, içən adamın ailəsinə bilavasitə təhlükə törətməməsi haqqında geniş yayılmış ənənəvi fikirlər mövcuddur. Bununla belə təcrübə göstərir ki, məişət sərxoşluğu ailə kollektivinin sağlamlığına ağır zərbə yetirir. Alkoqolizmin şəxsiyyətə yetirdiyi hərtərəfli zərər tez və ya gec əyyaşın hamı tərəfindən inkar edilməsinə gətirib çıxarır, o, sifilis, cüzam kimi ağır xəstəliklərlə bir sıraya qoyula bilər. Bu xəstəliklərdə olduğu kimi fiziki cəhətdən təkcə xəstənin özü deyil, həm də onu yaxından əhatə edənlər də əziyyət çəkir, bütövlükdə onların həyat tərzi dəyişir.
Xronik alkoqolizm hallarında çox vaxt müxtəlif kəskin psixozlar baş verir. Psixozların ən çox yayılmış növlərindən biri alkoqol deliriliyidir (alkoqol psixozu). Deliriy bərk içmə dövrü ardınca spirtli içkilərdən imtina etmə zamanı baş verir. Xəstəlik xəstənin davranışlarının xüsusiyyətini müəyyən edən şüur pozğunluğu, səmtitirmə. Təlaş, vahimə, parlaq hədələyici xəyallar (görmə hallüsinasiyaları) və sayıqlamalarla xarakterizə olunur. Xəstə xəyali təqibedicilərdən xilas olaraq və ya əmredici xəyali “səslər” tabe olub ətrafındakı xəyali düşmənə təcavüz məqsədilə pəncərədən tullana bilər və ya sınmış şüşələrdən yaralana bilər. Xəstəlik uzun sürən yuxusuzluqla müşayiət olunur, belə ki, axşamlar və gecə vaxtı psixomotor coşqunluq (psixi oyanıqlıq) daha da şiddətlənir. Deliriy baş verdiyi zaman xəstənin üzərində bütün sutka ərzində müşahidə aparılır. Onun çarpayısı pəncərədən uzaqlaşdırılır. Hərəki həyəcanlanma şiddətləndikdə, xəstəni yatağında saxlamaq lazımdır. Deliriy, adətən, 3-4 gün davam edir, sağalma normal yuxu nəticəsində əldə edilir.
Xronik alkoqolizm fonunda deliriydən əlavə, kəskin və xronik eşitmə hallüsinasiyaları və sayıqlama psixozları da əmələ gəlir. Bunlar eşitmə hallüsinasiyalarının çox vaxt əmr, həqarət, pis söyüş və ya hədələmə şəklində olan xəyali «səslər»in eşidilməsi ilə xarakterizə olunur. Xəstə bu cür əmr və hərəkətlərin təsiri altında özünü öldürə və başqasına hücum edə bilər, hətta başqasını öldürə bilər. Sayıqlama təəssüratının məzmunu təqib və qısqanma ideya və hadisələrindən ibarət olur. Hər iki halda bu xəstələr ətrafdakılar üçün təhlükəli olmaqla — “təqibedicilər”, “xəyanət edən” qadın və ya kişilərə qarşı yönəldilmiş təcavüz hərəkətləri edə bilərlər, hətta onları vəhşicəsinə öldürə bilərlər.
Müalicədə məqsəd içkinin tam buraxılmasıdır. Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki içməməlidir.
Tarix: 27.11.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Ümumi Psixologiya